İlham Əliyev – AZADLIQ düşməni!

Regionun ANALOQu olmayan lideri Ilham Əliyev! Bu ANALOQSUZ liderlik üzündən Azərbaycanda AZADLIQ adına nə varsa hamısı boğulmaqdadır. Ölkədəki bütün AZADLIQ görsənişlərinin sonuncusu AZADLIQ qəzetidir. ANALOQSUZ lider indi bütün administrativ resursları işə salmaqla bu qəzeti boğub susdurmağa girişib. Kollektivləşmə-sənayeləşmə, alman-faşist işğalçılarının darmadağın edilməsi ilə SSRI-də Stalin başçılığı altında sosializmin “tam və qəti qələbə çaldığı” bildirilirdi. AZADLIQ qəzeti ilə bəlli bir partiya alman-faşist işğalçıları kimi darmadağın edildikdən sonra Azərbaycanda Ilham Əliyev başçılığında FEODALIZM TAM və QƏTI qələbə çalacaq! Dövlət başçısı bu yöndə çoxdan özünün QƏTI tapşırıqlarını verib…

Prezident yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondu var. Birdə bu Fondun Müşahidə Şurası. Bəri başdan soruşmaq gərəkir: hansı “inkişaf”, hansı “müşahidə”? Bir jurnalist kimi illərin “müşahidəsindən” çıxış edərək xalqın pullarının cinayətkarcasına göyə sovrulduğunu, çölə atıldığını demək olar – oxunmayan, oxunası olmayan qəzetlər baxımından. “Azadlıq” qəzetinə “bir sıra prinsipləri pozduğuna görə” dövlət dəstəyini yasaqlayanlar özləri kobud prinsip pozucularıdır. Onların özlərinin açıqladıqları prinsipə görə, KIVə dövlət dəstəyi DÖVRÜLIKDƏN, TIRAJDAN, YAYIM REYTINQINDƏN asılı olaraq verilir. Bəlli olduğu kimi, ölkədə ortadakı bu üç parametr üzrə “Azadlıq”ı üstələyən qəzet yoxdur. Doğru-düzgün informasiya, ideya-yurddaşlıq, milli maraqlara qulluq baxımından da ölkədə “Azadlıq”a çatan, “Azadlıq”ı üstələyən qəzet yoxdur.

Belədə problem nədədir? Dövlətin başında duran adamın özünün milli ideyasının olmamasında, milli ideyaya qulluq etməməsində. Bu baxımdan “Azadlıq” qəzeti ilə dövlət başçısı adını daşıyan Ilham Əliyev arasında çox böyük, barışmaz antoqonizm yaşanmaqdadır. “Müşahidə Şurasının” yeni qərarına görə, yardım ayrılması üçün “Azadlıq” qəzeti “monitorinq eilməlidir”. Kimi aldadır, kimə kələk gəlirsiz? Bizim “Yeni Müsavat” qəzetindəki “mötəbər mənbədən aldığımız məlumata görə”, Prezident Administrasıyasında hər gün başqan ayağa monitorinqdən keçən bir qəzet var: “Azadlıq”! “Müşahidə Şurası” adına indi ortaya atılan “monitorinq” söhbəti çox da örtülü olmayan, hamının gözəl anladığı bir mesajdır: baxacağıq (“monitorinq edəcəyik”) kursu dəyişsəniz, yardım görəcəksiz, dəyişməsəniz – yox. Azərbaycan xalqını dəhşətli dərəcədə çox sevən, bu xalqın IŞIQLI keçmişdən QARANLIQ gələcəyə getməməsi üçün əlindən gələni edən Ramiz Mehdiyev bir neçə il öncə belə buyurmuşdu: “Mətbuat hakimiyətin siyasi maraqlarından kənara çıxmamalıdır”. Bütün bəlli göy, qırmızı qəzetlər bu direktiv göstərişi can-başla yerinə yetirsələr də, qara “Azadlıq” qəzeti buna getmədi. 

Hələ görün “Azadlıq” qəzeti nə yazır: “Azərbaycanın bütün nazirlərinin, nazir müavinlərinin, deputatlarının çoxunun, icra hakimiyəti başçılarının, polis rəislərinin Londonda milyonlarla dollar dəyərində mülkləri var. Onların uşaqları da Dumanlı Albionda oxuyur”. Bəs necə olmalıdır? Prezident-dövlət başçısı adlanan adam bircə offşor zonalara 48 milyard  dollar oğurlayıb çıxarırsa, onlar nə etməlidilər? Sözsüz, onlar da özlərinin DIAPAZONlarına uyğun alış-verişdə bulunmalıydılar. “Azadlıq” bu seriyadan kənd təsərrüfatı naziri Ismət Abbasovun 26 yaşlı oğlunun Londonda 27 milyon dollarlıq mülk aldığını yazmışdı. I.Əliyev “Azadlıq”ın acığına onu qaldırıb Artur Rasizadənin yanında oturdu. Düz etdi, axı, ölkədə rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu, monopoliyanı DÖVLƏT SIYASƏTINƏ çevirən başqası deyil, o özüdür. Elə özünə ABŞ prezidentinin uçaqından qat-qat baha (245 milyon manatlıq) uçaq alan da o özüdür. Müəllimi, həkimi, alimi rüşvətsiz dilənçi kökündə yaşayan yoxsullar ölkəsinin… dünyada ən bahalı prezidenti!