Kölələrin AZADLIĞI cəzalandırması

Belə bir məşhur rəvayət var; müdrik Sokratı edama aparanda ÿarvadı ağlayır, deyir: “Axı sənin ölümün ədalətsizdir”. Sokrat etiraz edir: “Bəs sən nə istəyirdin, ədalətli olsun, mən bu ölümə layiq olum?!” Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun (KIV DF) növbəti dəfə “Azadlıq” qəzetinə yardım ayırmaqdan imtina etdiyini eşidəndə bu rəvayəti xatırladım.

“Azadlıq”a azadlıq düşmənlərinin münasibəti necə olmalıydı? O Fondun rəhbərliyi min bir söz tapıb desə də, ağlı başında olan hər kəsə “Azadlıq”ın cəzalandırılmasının əsas səbəbi bəllidir: qəzet adına layiq nəşr olunduğundan cəzalandırılıb! Yoxsa necə ola bilər?! “Azadlıq” bu ölkədə ən çox oxucusu olmasına, mədəni dünyanın, media təşkilatlarının rəğbətini qazanmasına, onların mükafatına layiq görülməsinə rəğmən, Azərbaycanda niyə cəzalandırılmalıdır ki?! “Azadlıq” qeyri-bərabər imkanlara, təqiblərə, təzyiqlərə baxmayaraq, say, sambal baxımından ölkədə öncüldür. “Azadlıq”la rəqabət qabiliyyətində olan neçə qəzet saya bilərsiniz?

Paradoksal görünsə də, bizim hökumət üçün oxucusu, cəmiyyət üçün eşidiləcək sözü olmayan qəzetlər lazımlı, hörmətə layiq sayılır. Onlar cəzasızlıq və inzibati qayğı mühitində kef çəkirlər. “Azadlıq”la bağlı qərar verən adamların adları mətbuatda yayılmışdı, yadınızda qalıbmı onlar kim idi? Fikrə getməyin, heç mənim də yadımda deyil. Onların ümumi cəhəti var – beş samballı məqalə altında imzalarının olmaması. Onların çıxardıqları qəzetlərin də ortaq cəhəti, ən yaxşı halda, bazarlarda, meyvə-tərəvəz dükanlarında qeyri-təyinatı üzrə istifadə edilməsidir.

Və bu adamlar bizim taleyimizlə bağlı qərarlar verir! Necə deyərlər, rəqsi axsaqlar təşkil edir. Hər bir ziyanlı işdə bir xeyir olduğuna inananlardanam. KIV DF-nin bu addımı əslində, “Azadlıq”ın növbəti dəfə özünütəsdiqidir.  Bilirsiniz, bəzi insanlar vardı ki, üzdə deməsə də, “Azadlıq”ın bu qurumdan yardım almasını az qala, hakimiyyətə işləmək kimi qiymətləndirirdi.

Ancaq bu qəzetdə çalışanların vicdanı bu sarıdan çox rahatdır. Zənnimcə oxucu da əmindir ki, “Azadlıq”ın bu Fonddan yardım alan vaxtı ilə almayan vaxtında özünüifadədə zərrə qədər də fərq olmadı. Şübhə etmirəm ki, KIV DF-nin son addımının əsl səbəbi də elə fərqi görə bilməməklərindədir. Onlar “Azadlıq”ı da, Ramiz Mehdiyevin sözlərilə desək, “dövrün tələblərinə uyğunlaşdırmaq” üçün çox əziyyət çəkdilər, lakin alınmadı.

Məsələni lap diqqətlə analiz etsək, bu suala da cavab verməliyik: dövlətin nəzarətində olan bir qurumun “Azadlıq”a daha əvvəllər yardım ayırması “zorən ittifaq” idi.

“Azadlıq” son dərəcə ağır durumuna rəğmən, o yardımı almaq məcburiyyətində idi. KIV DF də öz tərəfsizliyini göstərmək üçün bu addımı atmağa məcbur idi. Amma həmişə olduğu kimi, hökumət bu dəfə də maskasını sifətində çox saxlamağa dözə bilmədi, çıxarıb tulladı və dedi: mən buyam!

“Azadlıq”a qarşı böyük dava və ayrı-seçkilik aparılır. Hökumətin bu kin-küdurətinə qarşı isə “Azadlıq”ın öz dəyərlərinə sədaqət göstərən yazarları və vəfalı oxucularından başqa daha bir güclü silahı da var – həqiqət! Həqiqətlə savaşanlar rüsvayçılığa və məğlubiyyətə məhkumdur. Kim düşünürsə ki, yardım sanksiyaları ilə “Azadlıq”ı demoralizasiyaya salacaq, üzr istəyirəm, beləsi çox axmaqdır.

Problemə daha aydın baxsaq, sual “Azadlıq”a niyə yardım verilmədi?” şəklində olmamalıdır. Sual “Nədən ölkənin bir nömrəli qəzeti yardıma möhtac qalıb?” şəklində olmalıdır. “Azadlıq” da daxil olmaqla, azad mediaya ən böyük yardım o olar ki, onun yolu üzərində yaradılan süni maneələr cəhənnəmə vasil olsun. Dövlətin qəzet bazarında yaratdığı monopoliya və sərt intizam ləğv edilsin.

Dünyanın ağıllı insanlar yaşayan hər hansı bir yerində desən ki, bizdə reklam tirajı çox olan qəzetlərə yox, satış sayı yüzü aşmayan qəzetlərə verilir, adama gülərlər.

Amma bizdə vəziyyət belədir. Dövlət Təpəgöz kimi, reklam verənlərə göz ağardır, satış nöqtələrini bağlayır, mətbəələrə min bir kələk gəlir, ondan sonra isə deyir ki, gəlin, sizə yardım edim. Belə halda, qürur tələb edir ki, deyəsən: təpənə dəysin yardımın!