Rahim Hacıyev: “Biz yardım alanların kimliyini, kimlərin nəzarətində olduğunu və proyektləri necə yerinə yetirdiklərini araşdırsaq…”
Xəbər verdiyimiz kimi, KIVDF-nin Müşahidə Şurası müzakirələrin nəticəsi olaraq, “Azadlıq” qəzetinin monitorinq edilməsi və redaksiyanın təqdim etdiyi sənədlərin araşdırılması üçün Şura üzvləri Bəxtiyar Sadıqov, Vüqar Rəhimzadə və Müşfiq Ələsgərlidən ibarət Işçi qrupunun yaradılması barədə qərar qəbul edib. Işçi qrupun hazırlayacağı rəyə əsasən, növbəti müsabiqə dövründə “Azadlıq” qəzetinin müsabiqədə iştirakı barədə qərar veriləcək.
Görəsən Müşahidə Şurası nələri müşahidə edəcək, hansı monitorinqi həyata keçirəcək, hansı kriteriyalar ürzə qərar veriləcək?
Müşahidə Şurasının üzvü Müşviq Ələsgərli “Azadlıq”a açıqlamasında bildirdi ki, KIVDF əslində “Azadlıq”a güzəşt edib: “Fondun Nizamnaməsininÿ4.1.10-cu bəndində, layihələr üzrə müqavilə şərtlərini pozan ÿmətbuat orqanlarının 2 il müddətində layihədən kənarda qalması göstərilir. Bu şərtlər bugünə qədər bir neçə mətbuat orqanlarına tətbiq olunub. ”Azadlıq”la bağlı 2013-cü ildə dekabrın 30-da belə bir qərar verilib. Həmin vaxt 4-5 punkt üzrə “Azadlıq” qəzeti nizamnamənin şərtin pozmuşdu. Əslində, biz “Azadlıq” qəzetinin məsələsini 2 ildən sonra müzakirə etməli idik. Ancaq Müşahidə Şurası “Azadlıq” qəzetinin keçdiyi tarixi, yaşını nəzərə alaraq, məsələni müzakirə etdi. Işçi qrup əvvəlki iradlar üzrə müşahidə aparacaq və “Azadlıq” tərəfindən təqdim olunmuş sənədlərin araşdırmasını təşkil edəcək. Eyni zamanda peşə-davranış qaydasına riayət olunması, Mətbuat Şurasında bu qəzetin adına hansısa iradların olub-olmaması kimi amillərə diqqət yetiriləcək. Əslində, bu qərar “Azadlıq” qəzetinə qarşı edilmiş bir güzəştdir”.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirdi ki, uzun illər ərzində hakimiyyətin mətbuata təzyiqlərinin başlıca hədəfi məhz “Azadlıq” qəzetidir: “Əməkdaşların həbsi, oğurlanması, döyülməsi, astronomik məhkəmə cərimələri, qəzet yayımının hədsiz məhdudlaşdırılması hakimiyyətin ”Azadlıq” qəzetinə olan münasibətinin göstəricisidir. Öləkədə mövcud olan korrupsiya və digər qanunsuzluq halları barədə başlıca məlumat mənbəyinə çevrilmiş “Azadlıq” qəzetinə hakimiyyətin belə münasibəti heç də təəccüb doğurmur. KIV DF bir-birinin ardınca “Azadlıq” qəzetinə qarşı əsassız qərarlar qəbul edir. Hakimiyyət son qərarı ilə dövlətdən yardım alan qəzetlərdən müqayisəyə gəlməz dərəcədə populyar olan “Azadlıq” qəzetinə qarşı qərəzini açıq şəkildə ortaya qoydu. Necə ola bilər ki, “Azadlıq”ın saytında dərc olunan ayrı-ayrı materialların oxunma sayı 60-70 min olduğu halda, qəzetin peşəkarlığı şübhə altına alınır? Tirajını belə göstərməkdən çəkinən, saytlarında materiallarının oxunma sayı onlarla olan qəzetlər KIV DF-dən bəhrələnir. Araşdırma məsələsinə gəlincə, biz “Azadlıq” qəzeti olaraq maliyyə yardımı alanları, onların kimlərin nəzarətində olduğunu və proyektlərdə nəzərdə tutulmuş işlərin necə görülməsini araşdırsaq, onlar üçün hansı xoşagəlməz halların yaranacağını proqnozlaşdırmaq çətin deyil”.
Akif


