Gəncədə tutulan QHT rəhbərinə cinayət işi açıldı

Vəkil Əlaif Həsənov: «Həsən Hüseynlinin həbsi qanunsuzdur»

Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” ictimai birliyinin sədri Həsən Hüseynli barəsində “xuliqanlıq” ittihamı ilə cinayət işi açılıb. “Dünən gecə dedilər ki, guya adam bıcaqlayıb və haqqında cinayət işi açıblar”,- deyə Hüseynlinin oğlu Azər Hüseynov “BBC Azərbaycanca”ya bildirib.
Azər Hüseynov bildirib ki, qohumlarına atasıyla görüşməyə icazə verməyiblər.
Oğlunun sözlərinə görə, bazar ertəsi gecə saat 1-ə qədər atasının yeri barədə məlumat verilməyib: “Şikayət edən şəxsin adını heç kim bilmir. Deyirik ki, əgər insan bıcaqlayıbsa, gedək görək o haradadır, baxaq. Deyirlər ki, bəlkə o adam artıq gedib evinə”.
Gəncə Şəhər Baş Polis Idarəsinin müstəntiqi Füzuli Şıxıyev cinayət işinin açılması barədə məlumatı “BBC Azərbaycanca”ya təsdiqləsə də, yaralı şəxs barəsində “istintaq aparılması” səbəbilə məlumat verməyib.
Füzuli Şıxıyev Həsən Hüseynlinin hansı müddətə həbs edildiyini də açıqlamayıb, onun Cinayət Məcəlləsinin 221.3 maddəsilə həbs edildiyini qeyd edib.
Azər Hüseynov iddia edir ki, atası QHT-dəki fəaliyyətinə görə həbs edilib: “Onun həbs edilməsi gənclərin maarifləndirilməsinin qarşısını almaq üçündür”.
“QHT-də mütəmadi olaraq vergi yoxlamaları aparılırdı. Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev müşavirədə polislərə müraciətlə deyib ki, ”hara baxırsınız, bütün gənclər o QHT-yə gedir. Onunla bağlı tədbir görmək lazımdır”- bu sözləri Həsən Hüseynlinin vəkili Əlaif Həsənov Meydan TV-yə deyib.
Vəkil deyib ki, QHT rəhbəri həbsini qanunsuz sayır. O, yaralandığını iddia edən Arzu Qəhrəmanovla tanışlığının olmadığını deyib. Iş materiallarında da şəxslərin təsadüfən qarşılaşdığı və mübahisə nəticəsində QHT rəhbərinin Arzu Qəhrəmanovu bıçaqladığı yazılıb.
Vəkil zəruri sənədlərin ona verilməməsi ilə bağlı müstəntiqin qanunsuz hərəkətlərindən şikayət edəcəyini deyib: “Bu, planlaşdırılmış bir işdir. Qənimət Zahidin işi ilə eynidir. Qanunun bütün vasitələrindən istifadə edib Həsən Hüseynlini müdafiə edəcəyik”.
Ə.Həsənov Həsən Hüseynlini tutmaq qərarından da şikayət verəcəyini söyləyib. O hesab edir ki, bu qərarın heç bir əsası yoxdur: “Qərarda yazılıb ki, Həsən Hüseynli cinayət törətməkdə şübhəli bilindiyinə görə tutulsun. Şəxsin qaçması, şahidlərə qanunsuz təzyiq göstərməsi əsaslandırılmazsa, o, tutula bilməz”.
“Həsən bəyin saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Ona psixoloji və fiziki təzyiq göstərilməyib”- deyə vəkil qeyd edib.
H.Hüseynliyə dövlət vəkili də tutulub. Ə.Həsənov deyir ki, QHT rəhbəri bu vəkildən imtina edəcək.