Həyat bir az da teatrdır. Əksini düşünmək də olar. Bəlkə, elə insanlar yaşantılarının acısını çıxarmaq üçün həyatı teatr obrazında səhnələşdirirlər. Yəni, həyatın içində bir az teatr, teatrın içində də bir az həyat var…
Iki gündür ağlımdan çıxmayan iki hay-küylü hadisənin təsirindən yazıram bu fikirləri. Onlardan biri Türkiyədə baş verən seçkilərdir. O seçkilər ki, həqiqi mənada yüksək ssenari və rejissor işi əsasında qurulmuş bir teatr tamaşasını xatırlatdı. Seyrçilərə həyəcanlı və gərgin anlar yaşadan səhnələrinin sonunda üzücü finalla tamamlanan bir tamaşa. Bəzən izləyicisi olduğunuz bir tragikomik tamaşanın acı sonluğu sizi o qədər sıxar ki, oyunu alqışlamağa belə, əliniz gəlməz. Oyun bitib, pərdələr enəndə vahimə içində qaranlıq quyuya düşdüyünüzü düşünərsiniz bir anlıq. Elə bir şey. Amma oyun bu… “Gedin, sözünüz varsa, əsəri yazana deyin!”.
Sitat verdiyim son cümlə yaxın günlərdə mətbuata səs-küy salan “Qatil” tamaşasının rejissoru Mehriban Ələkbərzadəyə məxsusdur. Tamaşanı görməmişəm. Amma Mehriban xanımın müsahibəsindən bildiyimə görə, onu bir il əvvəl səhnələşdirib. Səsinin uzun zaman sonra çıxmasına da görkəmli xanəndəmiz Alim Qasımov “bais olub”. Yəni tamaşanın açıq-saçıq səhnələri sənətkarı əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib. Bu məsələ mətbuatda elə şişib ki, rejissoru daha betər qəzəbləndirib. O da Alim müəllimi necə lazımdı, tənqid atəşinə tutub. Sonda da ürəyi soymayıb, “gedin, sözünüz varsa, əsəri yazana deyin!” söyləyib, yəni ssenari müəllifi Elçin Əfəndiyevə.
Yəqin xatırlayanlar var. Illər öncə rəhmətlik Vaqif Ibrahimoğlu “Yuğ”da belə “sensasiyalı” bir tamaşa hazırlamışdı. Teatrın aktrisası Zümrüd Qasımova oynamışdı baş rolu. O vaxt da belə bir fırtına qopmuşdu. Yazan-yazana, vuran-vurana… Tamaşaya baxmışdım. Həqiqi mənada, böyük hay-küyə səbəb olacaq bir şey yoxdu. Sonra qısa zamanda ara sakitləşdi, hər şey unuduldu. Vaqif müəllim kimi yenilikçi bir rejissor da daha elə “inqilabi” tamaşalar hazırlamaq fikrinə düşmədi.
Şübhəsiz, mən hər yaradıcı insanın inkişafı üçün azadlığın ilkin şərt olduğunu düşünürəm. Teatra hər hansı çərçivələr qoyulduğu halda, ondan gözlədiyiniz uğuru əldə edə bilməzsiniz. Sadəcə, bir gerçək var. Görünür, inqilabi şeylər üçün məkan və zaman seçimi də önəmli məsələdir. Və bu baxımdan, bir rejissor hazırladığı səhnə əsəri ilə xitab edəcəyi tamaşaçı atmosferini, tamaşaçı da yolunu saldığı sənət atmosferinin fərqliliyini unutmasın gərək.
Indiki qalmaqala gəlincə… Söhbət adi adamlardan deyil, iki sənətkardan gedir. Hər ikisinə hörmətim var. Onların belə “sənət atışması” da kənardan heç yaxşı görünmür. Sadəcə, mənə elə gəlir ki, biz çox şeydə dozanı qaçırırıq. Bəzən bir şeyə həddindən artıq yüklənir, bəzən isə bir şeyi, ümumiyyətlə, görməzdən gəlirik. Yuxarıda qeyd etdiyim tərzdə… Ya seçki kimi taleyüklü məsələlərdə baş verən çılpaq ayıbları sakitcə seyr edib, hünərimizi bədii əsərdə ortaya qoymağa çalışırıq, ya da bir teatr tamaşasına gedib, orada dava salırıq. Prinsipcə, əksinə olsun axı gərək.
Xülasə, dediyim odur ki, nə qədər yaxın olsa belə, həyat və teatr arasındakı cizgini düzgün tapmayanda, istər-istəməz ara qarışır. Ara qarışanda da teatr səhnəsindəki “qatil”lə, real həyatdakı qatilin fərqini itirə bilərsiniz. Müqayisədə, teatr “qatil”indən elə böyük zərər gəlməz. Siz əsas, həyatınızdan gözəl şeyləri çalan qatillərə qarşı amansız olun!