“Azadlıq” azad sözün tribunasıdır

KIV DF-nin qərarı hakimiyyətin sifarişi kimi qiymətləndirildi

Prezident yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondu (KIVDF) növbəti dəfə “Azadlıq” qəzetini “KIV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə”dən kənarda saxladı  Bununla da “Azadlıq”a qarşı düşmənçilik kampaniyasının davam etdirilməsinin anonsu verildi. Təbii ki, ölkədə azad sözün sonuncu qalası hesab olunan “Azadlıq” qəzetinin yaşaması, xalqı kölə etmək istəyənlərin marağına uyğun deyil. Ona görə də bütün yollardan yararlanaraq bu mətbuat orqanını məhv etmək istəyirlər. Cəmiyyətin reaksiyasından da görünür ki, KIV DF-nin qərarı mənfi qarşılanıb və insanların etirazına səbəb olub. Siyasi xadimlər də KIV DF-nin “Azadlıq”a qarşı addımını pislədi.

“Azadlıq” ictimai-siyasi fikirdə dəyərə çevrilib

Milli Şuranın komitə sədri Gültəkin Hacıbəyli baş verənlərin “Azadlıq”ı sıradan çıxarmaq cəhdi olduğunu bildirdi: “Sirr deyil ki, bu qərar ”Azadlıq”ı çökdürməyə xidmət edən qərardı. Ancaq dövlət media qurumları arasında ayrı-seçkilik etməməlidir, çünki dövlət həm iqtidarın, həm də müxalifətin dövlətidir. Sössüz ki, bu addım “Azadlıq”a qarşı yönələn kompleks cəhdlərin tərkib hissəsidir. “Azadlıq” Azərbaycanın ictimai-siyasi fikrində bir dəyərə çevrilib. “Azadlıq” müxalif fikri ifadə edən, prinsipial, mövqeyindən çəkilməyən qəzetdir. Məhz buna görə də bu qəzetə bu qədər basqılar var. Ümumiyyətlə, Azərbaycanda medianın durumu ürəkaçan deyil və mətbuatın böyük əksəriyyəti “müstəqil” sözünə iddia edə bilməz. Bu baxımdan da “Azadlıq” əyilməzliyi ilə seçilən bir qəzetdir. Mən KIV DF-nin qərarına təəssüf edirəm və düşünürəm ki, “Azadlıq”a daha çox dəstək vermək lazımdır”.

“Azadlıq” hər zaman hakimiyyətin hədəfində olub

Siyasi xadim Ibrahim Ibrahimli bildirdi ki, “Azadlıq” qəzeti barmaqla sayılacaq bəlkə də yeganə qəzetdir ki, proseslərə obyektiv qiymət verir və fundamental azadlıqların müdafiəsində ardıcıl, prinsipial mövqedən çıxış edir. Buna görə də “Azadlıq” qəzeti zaman-zaman hakimiyyətin hədəfində olub və onun satışına, fəaliyyətinə həmişə maneələr yaradılıb. Məqsəd, müxalif mövqenin nümayəndələrini ac saxlamaq, əqidələrindən yayındırmaqdır. Ancaq bu köhnəlmiş praktikadır və hakimiyyət təzyiqi artırdıqca, “Azadlıq” beynəlxalq müstəvidə tanınır, mükafatlara layiq görülür və dünya mətbuatı bu qəzetə istinad edir. “Azadlıq” bundan da kəskin təzyiqlərlə üz-üzə gəlib və bu çətinliklərdən çıxa bilib. “Azadlıq”ı sevənlər çoxdur və cəmiyyət bu qəzetə yardım kampaniyasına başlamalıdır. Düşünürəm ki, “Azadlıq”ın fədakar kollektivi öz işinə davam edəcək və məhrumiyyətlərə təslim olmayacaq”.

“Azadlıq”a qarşı həmlələr azad sözə qarşı basqıdır

Tanınmış ziyalı Vidadi Mirkamal “Azadlıq”a qarşı baş verənləri qanunsuz adlandırdı: “KIV DF-nin fəaliyyətində ayrı-seçkilik olmamalıdır və bütün normal ölkələrdə bu belədir. Azərbaycan hakimiyyəti isə 20 ildən artıqdır normal ölkədən imtina edib və çalışır ki, müxalif fikri yox etsin, müxalifəti maddi baxımdan sıxsın. Azərbaycanda müxalif fikrin bir nömrəli tribunası ”Azadlıq”dır və bunu hamı bilir.  “Azadlıq” qəzeti iqtidarın apardığı yarıtmaz siyasəti ifşa edir, söz istəyən adamlara tribuna verir, ziyalıların fikrini xalqa çatdırır və s. Bu da iqtidarın xoşuna gəlmir və qəzetin maliyyə durumunu ağırlaşdırmaqda davam edir. Azərbaycanda quldur məmurların azad mətbuata basqısı artıq ənənə halını alıb. Bir yandan əl yayımına qadağa qoyurlar, bir yandan qəzetin halal pulunu vermirlər, bir yandan da dövlətin dəstəyindən məhrum edirlər. Bu tamamilə qanunsuzdur və azad sözə qarşı basqıdır. Hakimiyyət bu yoldan imtina etməlidir”.

Akif