Seçim etmək əxlaqı

Təəssüflər olsun ki, Azərbaycan adlanan məmləkətin  insanları keçmişdən təsəlli almaqla yaşayır. Tez-tez deyirik ki, “Şərqdə ilk demokratik respublika Azərbaycan olub”, “Ilk operanı biz yazmışıq”, “Qadınlara ilk dəfə səsvermə hüququ bizdə tanınıb” və s. Axı, keçmişdə mömin olmaq, gələcəkdə dələduz olmağa haqq qazandırmır. Keçmişin yaxşı nümunələrini qətlə yetirib, sonra bu nümunələrlə öyünmək acizlik və qeyri-səmimiliyin göstəricisidir.

Millətlərin öz müqəddəratını həll etməsinin “keçmiş zaman”ı ola bilməz. Əliyevlər hakimiyyəti dönəmində o qədər mənfi nümunələrlə rastlaşdıq ki, müsbət nümunə axtarışına çıxanda, özümüzü keçmişdə tapdıq. 

Indiki zamanda isə biz yalnız HƏSƏD aparmaqla məşğuluq. Bəli, biz hansısa Avropa ölkəsindəki söz azadlığından, müstəqil məhkəmədən, seçib-seçilmək mədəniyyətindən, elm və texnikanın inkişafından, insanların sosial rifahından, ordudan, təhsildən, səhiyyədən və digər sahələrdən ağzımız sulana-sulana danışırıq. Son olaraq isə Türkiyədə keçirilən bələdiyyə seçkiləri bizi məmnun etdi və xalqın öz taleyinə biganə qalmaması nümunəsinə həsəd apardıq.  

Faciə budur ki, bu həsəd dolu xəyallardan ayrılıb, ölkəmizə qayıdanda, “bizim millət düzələn deyil”, “rüşvət bizim qanımızdadır” kimi təfəkkürümüzə hopmuş “müqəddəs” kəlmələrə təslim olmağa üstünlük veririk. Bizim cəsarətsizliyimiz, qorxaqlığımız, arzularımızdan daha güclüdür. Ona görə də hətta yaxşı nümunələri başqalarında görməyə və alqışlamağa adət etmişik.

Yaxşı ilə pis arasında seçim etməmək və bu seçimin arxasında durmamaq yalnız cəsarət məsələsi də deyil. Bu həm də əxlaq məsələsidir. Biz, öz acizliyimizə haqq qazandırmaq üçün “əxlaq” anlayışını “tərbiyəsiz”liklə məhdudlaşdırmışıq.  Halbuki oğrunun, yaltağın, böhtançının qarşısında susmaq həm də əxlaqsızlıqdır. Seçkiyə əxlaq məsələsi kimi yanaşılan ölkələrdə, hökumətlər vətəndaşlarla hesablaşmağa məcbur olur. Yalnız öz ailəsinin mənafeyini qorumaqla kifayətlənməyin dəb olduğu ölkələrdə isə, hökumətlər  vətəndaşa “zibil qabı” kimi baxır.

Əslində, uzun illərdir Azərbaycanda seçkilərin bu qədər şəffaf şəkildə saxtalaşdırılmasının məqsədi, insanların təfəkküründə seçkini “əxlaq”sızlaşdırmaqdı. Indi bizim ölkədə seçki o qədər “naməhrəm”ləşib ki, insanlar məntəqələrə getməyə də ehtiyac görmürlər.  Biz o ölkələrdənik ki, seçkinin nəticəsini seçkidən əvvəl bilirik. Ona görə yox ki, siyasi analiz qabiliyyətimiz yüksəkdir. Ona görə ki, bu ölkədə “siyasi əxlaq” anlayışı yoxdur. Bəli, xalqın səsini oğurlamaq əxlaqsızlıq sayılmayanda, xalq seçkinin nəticəsini düzgün proqnozlaşdıra bilir.

Dəyərlə dəyərsizliyin yeri səhv düşəndə, əxlaq da dəyərdən düşür. Bunun nəticəsidir ki, xalqa əxlaqsızlıq dəyər kimi göstərilir, dəyərlər uğrunda savaşanlar isə “antimilli”, “ünsür” olur. Höte deyirdi ki, “Əxlaq elə bir güzgüdür ki, burada hər kəs öz simasını göstərir”. Bernard Şou isə “Bir millətin əxlaqı  dişləri kimidir, çürüdüyü nisbətdə ağrısını hiss edər” söyləyirdi.

Yalnız seçmək yox, həm də seçimimizin arxasında durmaq əxlaqı sərgiləməliyik. Əks halda nə o güzgüyə baxmağa üzümüz olacaq, nə də dişlərimizi çürüməkdən xilas edə biləcəyik.