CHP lideri Ərdoğana: “Sən kimsən ki?..”

Kamal Kılıçdaroğlu istefasından danışdı: “Yalandır!”

Dövlət Baxçalı: «AKP nə qədər səs yığsa da, korrupsiyaya sürüklənmiş qara vicdanlı zümrə olaraq  yaxasını istintaqdan qurtarmayacaq»

Türkiyədə olduqca gərgin şəraitdə keçən bələdiyyə seçkiləri başa çatdı. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) təxminən 45 faizlik səslə Türkiyənin əksər şəhər və bölgələrində bütün rəqiblərini geridə qoydu. Bu seçkidə AKP həm də öz rekordunu yeniləmiş oldu. 2004-cü ilin bələdiyyə seçkisində 41.6 faiz səs alan partiya 2009-cu ildəki eyni səviyyəli seçkidə 3 faizdən artıq səs itirərək 38.3 faizlə kifayətlənməli olmuşdu. 30 mart seçkisində isə AKP 43 faizdən artıq səs topladı.
AKP-dən sonra səs faizinə görə irəlidə gedən partiya CHP (təxminən 26 faiz) oldu. Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi partiya yalnız İzmirdə (Atatürkün ən qatı tərəfdarlarının olduğu şəhər) yüksək nəticə göstərə bildi və təxminən 50 faizlik səslə liderliyi ələ keçirdi.

«İstefa verməli olan adam Ərdoğandır»

Seçkinin ilkin nəticələri açıqlanandan və AKP-nin irəlidə olduğu məlum olandan sonra Türkiyə mediasında Kılıçdaroğlunun istefa verdiyi ilə bağlı xəbərlər yayıldı. İdialara ilk dəfə bu gün münasibət bildirən Kılıçdaroğlu istefa xəbərini uydurma və absurd adlandırıb: «Tərəfdarları mənim istefa verdiyim barədə xəbərlər yayırlar. İstefa verəcək varsa, bu ölkəni soyanlardır, Ərdoğandır. Oğrudan dövlət başçısı olmaz. Biz sona qədər mübarizə aparacağıq. Bu hələ başlanğıcdır. Bilirəm, gözlədiyimiz qədər səs ala bilmədik. Amma xalqa daha çox yaxınlaşacağıq. 31 martdan sonra Türkiyədə basqıların artacağını hamınız görəcəksiniz. Amma biz yenə də xalqın, demokratiyanın yanında olacağıq».

«Sən kimsən ki?»

Ərdoğanın seçki sonrası çıxışına toxunan Kılıçdaroğlu baş naziri sözün əsl mənasında «topa tutub»: «İstanbulda pulu sıfırlayanlar (Ərdoğanın ailəsini nəzərdə tutur-red) cərgə ilə düzülüblər. Adı korrupsiyaya bulaşmış adamlarla xalqa ümid verən sözlər deyə bilməzsiniz.  
Bu çıxışında Ərdoğan açıq şəkildə demokratiyaya meydan oxudu. Mən dövlətə meydan oxuyuram, istədiyimi edərəm deyir. Medianı, sosial qrupları, partiyaları, demokratiyanı təhdid etdi. Sən kimsən ki? Diktatora yaraşan üslubla dünyanı, Türkiyəni dizayn edir. Biz bu ölkədə demokratiyanı sən təhdid edəsən deyə qurmadıq. Sonra bir az qabağa gedib müxalifəti dizayn etməyə çalışır. Bəy əfəndi özünə uyğun bir müxalifət istəyir. Müxalifətə dözümlü yanaşa bilmir. Demokratiya müxalifətə dözümlü yanaşmaqdır. Müxalifəti,  xüsusən də CHP-ni dizayn etməyə sənin gücün çatmaz.

«Yığılan səslərlə təmizə çıxdığını düşünür»

Yığılan səslərlə təmizə çıxdığını düşünür. Səslə təmizə çıxmaq olmaz. Gedib qanun qarşısında hesab verəcəksiniz. Bu gün də olmasa, mütləq sabah verəcəksən. Halala da meydan oxudu. Bizim haramın tərəfindəyik dedi. Dünyanın heç yerində diktatorlar qalib gəlməz. Sadəcə qalib gəldiklərini düşünərlər. Qazanan Türkiyədir. Əgər qarşında baş əyəcək adamlar axtarırsansa, çıxış zamanı yanında duran adamlara bax. Biz boyun əyməyəcəyik».

«Məğlub olmamışıq»

Seçkinin nəticələrini məğlubiyyət kimi qəbul etmədiyini deyən CHP başqanı yanlış və doğruları dəyərləndirəcəklərini, AKP elektoratına xitab etməyə çalışacaqlarını, amma bütün bunların bir gün içində olmayacağını bildirib: «Əsas problem bir-birimizi dinləyə bilməkdir. AKP-çilər bizə qulaqlarını bağlayıblar. Nə dediyimizi dinləmək belə, istəmirlər. Bu mənada ortada bir demokratiya böhranı var. O kütlənin bizə necə qulaq asacağının üzərində dəyərlərndirmə aparmalıyıq. Bizsə onları dinlədiyimizi düşünürük. Baş nazirə səhərdən-axşama qədər qulaq asırıq. AKP-nin seçicilərinə gəlincə, onları həqiqətən də dinləyirik. Anlayaqları səviyyədə danışmağa çalışırıq. Amma təbii ki, onları birdən-birə razı sala bilmərik. Yəni bir anda bir-birimizlə qucaqlaşa bilmərik. Bunun müəyyən vaxt alacağını düşünürəm».
Kılıçdaroğlu İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərdə səslərini xeyli artırdıqlarını bildirib: «Əksər böyük şəhərlərdə ilk dəfə ucqar kəndlərdə  yaşayanlar da səs verdilər. Biz hər zaman bu baxımdan geridə qalırdıq. Amma ilk dəfə oralarda da mövcudluğumuzu hiss etdirdik. Hər yanlışı və doğrunu dəyərləndirib daha yaxşı olmaq üçün var gücümüzlə yola davam edəcəyik».

«Bu seçkiyə tarixin ən böyük rüşvət və korrupsiya əməliyyatı damğa vurdu»

17 faizlik səslə seçkinin üçüncüsü olan MHP də nəticələrə qiymətini verib. Partiyanın başqanı Dövlət Baxçalı bildirib ki, Ərdoğan və AKP nə qədər səs alırsa-alsın etdiklərinə bəraət qazandıra bilməyəcək: «Heç nə əvvəlki kimi olmayacaq. Seçkinin nəticələri məhkəmələrin yerinə keçə bilməyəcək. AKP açıq-aşkar dövlətin bütün resurslarından istifadə etdi.
Bu seçkilərə tarixin ən böyük rüşvət və korrupsiya əməliyyatı damğa vurdu. Türk milləti rüşvət alveri aparanları açıq-aşkar gördü. Baş nazir və partiyası hansı nəticəni qazanırsa-qazansın, bu, yol verilən qanunsuzluqları ört-basdır etmir.
Xalqın seçiminə hörmətlə yanaşırıq. Nəticələr ətraflı şəkildə təhlil ediləcək. MHP önəmli bir uğura imza atdı. Bu, bizim üçün irəliyə addım və ümidverici bir mənzərədir».
Ərdoğanın seçki sonrası çıxışına toxunan Baxçalı bildirib ki, baş nazirin son sözləri onun qütbləşməni daha da dərinləşdirəcəyini göstərir: «Baş nazirin yeni müxalifət ifadəsi ağılsızlıqdır. Siyasi nəticələr nə olursa-olsun, iqtidarda korrupsiyaya sürüklənmiş qara vicdanlı zümrə var. Baş nazirin ətrafında olan insanlar yaxalarını istintaqdan qurtarmış sayılmırlar».

Ərdoğan öz rekordunu təzələdi

Qeyd edək ki, bu seçkidə AKP həm də öz rekordunu yeniləmiş oldu. 2004-cü ilin bələdiyyə seçkisində 41.6 faiz səs alan partiya 2009-cu ildəki eyni səviyyəli seçkidə 3 faizdən artıq səs itirərək 38.3 faizlə kifayətlənməli olmuşdu. 30 mart seçkisində isə AKP 43 faizdən artıq səs toplayıb.

Gültəkin