“Qərbin hədəfi Rusiyanı çökdürməkdir”

«Krımın işğalının məqsədi NATO-nun genişlənməsini dayandırmaqdır»

«Siyasi düşüncəsi olan heç kim özünü Şimalı Koreya, Suriya, Sudan, Zimbabve ilə bir sırada görmək istəməz»

Gültəkin Hacıbəyli: «Azərbaycan hakimiyyəti onu keçmişə və cəhalətə sürükləyən ballastdan azad olmalıdır»

Ukraynada baş verən proseslər hələ də dünyanın gündəmindədir. Ukraynadakı demokratik inqilab Avropaya inteqrasiya tərəfdarlarını hakimiyyətə gətirsə də, ölkənin ərazi bütövlüyü üçün zərbə qaçılmaz oldu. Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli ilə müsahibəmizə Ukraynadakı son olaylara münasibət bildirməklə başladıq:

– Düzü, hazırda episentri Ukraynada yerləşən prosesin belə tez yekunlaşacağını gözləmirəm. Bu qlobal dünya prosesidir və Şimali Atlantika Alyansının Rusiyanın hüdudlarına doğru genişlənməsinədək davam edəcək. Bu, qlobal anlamda Şərq-Qərb qarşıdurması, sivilizasiyaların konfliktidir və Ukrayna öz mühüm geostrateji parametrlərinə görə bu mübarizənin məhək daşıdır. Rusiya Qara dənizin NATO-nun nəzarətinə keçməsinin qorxusunu yaşayır və Krımın işğalının başlıca qayəsi bu genişlənmənin qarşısını almaqdır. Dünya birliyinin Rusiyanın işğalına sərt reaksiyası, daha öncə isə Ukraynanın azadlıq mücadiləsinə açıq dəstəyi nəinki gözlənilən idi, bu hətta uzun zaman öncədən Qərb beyin mərkəzlərinin hazırlayıb addım-addım həyata keçirdikləri qlobal siyasətin tərkib hissəsidir. Avropa Birliyi hələ 2009-cu ilə Praqa sammitində Şərq Tərəfdaşlığı layihəsini təqdim etməklə Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus və Ermənistanın öz strateji maraq dairəsinə daxil olmasını bəyan etmişdi və o zamandan bəri addım-addım öz strateji hədəflərinə yaxınlaşmaqdadır. Ukrayna bu günlərdə Avropa Birliyi ilə Assosiasiya Sazişinin siyasi hissəsini imzaladı. Gürcüstan və Moldova bu sazişləri ötən Vilnüs sammitində parafladı və yaxın bir neçə ay ərzində imzalayacaq. Ancaq bu geostrateji seçimlər təbii ki, ölkələrə itkisiz başa gəlmir. Azərbaycan hələ ötən əsrin 90-cı illərinin əvvəllərində öz karbohidrogen ehtiyatlarını Avropa bazarlarına çıxarmaq və bununla da Avropa iqtisadi məkanına inteqrasiya etmək iradəsini ortaya qoyanda, rus hərbi birləşmələrini öz ərazisindən çıxarmaqla Avrointeqrasiya kursu nümayiş etdirəndə, bu ölkəmizə Qarabağın və ətraf bölgələrin işğalı hesabına başa gəldi. Moldovanın Rumıniya ilə qan və dil doğmalığından qaynaqlanan bütövləşmə, inteqrasiya  istəklərini ifadə etməsi onun Dnestyanı ərazisinin fakti ilhaqı ilə sonuclandı. Az sonra Gürcüstan Avropa və NATO ambisiyalarını ortaya qoydu və əvəzində Abxaziya və Cənubi Osetiya işğal olundu. Lakin nə Gürcüstanda, nə də bölgədə proses dayanmadı və daha da dərinləşdi. Indi isə sıra Qərb ilə Rusiya arasında ən böyük və ən mühüm “nifaq alması” olan Ukraynanındır. Reallıq ondan ibarətdir ki, bu gün Rusiya hərbi təcavüzünün qurbanı olan bu ölkələrin öz müstəqilliyinə etibarlı təminat qazanmaq üçün NATO-ya üzv olması onların hər birinin dövlət təhlükəsizliyinin zəruri şərtinə çevrilib. Ukrayna xalqının Avrointeqrasiya və onun ehtiva etdiyi dəyərlər – daha yaxşı rifah, demokratiya, insan hüquqları, davamlı tərəqqi və s. uğrunda əyilməz iradəsi göz önündədir. Krımın işğalı belə bu iradəni sındıra bilmədi, Ukrayna Avropa ilə bütövləşmə sazişini imzaladı. Rusiya isə qardaş Ukrayna xalqını özünə əbədi düşmənə çevirməyə nail oldu. Ancaq bununla Ukrayna hadisələri bitmədi, əksinə daha ciddi və daha gərgin mərhələyə daxil oldu. Ukrayna 25 mayda növbəti prezidentini seçəcək və Ukrayna-Rusiya qarşıdurmasının ən mühüm mərhələsi ondan sonra başlayacaq. Rusiyanın əlində Ukraynanın şərq bölgələri kimi təzyiq rıçaqları var və Kremlin Qərbi Xarkov və Donetsklə hədələməsi, bunun qarşılığında isə Krımın ilhaqına güzəşt istəməsi göz önündədir. Digər tərəfdən, Qərbin və Ukraynanın Krımın işğalını ilə barışacağını söyləmək də sadəlöhvlük olardı.  

“Rusiyaya qarşı hərbi yox, iqtisadi addımların tətbiqi doğrudur”

– Ukrayna hadisələrinin təsirsiz ötüşməyəcəyi şübhəsizdir. Istər Ukraynadakı demokratikləşmə, istərsə də Rusiyanın addımlarının hansı təsirləri ola bilər?
– Ukrayna hadisələrinin ən çox təsir edəcəyi ölkə Rusiyadır. Rusiya bölgədə əsas destabilizasiya faktoru kimi çıxış edir, separatçılıq və işğalçılıq siyasəti həyata keçirir, eyni zamanda bölgədə və dünyada mövcud olan bütün avtoritar və diktatura rejimlərinin xaç atasıdır. Təsadüfi deyil ki, BMT-də Ukrayna ilə bağlı səsvermədə bu rejimlərin əksəriyyəti Rusiyanın Krımı ilhaq siyasətini dəstəklədilər. Buna görə də Qərbin adi gözlə görünən və görünməyən bütün geosiyasi kombinasiya, konfiqurasiyalarının son hədəfi şər imperiyasının hüquqi, mənəvi varisi olan Rusiyanı çökdürməkdir. Rusiya nəhəng nüvə dövlətidir və ona qarşı hərbi güc tətbiqi aydındır ki, ən son zərurət anınadək istisna ediləcək. Ukrayna hadisələri zanamı Barak Obamanın bir neçə dəfə israrla Qərbin hərbi güc tətbiq etmək niyyətində olmadığını deməsi Qərbin zəifliyi yox, məhz praqmatizmidir. Çünki Rusiya tipli imperiyalara qarşı hərbi yox, siyasi-iqtisadi addımların tətbiqi özünü doğruldur. SSRI-ni üç faktorla- siyasi və sosial zəmində daxili narazılıqlar, milli münaqişələr və neftin qiymətinin kəskin azalması ilə çökdürdülər. Həmin proses indi də gedir. Ruslara ən doğma slavyan xalqı olan ukraynalılarla düşmənçilik rus “obıvatel”inin belə asan həzm edə bilməyəçəyi reallıqdır. Razılaşın ki, hətta şovinist rus düşüncəsi üçün azərbaycanlı və gürcüdən fərqli olaraq ukraynalını düşmən obrazında qavramaq kifayət qədər qeyri-standart situasiyadır. Ukrayna ilə düşmənçilik etmək müqabilində dünyanı özünə qarşı düşmənə çevirməyin rus ictimai fikrində doğurduğu fəsadları Putin hakimiyyəti mütləq öz üzərində hiss edəcək. Digər tərəfdən, Krımın ilhaqı ilə 89 federasiya subyektindən oluşdurulan bir imperiya öz ərazisində baş qaldıracaq bütün milli-azadlıq hərəkatlarını öncədən legitimləşdirmiş oldu. Və nəhayət, üçüncü, bəlkə də ən mühüm təzyiq mexanizmi iqtisadi faktordur. Bu yaxınlarda Con Makkeyn Rusiyanın artıq dövlət yox, nəhəng bir yanacaqdoldurma stansiyası olduğunu söyləmişdi. Bu fikrin həqiqət payı böyükdür. Rusiya qanunların işləmədiyi, iqtisadiyyatın isə yalnız neft və qaz ixracı üzərində qurulduğu bir məkandır. Bu yanacaqdoldurma stansiyasında yanacaq ehtiyatı hələ çoxdur, lakin yanacağı alan olmasa, o, az bir zamanda iflas edəcək. Odur ki, Qərb hal-hazırda Rusiya karbohidrogen resurslarından asılılığı tam şəkildə aradan qaldırmaqla məşğuldur. Məqsəd Avropanın enerji təhlükəsizliyini tam təmin etmək şərti ilə Rusiyadan olan asılılığı sıfra endirməkdir. Çünki komfort həyata öyrəşmiş avropalı qışda Ukraynaya və ya Gürcüstana görə soyuqdan donmağı öz hökuməyinə bağışlamayacaq. Ona görə də, Barak Obama ABŞ-ın Avropanı 2015-ci ilin sonlarından qazla təhzic etməyə hazır olduğunu bildirir. ABŞ öz ehtiyat rezervuarlarını açır, Irandan, Iraqdan, Qətərdən, Liviyadan, Türkmənistandan, Azərbaycandan olan altenativlər üzərində intensiv iş gedir. Bu problem yaxın bir neçə ilə öz həllini tapacaq və bununla da Avropa Rusiyanın qaz şantajından qurtulacaq. Təbii ki, bu proses Rusiyaya heç də yaxşı perspektiv vəd etmir, lakin Putin özü Rusiyanı bu məngənəyə saldı.

“BMT-də Ukraynanın dəstəklənməsi doğru idi”

– Ukrayna hadisələrində Azərbaycan Qərbi dəstəklədi. Ekspertlər düşünür ki, əslində bu Azərbaycanı Avropaya yaxınlaşdıran amildir. Baş verənlərdən Azərbaycan hansı dərsləri götürməlidir?
– Öncə onu qeyd edim ki, Azərbaycanın BMT-də Ukrayna ilə bağlı səsvermədə bu ölkənin ərazi bütövlüyünə açıq dəstək verməsi düzgün siyasi qərar idi və təqdir olunmalıdır. Açığı, mən başqa addım gözləmirdim də. Ölkəmizin ərazisinin 20 faizi məhz Rusiyanın dəstəyi ilə işğal olunduğu halda, Azərbaycanın Rusiyanın Krımı işğalına qarşı çıxmasından təbii heç nə ola bilməzdi. Digər tərəfdən, az-çox siyasi təhlil qabiliyyəti olan hər kəs anlayır ki, Rusiyaya dəstək vermiş rejimlər artıq tarixin dünənki günüdür və hamısı müvəqqətidir. Siyasi düşüncəsi olan heç kim özünü o rüsvayçı siyahıda, Şimalı Koreya, Suriya, Sudan, Zimbabve ilə bir sırada görmək istəməz. Bu gün dünyada ən zəngin təbii resurslara, böyük intellektual potensiala malik olan, ərazisinə görə ən nəhəng nüvə dövləti Rusiya ona görə o sıradadır ki, bu ölkə də hər şey – neft, qaz, daş kömür, almaz, atom silahı, intellekt və s. olsa da bircə şey yoxdur – demokratiya. Azərbaycan hakimiyyəti bu reallıqdan özü üçün nəticə çıxarmalıdır.

“Repressiyalar loyal insanların da hakimiyyətə münasibətini sərtləşdirir”

– Hakimiyyətin hazırda reallaşdırdığı yeni həbslərin,  repressiv addımların bir nəticəsi ola bilərmi?
– Demokratikləşmə qlobal təkamülün tərkib hissəsi olmaqla qarşısıalınmaz bir prosesdir. Onunla mübarizə aparmaq, onun qarşısını repressiv metodlarla almaq cəhdləri mənasızdır. Onu yalnız müəyyən müddətə yubatmaq olar, lakin bu yubatmanın fəsadları, bir qayda olaraq, daha ağır olur.  Hamımız siyasi məhkəmələri izləyirik. Bu məhkəmələrin məhzəkəyə, gülüş hədəfinə çevrilməsi artıq sovet repressiya maşınının işləməməsinə dəlalət edir. Bu, cəmiyyətin həmin həbslərə reaksiyasıdır. Hansı ciddi ictimai fəalı  bu həbslərlə mövqeyindən çəkindirmək mümkün olub? Əksinə, repressiyalar hakimiyyətə loyal insanları da ona qarşı  sərtləşdiriblər. Odur ki, Azərbaycan hakimiyyəti onu geriyə, sovet keçmişinə və cəhalətə sürükləyən ballastdan – mənşəyi və kimə xidmət etdiyi artıq bəlli olan qaragüruh qüvvələrdən azad olmalı, zamanla hesablaşmalı və BMT-də səsvermə ilə etdiyi strateji seçimini dərinləşdirməlidir. Ən qısa zamanda ölkəmiz Avropa Birliyi ilə Assosiasia Sazişi və Azad Ticarət Sazişi imazalamağa hazırlaşmalıdır. Azərbaycan hökuməti Dünya Ticarət Təşkilatına üzvlüklə bağı gülünc arqumentlərdən, “qoşulmamaq üçün danışıqlardan” əl çəkib tezliklə bu qlobal iqtisadi bloka qoşulmalıdır.
2014-cü il ölkəmizdə bələdiyyə seçkiləri ilidir. Bu, cəmiyyətdə yığılmış protest enerjisini, gərginliyi azaltmaq, “qaykaları boşaltmaq” üçün hakimiyyətə gözəl bir şans verir. 16 min nəfərdən çox bələdiyyə üzvü seçilməlidir. Heç bir müxalifət təşkilatının ayrı-ayrılıqda bələdiyyələrə bu qədər namizəd vermək imkanı yoxdur. Ancaq hakimiyyətin bu seçkilərdə xalqın öz haqqını qismən də olsa özünə qaytarmaq imkanı var və praqamatik düşünən hakimiyyət bu fürsətdən yararlanmalıdır. Qoy insanlar istədikləri namizədi seçsinlər – fərqi yoxdur, bu yapçı da ola bilər, bitərəf də, müxalifətçi də. Ən əsası, insanlara heç olmasa yerli səviyyələrdə söz sahibi olmaq, prezidentin “qudurğan” adlandırdığı məmurların zülmündən qismən də olsa qurtulmaq və istədikləri şəxsi seçməklə özlərini bu ölkənin sahibi hiss etmək imkanı verilməlidir. Bununla son dövrlər əhəmiyyətli dərəcədə artmış, ölkənin bütün coğrafiyasını bürümüş və idarəolunmaz səviyyəyə yaxın olan sosial narazılıqları qısmən azaltmaq, cəmiyyətlə yaxınlaşmaq olar. Ölkədə geniş demokratik islahatlara başlamağın zamanı çoxdan çatıb və o zaman artıq ötürülür. Hakimiyət ASAN xidməti ilə öyünür. Mən də bu xidmətdən istifadə etmişəm və istər xidmətin səviyyəsindən, istərsə də operativliyindən çox razı qalmışam. Ancaq 21-ci əsrin Avropa dövləti iddiasında olan ölkədə bu hər bir nazirliyin, hər bir dövlət idarəsinin normaq iş qaydası olmalıdır və ayrıca ASAN xidmətinə ehtiyac qalmamalıdır. Odur ki, hakimiyyət dünyada baş verən qlobal demokratik dəyişikliklər fonunda, həyatımızı çətinləşdirməməli, əksinə, bütün cəmiyyətin həyatını asanlaşdırmağın optimal yollarını tapmalıdır.

Xəyal