ABŞ kəşfiyyatı xəbərdarlıq etdi: «Rusiya ordusu Ukraynaya girməyə tam hazırdır»
Kliçko Timoşenkonu seçkidə iştirak etməməyə, Poroşenkonu dəstəkləməyə çağırdı
UDAR Partiyasının lideri Vitali Kliçko Ukraynanın keçmiş naziri Yuliya Timoşenkonu mayın 25-də keçiriləcək prezident seçkilərinə qatılmamağa çağırıb. Kliçko bu müraciətlə Almaniyanın nüfuzlu “Bild” nəşrindəki məqaləsində çıxış edib: “Sorğuların nəticələri Pyotr Poroşenkonun daha şanslı namizəd olduğunu göstərir, bu səbəbdən də mən onu dəstəkləyirəm. Yaxşı olardı ki, Timoşenko da üzərinə məsuliyyət götürüb onu dəstəkləsin. Hazırda ölkəmiz həm ciddi islahatlara ehtiyac duyur, həm də Rusiyanın işğalı təhlükəsi ilə üz-üzədir.
Ölkəni daha artıq çalxalamamaq üçün vahid namizədlər irəli sürməliyik”. Qeyd edək ki, Vitali Kliçko namizədliyini tanınmış iş adamı Pyotr Poroşenkonun xeyrinə geri götürərərk seçkidə onu dəstəkləyəcəyini açıqlayıb. Kliçko və Poroşenko seçkilərdə vahid qüvvə kimi çıxış etməklə bağlı bəyannamə də imzalayıblar. UDAR lideri bəyan edib ki, o, Kiyev şəhər meri vəzifəsinə namizəd olacaq.
MSK Poroşenkonun namizədliyini qeydə aldı
Qeyd edək ki, artıq Ukrayna Mərkəzi Seçki Komissiyası üç nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar iş adamı Pyotr Poroşenko, “Batkivşina” lideri Yuliya Timoşenko və “Radikal” Partiyasının sədri Oleq Lyaşkodur.
Dünən Simferopolda Krım Tatar Milli Məclisinin başqanı Refat Çubarovun martın 30-da dünyasını dəyişən atası Abdurrahman Çubarovla vida mərasimi keçirilib. Dəfn mərasimi Çubarovun yaşadığı, Simferopolun 130 kilometrliyində yerləşən Privolnaya kəndində keçirilib. Cənazə onun yaşadığı evdən qaldırılıb və kənddə dəfn edilib. Vida mərasimində rəsmi şəxslər, Krımda yaşayan xalqların, o cümlədən Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Qeyd edək ki, Abdurrahman Çubarovun meyidi dünən Ukrayna vaxtı ilə saat 16 radələrində yaşadığı evdə tapılıb. 84 yaşlı A.Çubarov ailə üzvləri ilə birlikdə doğulub böyüdüyü Privolnaya kəndində yaşayıb. Hüquq mühafizə orqanları Çubarovun ölümünün səbəbini araşdırır.
Medvedev Krıma getdi
Rusiya baş naziri Dmitri Medvedev Krıma səfər edib. Baş nazirin Krıma səfəri yarımadanın və Sevastopol şəhərinin Rusiyaya birləşdirilməsindən 10 gün sonra baş tutub. Medvedev səfər zamanı Krım və Sevastopolun sosial-iqtisadi inkişafı ilə bağlı müşavirə keçirib. Müşavirədə bildirib ki, Rusiya hökumətində Krım Işləri Nazirliyi yaradılır. Nazirliyə Oleq Savelyev rəhbərlik edəcək. Oleq Savelyev 2008-ci ildən iqtisadi inkişaf nazirinin müavini postunu tuturdu.
“Putinin növbəti hədəfi Ukraynanın şərqi vilayətləri olacaq”
“Avropa vahid siyasi güc kimi Rusiya prezidenti Vladimir Putinə müqavimət göstərməlidir”. Bunu Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer “Sueddeutsche Zeitung” qəzetindəki məqaləsində bildirib. Almaniyalı siyastəçi hesab edir ki, Qərb xeyli müddətdir Putin Rusiyası ilə bağlı illüziyaya qapıldığından indi bunun nəticəsi Krımda partlayır: “Sovet Ittifaqının ərazilərini toplamaq Putinin çoxdankı strategiyası olub. Bu strategiyanın mərkəzində Ukrayna dururdu və indi də durur. Rusiya prezidenti Ukraynasız məqsədinə çata bilməyəcək. Məhz buna görə də Putinin növbəti hədəfi Ukraynanın şərqi vilayətləri olacaq. Bu isə Ukraynada sabitliyin uzun müddətə pozulmasına səbəb olacaq. Gözümüzün önündə Şərqi Avropa, Qafqaz və Orta Asiyada postsovet dövlət quruluşları dağılmaqdadır”. Y.Fişer qeyd edib ki, Avropa qitəsində sabitliyi yalnız güclü və vahid Avropanın səyləri ilə qoruyub saxlamaq mümkün olacaq.
NATO Rusiya ilə işgüzar görüşləri dayandırdı
Aprelin 1-2-də Brüsseldə NATO XIN başçılarının görüşü keçiriləcək. Görüşdə nazirlər Ukrayna ətrafındakı prosesləri müzakirə edəcəklər, habelə Rusiya ilə münasibətlərə yenidən baxacaqlar. Nazirlərin görüşü çərçivəsində Ukrayna xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Deşitsanın iştirakı ilə Ukrayna-NATO komissiyasının toplantısı da keçiriləcək. NATO ölkələrinin XIN başçıları həmçinin alyansın Uelsdə planlaşdırılan sammitinə hazırlıq məsələlərini müzakirə edəcəklər. Adını açıqlanmasını istəməyən yüksək rütbəli NATO təmsilçisi bildirib ki, nazirlərin görüşünün yekunlarına dair bəyanatın qəbul olunacağı gözlənilir: “Nazirlər Ukraynanın ərazi bütövlüyünə güclü dəstək ifadə edəcəklər. Rusiyanın atdığı addımlar avroatlantik təhlükəsizliyə çağırışdır. Moskva oyun qaydalarını və beynəlxalq qanunları pozur. Biz əvvəlki kimi Rusiya ilə münasibətləri davam etdirə bilmərik”. NATO təmsilçisi onu da bildirib ki, artıq Rusiya ilə işgüzar görüşlər dayandırılıb. Lakin səfirlər səviyyəsində diplomatik dialoq üçün imkan hələ də saxlanılır.
Kerri və Lavrov 4 saat danışıq apardı
ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna böhranı ilə bağlı 4 saat danışıq aparıblar. Kerri bildirib ki, görüşdə Ukraynadakı böhranı həll etməyin ən yaxşı yolunun diplomatiyadan keçdiyi qənaətinə gəliblər. ABŞ diplomatı həmçinin qeyd edib ki, ukraynalılar olmadan Ukrayna barəsində heç bir qərar qəbul edilməyəcək. Kerri ABŞ-ın Rusiyanın Krımla bağlı davarnışlarını qeyri-legitim və qeyri-leqal hesab etdiyini diqqətə çatdırıb. O, Rusiyanın Ukrayna sərhədlərində yerləşdirdiyi hərbi qüvvələrlə bağlı Vaşinqtonda məsələ qaldırdığını da bəyan edib. Öz növbəsində, Lavrov bir daha qeyd edib ki, Ukrayna müxtəlif regionlarına geniş muxtariyyət verən federasiya halında birləşməlidir.
Mayk Rocers: “Ağır artilleriya, xüsusi təyinatlılar hazır vəziyyətdədir”
Amerika kəşfiyyatı növbəti dəfə Rusiyanın Ukraynanın şərq sərhədlərinə qoşun yeritməsi barədə xəbərdarlıq edib. Ağ evin kəşfiyyat komitəsinin sədri Mayk Rocers rəsmi Moskvanın Ukraynanın şərq hissəsinə olan iştahından narahat olduğunu ifadə edib: “Biz sərhədlərə on minlərlə qoşunun yeridildiyini müşahidə edirik. Onlar artıq Ukraynaya girməyə tam hazırdırlar. Rəsmi Moskva tərəfindən qərar qəbul ediləcəyi təqdirdə ordunun müdaxiləsi üçün hər cür imkan var. Ağır artilleriya, piyada dəstələri və xüsusi təyinatlılar hazır vəziyyətdədir. Düşünürəm ki, onlar təzyiqləri davam etdirəcəklər”.
Rusiyanın Amerikadakı səfiri Sergey Kislyak isə məsələyə şərh verərkən rəsmi Moskvanın Ukrayna sərhədlərini pozmağa çalışmadığını vurğulayıb: “Rus əsgərləri Rusiya Federasiyası daxilində hərbi təlimlər keçirlər. Bu normal təlimlərdir. Ukrayna ilə Rusiya arasındakı gərginlik əslində hazırkı Ukrayna hökuməti ilə rəsmi Moskva arasında olan problemlərlə əlaqədardır. Ukraynada regionların rəyini nəzərə ala bilmək üçün konstitusiya dəyişikliyi keçirilməlidir”.
Mayk Rocers rus ordusunun eyni zamanda Cənubi Osetiya sərhədlərinə də artilleriya dəstələri göndərdiyini qeyd edib. Onun sözlərinə görə, rəsmi Moskva bununla Gürcüstan və Ermənistan vasitəsilə Iranla körpü yaratmağa çalışır.
Kipr də Ukraynanı dəstəklədi
Kipr Respublikası Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bu barədə məlumat Ukrayna Xarici Işlər Nazirliyi verib. Məlumata görə, Kipr XIN-in katibi Aleksandr Zenon bunu Ukrayna Xarici işlər nazirinin müavini Danil Lubkivski ilə telefon söhbətində bildirib. Lubkivski Kipr tərəfinə BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü tanıyan və Krımdakı referenduma qarşı çıxan qətnamənin qəbuluna səs verdiklərinə görə də təşəkkür edib.


