Türkiyənin seçimində “Kəmaləddin” faktoru

Rəcəb Tayyib Ərdoğan türk dünyasının gəlmiş-getmiş ən böyük siyasətçilərindən biri olsa da, budəfəki seçkilərin də taleyini türk xalqı həll etdi. Yəni qardaş ölkədə demokratiya yenə də qalib gəldi. Xalq düşündü, daşındı və yenidən Ərdoğanla davam etməyə qərar verdi. Seçim etmək nə qədər çətin olsa belə, bunu bacardı. 

Olduqca həssas bölgədə yerləşən Türkiyədə seçkiöncəsi durum həmişə gərgin olur. Hərdən adama elə gəlir ki, bölgədəki bütün güclər Türkiyəyə qarşıdır, onu zəiflətməyə, zorla demokratiyadan taviz verdirmək üçün əllərindən gələni etməyə hazırdırlar. Şimal və Qərbdəki inkişaf etmiş dövlətlər onun iqtisadi qüdrətindən, Cənub və Şərqdəki müsəlman ölkələr isə demokratik inkişafından çox narahatdırlar. 

Bu səbəbdən Türkiyədə həmişə seçkiöncəsi siyasi nəbz sürətlə vurmağa başlayır, xarici amil faktoru meydana çıxır, ölkə sözün əsl mənasında siyasi savaş meydanına çevrilir. Son bələdiyyə seçkisi də istisna olmadı. Seçkiöncəsi kompromat savaşı və digər qalmaqallar, hakim  Ədalət Inkişaf və Partiyası, onun lideri Rəcəb Təyyib Ərdoğan üçün yaxşı heç nə vəd etmirdi. Rüşvətdə şübhəli bilinən nazirlərin ard-arda istefası, AKP-dən millət vəkilləri və iri məmurların getməsi ciddi siyasi məğlubiyyətlər hesab olunmaya bilməzdi. Gündəmi isə iri məmurların gizli telefon danışıqları zəbt etmişdi. Türk xalqı doğrudan da seçim qarşısında idi. Kimə üstünlük verməli? Hər cür eyibləri və uğurları ortada olan AKP və onun lideri R.T.Ərdoğana, yoxsa gələcəkdə haqqında kim bilir nə cür kompromatları ola biləcək qüvvələrə? Razılaşın ki, çətin seçim idi…

Fikir verdinizsə, Ərdoğan və ətrafı ilə bağlı iddialarda dövlətin iqtisadi gücü ilə müqayisədə olduqca kiçik məbləğlərdə rüşvət və hədiyyələrdən söhbət gedirdi. Telefon danışıqlarına inansaq belə, məlum oldu ki, milyardları idarə edənlər çox da acgöz deyillər. Və qara günləri üçün əldə etməyə çalışdıqları üç-beş milyonu da dövlət büdcəsindən oğurlamaq niyyətləri-filan yox imiş. Onlar bunu da ölkədə qaz vurub-qazan dolduran xarici iş adamlarından almağa cəhd edirmişlər. Yəni dövlət büdcəsindən talan etdikləri ilə doymayıb, bir də vətəndaşın cibinə girən Azərbaycan iqtidarı ilə müqayisədə AKP iqtidarı bir mələkdir. Seçkinin taleyini böyük ölçüdə məhz bu paralellər həll etdi. 

Türkiyədən yayımlanan “Azərbaycan saatı” da bu baxımdan qardaş xalqa yardımçı oldu desək, yəqin ki, yanılmarıq. Qənimət Zahid və onun komandasının məhz seçki ərəfəsində Azərbaycan məmurlarının qeyri-qanuni yolla əldə etdikləri biznes imperiyası haqqında hazırladıqları süjetlər lap yerinə düşdü. Məlum oldu ki, təkcə Azərbaycanın Fövqalədə Hallar naziri Kəmaləddin Heydərovun sahib olduğu biznes imperiyası Türkiyə iqtidarının birlikdə sahib olduğu varidatdan ən azı yüz dəfə çoxdur. Dolayısı ilə, Kəmaləddin Heydərov seçkilərdə AKP iqtidarına böyük töhfə verdi. 300-ə qədər iri şirkət, saysız-hesabsız daşınmaz əmlak, min hektarlarla ölçülən torpaq sahələrinə sahib olan Kəmaləddin Heydərov Azərbaycanda bizneslə məşğul olması qanunla qadağan edilmiş(!) bir məmurdur…

Iranlı biznesmen Rza Zərrabdan hədiyyə aldığı kostyuma görə isə Ərdoğan Avropa işləri üzrə nazir Egemen Bağışı işdən qovdu. Türkiyə kimi Avropa ilə geniş əlaqələri olan ölkədə həmin postda… Kəmaləddin Heydərov kimi birisinin oturmasını təsəvvür edən türkü düşünün. Mən özümü bir az o türkün, bir az da avropalının yerinə qoydum, vallah hər iksinə yazığım gəldi, biz onsuz da batmışıq, qoy heç olmasa onlar adam kimi yaşasınlar… 

Seçkiqabağı AKP-li nazirlərin telefon danışıqlarındakı rəqəmlər Azərbaycanın iri məmurları üçün olduqca gülünc məbləğdir. Bir neçə milyonla müşayiət olunan danışıqlar bizdə hakimiyyətin 3-cü və 4-cü eşelonunun “səlahiyyətlərinə” aiddir. Yəni bu məbləğin “gücü” yalnız icra başçıları və daha aşağı təbəqə məmurlarını həyəcanlandırmağa çatar.

Mənim Azərbaycan və Türkiyə iqtidarları arasında olan fərqləri qabartmağım və bunu seçkilərin taleyinə təsir etməsi iddiam, əlbəttə, subyektiv fikirlərimdir. Ən əsası odur ki, son seçkilər bir daha sübut etdi ki, qardaş Türkiyə demokratik bir yoldadır və bu yoldan geri çəkilmək  niyyətində deyil. Ən başlıcası isə, Əliyev iqtidarı və Azərbaycan xalqının demokratik Türkiyəyə olan fərqli münasibətidir. Bu münasibətlərin adı ümid və əndişədir…