Sabiq nazir həbsxana rejimindən çıxarılmasını istəyir
Hazırda Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanov cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb edir. O, bununla bağlı təcridxananın rəisi Azər Seyidova yazılı şəkildə müraciət edib. Bu barədə “Azadlıq”a keçmiş nazirin vəkili Toğrul Babayev məlumat verib.
Əli İnsanov müraciətində göstərib ki, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə onun barəsindəki hökm təxminən ay yarım əvvəl qüvvəyə minib. Amma o, hələ də cəzaçəkmə müəssisəsinə köçürülməyib.
Qeyd edək ki, məhkəmə hökmündə Əli İnsanova verilən cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi öz əksini tapıb. Ona görə də Əli İnsanov həbsxana şəraitinə bərabər tutulan istintaq təcridxanasından köçürülməsini tələb edir.
2005-ci ilin oktyabrında həbs olunan Əli İnsanov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb. Ötən il Avropa Məhkəməsi qərar çıxararaq bəyan etdi ki, İnsanovun işinə baxılarkən onun Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələrilə təminat verilən hüquqları pozulub. Qərarda bu hüquq pozuntularına görə Azərbaycan hökumətinin keçmiş nazirə kompensasiya ödəməsi məsələsi də əksini tapmışdı.
Avropa Məhkəməsinin sözügedən qərarı əsasında Bakı Apellyasiya Məhkəməsində Əli İnsanovun işinə yenidən baxılsa da, 11 il həbs cəzasına dair hökm yenə də qüvvədə saxlanıldı. Keçmiş nazir bu qərardan yenə də Avropa Məhkəməsinə şikayət verib.
Aytən



