Rövnəq Abdullayev Kəmaləddin Heydərovun jurnalistlərini niyə «oğurlayır»?
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin media holdinq yaratması barədə yeni məlumatlar yayılıb. Xatırladaq ki, bir neçə gün əvvəl yayılan məlumatda bildirilirdi ki, Rövnəq Abdullayev artıq media holdinq yaratmaq istiqamətində ilk addımını atıb. SOCAR-ın sponsorluğu ilə report.az saytı təsis edilib. Və orada işləmək üçün ölkənin ən populyar xəbər agentlikləri və saytlarının aparıcı əməkdaşları ilə danışıqlar aparılır.
Sayta dəvət olunanlara Azərbaycan jurnalistikası üçün fantastik hesab oluna biləcək maaş təklif olunur. Başqa sözlə, müxbirə 1500 manat, xüsusi müxbirə 2500 manat, redaktora 3000 manat, şöbə müdirinə isə 4-5 min manat vəd edilir. Report.az-ın baş redaktorunun isə Anar Əsgərov adlı şəxs olacağı deyilir.
***
Aznews.az saytı isə dünən məlumat yayıb ki, APA Informasiya Agentliyi, “APA Economics” və rus dilində yayımlanan vesti.az xəbər agentliklərinin bir neçə əməkdaşı bundan sonra report.az-da çalışacaqlarını açıqlayıblar. Ilkin məlumata görə, “APA Economics”in baş redatoru Vüqar Mustafayev, APA informasiya agentliyinin müxbiri Viktoriya Dementyeva və vesti.az-ın tanınmış kriminal müxbiri Ramella Ibrahimxəlilova APA-dan çıxacaqları ilə bağlı qurumun rəhbərliyini məlumatlandırıblar. Daxil olan xəbərdə o da bildirilib ki, “APA Holdinq”dən report.az-a keçmək niyyətində olanların dairəsi yalnız adıçəkilən şəxslərlə məhdudlaşmır.
ARDNŞ yayılan məlumatları təkzib edib. Qurumun mətbuat xidmətinin rəis müavini Elçin Kazımov publika.az-a açıqlamasında deyib ki, heç Neft Şirkətinin işçilərinə bu qədər maaş verilmir: “Bu layihə şirkətin layihəsi deyil. Mənim bundan xəbərim yoxdur. Hazırda şirkətdə bu barədə söhbət yoxdur. O qədər maaş heç Neft Şirkətində verilmir”.
“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı isə “Facebook” səhifəsində məsələyə münasibət bildirib. O, yayılan məlumatların yalan olduğunu qeyd edib: “APA Holdinq”dən kütləvi işdənçıxmalar barədə deyilənlərin və yazılanların heç bir ciddi əsası yoxdur. Son günlərdə şirkətin cəmi iki əməkdaşı işdən ayrılmaqla bağlı müraciət edib.
Bəzi həmkarlarımızın “APA Holdinq”dən bir neçə jurnalistin işdən çıxması ilə bağlı yazdıqlarından təəssüflənirəm və qətiyyən, belə bir halın olmadığını bildirirəm. Hazırda “APA Holdinq”də 300-dən çox jurnalist və yaradıcı şəxs çalışır. Onların əksəriyyəti ölkənin tanınmış imza sahibləri, istedadlı yazarları, informasiya texnologiyaları mütəxəssisləri və televiziya işçiləridir. Bugünlərdə “APA Holdinq”in yeni layihəsi də fəaliyyətə başlayacaq. Bu layihə ilə bağlı xeyli tanınmış yazar artıq iş təklifimizi qəbul edib və sabahdan etibarən sıralarımızda olacaqlar. Bütün həmkarlarımıza yaradıcılıq uğurları və sağlam rəqabət arzu edirik”.
***
ARDNŞ yayılan xəbərləri təkzib etsə də, mənbələr məlumatların əsassız olmadığını bildirir. Hətta Rövnəq Abdullayevin media holdinq yaratmasının səbəbləri barədə də maraqlı məlumatlar var. Bildirilir ki, ARDNŞ prezidenti hakimiyyətdəki “nurçu savaşı”nda nəzarətlərində media quruluşları olan rəqiblərinin ona qarşı informasiya müharibəsinə qarşılıq vermək üçün bu iddiaya düşüb. “Nurçu savaşı”nda daha çox fövqəladə hallar naziri Kəmaləddin Heydərova və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova yaxın media quruluşları fəallıq edirdi. Kəmaləddin Heydərovla Rövnəq Abdullayev arasında isə ziddiyyətlər var. Bu ziddiyyətlərin əsası ARDNŞ prezidentinin yeni tikilən binalara qaz verilməsinin sürətləndirilməsinə dair açıqlaması ilə qoyulub. Məsələ burasındadır ki, yeni tikilən binaların əhəmiyyətli hissəsinin dövlət qeydiyyatına alınmasına Fövqəladə Hallar Nazirliyi mane olur. Kəmaləddin Heydərov sahibkarlara müəyyən şərtlər əsasında arayış təklif edir. Sahibkarlar isə bu şərtləri qəbul etmir. Binalar dövlət qeydiyyatına alınmadığı üçün onlara qaz verilmir. Rövnəq Abdullayev isə öz maraqlarından çıxış edərək həmin binalarda yaşayış olduğunu əsas gətirib, qaz verilməsini məqbul saymışdı. Binalara qaz veriləcəyi təqdirdə onlar avtomatik dövlət qeydiyyatına alınmış hesab ediləcək. Beləliklə də, Rövnəq Abdullayev məlum açıqlaması ilə faktiki olaraq Kəmaləddin Heydərovun maraqlarına zərbə endirmiş olub. Bu ziddiyyətlər hələ də davam edir.
***
Adıçəkilən məmurlar arasında ziddiyyətlər Xəzər Dəniz Gəmiçiliyi Idarəsinin rəisi Aydın Bəşirovun işdən çıxarılmasından sonra daha da dərinləşib. Aydın Bəşirov Nəqliyyat Nazirliyinə tabe olan strukturun rəhbəri olsa da, nazir Ziya Məmmədovla hesablaşmırdı. Bunun da kökündə Kəmaləddin Heydərov tərəfindən himayə olunması dayanırdı. Yəni, gəmiçilik idarəsi faktiki olaraq “fövqəlnazir”in nəzarətində idi.
Lakin Ilham Əliyev Xəzər Dəniz Gəmiçiliyi Idarəsini və ARDNŞ-in nəzdində olan Xəzər Dəniz Neft Donanmasını ləğv edərək, onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılması barədə sərəncam imzaladı. Dövlət başçısının digər sərəncamı ilə Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edildi. Rauf Vəliyev bundan əvvəl ARDNŞ-in Nəqliyyat Idarəsinin rəisi vəzifəsində çalışıb. Yəni, Rövnəq Abdullayevə yaxın kadrdır. Bu isə o deməkdir ki, ARDNŞ prezidenti Xəzər Dəniz Gəmiçiliyini Kəmaləddin Heydərovun nəzarətindən çıxarıb. Bu ziddiyyətlərin fonunda hakimiyyətdəki “nurçu savaşı”nda “fövqəlnazir”ə yaxın saytlarda Rövnəq Abdullayevin də nurçularla əlaqədə olması barədə məlumatlar yayılırdı. Bunu Kəmaləddin Heydərovun qisası kimi qiymətləndirmək olar. Görünür, Rövnəq Abdullayev də bu qisasdan özünü qorumaq üçün media sahəsinə girməyi qərara alıb.
İnformasiya şöbəsi