Ermənistanın Rusiya sevgisi Azərbaycana hansı imkanlar yaradır?

Vəfa Quluzadə: «Bu məsələdə Azərbaycanın Ermənistanı üstələməsi yox, Ermənistanın Rusiyanın asılılığından xilas olması önəmlidir»

Ukraynada baş verənlər, Krımın ilhaqı, Rusiyanın aqressiv siyasəti, ABŞ və Avropanın proseslərə münasibəti, dünyanın əsas müzakirə mövzusudur. Rusiyanın işğalçı siyasətinə etiraz olaraq BMT-də, AŞPA-da və digər mötəbər qurumlarda dinləmələr keçirildi, Ukraynanın ərazi bütövlüyü 100 ölkə tərəfindən tanındı, Rusiyaya qarşı sanksiyalar tətbiq olundu. Hələ bu istiqamətdə beynəlxalq səviyyədə müşavirələrin, müzakirələrin davam edəcəyi bildirilir. 

Maraqlı məqam ondan ibarətdir ki, “Şərq Tərəfdaşlığı”na daxil olan 2 ölkə, Ermənistan və Azərbaycan baş verənlərə fərqli münasibət sərgilədi və fərqli cinahlarda yer aldı. Belə ki, Azərbaycan tərəfi Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bildirsə də, Ermənistan bunun əksini nümayiş etdirdi və Rusiyanın təcavüzünə haqq qazandırdı.

Bəzi ekspertlər yaranmış vəziyyəti Azərbaycan üçün qızıl şans hesab edir və Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın önə çıxdığı bildirilir. Çünki, 2 ölkə arasında 20 ildən artıqdır müharibə gedir və tərəflərdən biri dünya birliyinin mövqeyinə adekvat mövqe sərgiləyir.

Azərbaycan indiki situasiyadan necə faydalanmalıdır?

Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycanın mövqeyi qərbə aydındır, ancaq hazırda Qarabağ məsələsi dünyanın gündəmində deyil: “Qeyd etmək lazımdır ki, baş verənlərlə bağlı təşkil olunan dinləmələr, müzakirələr məsələnin nəzəri tərfidir. Praktiki cəhət ondan ibarətdir ki, Avropa Ittifaqı Rusiyanın təcavüzünə qarşı sanksiyaları dərinləşdirməli və genişləndirməlidir. Bu faktor, Putin hakimiyyətini çökdürə biləcək və onu digər münaqişə ocaqları yarada bilməmək üçün zəiflədəcək faktordu. Ermənistanın sərgilədiyi mövqeyə gəlincə, qərb gözəl bilir ki, Azərbaycan müstəqil ölkədir, Ermənistan isə Rusiyadan gələn tapşırıqlar əsasında hərəkət edir. Digər tərəfdən hazırda Qarabağ məsələsi gündəmdə deyil, əks halda Qərb öz mövqeyini sərgiləyərdi. Hazırda gündəm Ukrayna böhranıdır və bu proseslər tamamlanandan sonra dondurulmuş münaqişlər gündəmə gələ bilər. Bugün Azərbaycanın mövqeyi Qərb üçün tamamilə aydındır. Bu məsələdə Azərbaycanın Ermənistanı üstələməsi yox, Ermənistanın Rusiyanın asılılığından xilas olmağı önəmlidir. Qərbin də marağı budur ki, Azərbaycan, Gürcüstan, Ermənistan müstəqil dövlət kimi bərqərar ola bilsin və bu zonada onun maraqları təmsil olunsun”.

Akif