«Azərenerji» və Sumqayıt Texnologiyalar Parkında yaranan böhran onu hədəfə gətirib
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin işdən çıxarılması gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, Etibar Pirverdiyevin çıxarılması Sumqayıt Texnologiyalar Parkında (STP) yaranmış vəziyyətlə bağlıdır. Bir müddət əvvəl məlumat yayılmışdı ki, STP-də böhran yaşanır. Işçilərə əmək haqqı verilmir.
STP ilə paralel olaraq “Azərenerji”də böhranlı vəziyyət yaranıb. Qurumun əməkdaşlarından Aznews.az-a verilən məlumata görə, hazırda ASC-də ciddi kağız qıtlığı yaşanır. Mövcud durumun yaranmasının əsas səbəbi maliyyə sıxıntıları ilə bağlıdır. Hətta kağız almağa da vəsait tapmayan “Azərenerji”dəki mövcud vəziyyət ASC-nin böyük layihələri maliyyələşdirməsi ilə izah edilir. Digər bir məlumatda isə qeyd olunur ki, böyük məbləğdə kredit borcları olan ASC həmin borcları ödəməkdə çətinlik çəkir. Lakin bütün sıxıntılar sadəcə kredit borcları və sponsorluqla əlaqəli deyil. Hətta vəziyyət o həddə çatıb ki, “Azərenerji”nin dəhlizlərində sədrin dəyişdiriləcəyi və “Bakıelektrikşəbəkə” ASC-nin Idarə Heyətinin sədri Baba Rzayevin “Azərenerji” rəhbərliyinə gətiriləcəyi danışılır. Mənbə qeyd edir ki, bununla əlaqədar olaraq, ASC-də qeyri-müəyyənlik hökm sürür. Bu isə özlüyündə bir sıra gərginliklərə səbəb olub, hətta işçilərin rabitə imkanları məhdudlaşdırılıb. Belə ki, beynəlxalq çıxışı olan telefonlar ciddi nəzarətə götürülüb. Novruz bayramı ərəfəsində yaranan gərginlik hazırda daha sərt şəkil alıb.
Məsələ ilə bağlı “Azərenerji”nin mətbuat xidmətinin (MX) rəhbəri Fəridə Behbudova ilə əlaqə saxladıq. O, əvvəlcə bu xəbərləri nə təsdiq, nə də təkzib etdiyini bildirib.
“Azadlıq”a daxil olan məlumatlara görə, “Azərenerji” ilə STP-də böhranın hökm sürməsi əlaqəli məsələlərdir. Və bu məsələdə “yuxarılar”da ciddi narazılıqla qarşılanıb. Məlumat üçün deyək ki, STP hakim ailəyə məxsusdur. Lakin idarəçilik Etibar Pirverdiyevə tapşırılıb. “Yuxarılar”da hesab edirlər ki, Texnologiyalar Parkında böhranlı vəziyyətin yaranması Etibar Pirverdiyevin yarıtmaz idarəçiliyinin nəticəsidir. Bu baxımdan da ona “əlvida” demək barədə düşünülür.