Çoxdandır ki, bu ölkədə əlamətdar günlər, “təyinat”ı üzrə “xərclənmir”. Xalqımız hər gününü eyni qayda ilə “xərc”ləyir desək, yanılmarıq. Əvvəllər aprelin 1-i, gülüş və aldatma günü kimi xarakterizə olunurdu. Indi isə, güldürmək və aldatmaq yaşam şərtinə çevrilib. Artıq yalanla deyil, həqiqətlə insanları təəccübləndirmək olur. Artıq acı gülüşlərlə, dərd “istehsal” etməyə başlamışıq.
Axı biz “1 milyon 200 min iş yeri açılıb”, “Lazım gəlsə, Qarabağı alarıq”, “Yoxsuluğun səviyyəsi aşağı düşüb” kimi “modern” yalanları, yalnız aprelin birində eşitmirik. Az qala hər gün eşitdiyimiz bu sözlərdən sonra, aprelin 1-də adamları aldatmaq effekt vermir. Yaxud bu ölkədə ünvanlı sosial yardım alan ailədən, bu yardımın 6 ayı əvvəlcədən alınırsa, xalq və millət qarşısında heç bir xidməti olmayanlara “Şərəf”, “Şöhrət” ordeni verilirsə, bir binanı təmir edib, sonra sökürlərsə, insanları necə 1 apreldə güldürmək olar?
Əslində, diyari-Azərbaycanda hər gün 1 apreldi. Indi bizə gülməli günə qalmadığımız və aldadılmadığımız təqvim günü lazımdır. Biz ölkə iqtisadiyyatının “monopoliya” ya alınmasına o qədər diqqət çəkdik ki, gülüşün inhisarından xəbərsiz olduq. Digər tərəfdən, bu ölkədə “1 aprel” tarixi, ləyaqətli hüquqşünasların, mübariz gənclərin, qətiyyətli jurnalistlərin, cəsarətli siyasətçilərin şərlənərək həbs olunduğu tarixlə üst-üstə düşür. Bu ölkənin vicdanlı insanları neçənci “1 aprel”di ki, zindanda keçirir. 2014-cü ilin “1 aprel” tarixi də NİDA-çı gənclərin və Pərviz Həşimlinin məhkəmə prosesi ilə yadda qaldı.
Indi bu ölkədə “1 aprel” gülüş günü yox, ağlamaq günüdür. Pərviz Həşimlinin qızının gözündəki nisgili, NİDA-çı gənclərin valideynlərinin iztirabını görüb necə gülmək olar? “Möhtəşəm” sözünün mənası nədir?
Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov martın 30-da Türkiyədə keçirilmiş bələdiyyə seçkilərinə öz “Tvitter” səhifəsində münasibət bildirib və bu seçkiləri “möhtəşəm” adlandırıb. Doğrudan da bərabər seçki şəraitinin yaradılması, şəffaf seçki keçirilməsi, xalqın səsinə hörmət edilməsi, “möhtəşəm” haldırsa, o əjdahadan bizdə niyə yoxdur?
Novruz müəllim Türkiydəki seçkilərdən feyziyab olubsa, öz ölkəmizdə niyə bu möhtəşəmliyi təmin etməkdə maraqlı görünmür? Bəlkə də mənim savadım azdır və “möhtəşəm” sözünün Azərbaycan dilində hansı məna kəsb etməsindən xəbərsizəm. Bəlkə də Azərbaycanda seçkini açıq şəkildə saxtalaşdırmaq “möhtəşəm”lik sayılır.
Hər halda, bütün sivil ölkələrin siyasətçiləri Azərbaycanda seçki keçiriləndə “biabırçı seçkidir” deyirlər. Çünki özgələrdə yaxşı sayılan hər şey bizdə “pis” anlamı verir.