Yaxud KİVDF “Azadlıq”ı niyə kənarda saxladı?
Üç ay sonra yenidən KİV-ə Dəstək Fondunun “Azadlıq”ı maliyyə yardımından kənarda qoyması söhbətləri gedir. Əslində, gözlənilməz şey deyil, bu qərarın niyə və harada verildiyini hamı bilir. Bizim gücümüz nəyə çatır ki? Məsələnin hüquqi, vicdani və ədalətli tərəflərini ortaya qoyub haqq davası döymək. Bəli, sadəcə, haqqımızı tələb edirik. Amma kimdən? O şəxslərdən ki, əllərini ədalət kitabına deyil, ciblərinə qoyub yalan danışırlar. Həm də ağ yalan. Nəymiş ki, “Azadlıq” Fondun Nizamnaməsinin 4-5 bəndini pozubmuş. Allah, Allah! Yəni, bu 4 bənd pozuntusu qəzetə 30-40 min manat itkiyə başa gəlirsə, yaxşı qurtarmısınız! Siz hələ bu “cinayətə” görə bir o qədər də cərimələnmədiyinizə şükür edin.
Fondun böyükləri deyir ki, əslində “Azadlıq”ın məsələsi çoxdan “həll olunmalı” imiş. Ancaq Müşahidə Şurası qəzetin keçdiyi yola, tarixə və s. nəzər salaraq, ona islah olunmaq üçün bir az da vaxt tanıyıb. Özləri dedikləri kimi, böyük güzəştdir, sağ olsunlar. Elin gözü tərəzidir. Maliyyə yardımı ayrılan qəzetlərin siyahısına baxsanız, bu şəxslərin nə qədər qərəzli olduğu gün kimi aydınlaşar. Siz Allah, bircə dəfə də olsa, bu qəzetlər üçün hansısa köşkə yaxınlaşmısınız? “Mövqe”, “Yeni Azərbaycan”, “Səs”, Paralel”, “Azad Azərbaycan”, “Zaman-Azərbaycan”, “Təhsil Problemləri”, “Unikal”, “Olaylar”, “Oxu Məni”, “İqtisadiyyat” və s. Heç olmasa, məlum siyahıdakı qəzetlərin “Azadlıq”dan daha etik, daha peşəkar, daha obyektiv, daha oxunaqlı olması haqqında ortaya normal faktlar qoya bilsəniz…
Bilməyənlər üçün deyim ki, layihə ilə bağlı “Azadlıq”ın ittiham olunduğu 4 bəhanəlik bənddən birində qəzetin “plagiat”lıq məsələsi qaldırılır. Bu layihə yazılarının hazırlanmasında iştirak edənlərdən biri kimi, həmin “plagiatlıq” işinə aydınlıq gətirmək istəyirəm. Məlum olduğu kimi, illərdir layihə üzrə qəzetimizdə əsasən mədəniyyət və tarixlə bağlı yazılar işıqlandırılır. Bu araşdırmaların içində müəllif yazıları da olub, reportajlar da, arxiv materialları da. Şübhəsiz, bu yazılar hazırlanarkən, hamı kimi, biz də internetin verdiyi imkanlardan yetərincə faydalanmışıq. Ensiklopediyalardan, vikipediyalardan, şəxsi bloqlardan, tərcümələrdən istifadə edərək, araşdırmaların daha oxunaqlı olmasına çalışmışıq. İşimizdə qüsurlar olmadığını da iddia etmirəm. Lakin bu layihə ümumilikdə müzakirəyə çıxarılmalı olsa, əlini vicdanının üzərinə qoyan hər kəs etiraf etməlidir ki, bu müddətdə ən mümkün keyfiyyətli işi “Azadlıq” ortaya qoyub.
Təbii, mən bu bir “bənd işi” haqqında daha məlumatlı olduğuma görə onu ayrıca qeyd etdim. Bir halda ki, yazıların dayandığı 3 aylıq fasilədən sonra da bəhanələr bitmədi, demək “plagiat” məsələsi hekayə imiş. Amma deyim ki, biz də pis hekayə yazmırıq. Fondun Müşahidə Şurası bizi seysmoqraf həssaslığı ilə izləyir və qeyd edirsə, biz də onların işinə nəzər salarıq. Bundan sonra məlum layihə üzrə bizdən daha obyektiv, daha yaradıcı, daha peşəkar yazan qəzetləri izləyib, müşahidələrimizi vaxtaşırı insanlara çatdırarıq. Sadəcə, aydınlıq və həqiqətin gün işığına çıxması üçün… O zaman təkrar görəcəksiniz ki, kim plagiatlıq edir, kim qərəzlidir və kim ədalətsizliyini pərdələmək üçün yalan danışır.