Baş nazirin keçmiş müavinin gəlir mənbələri Heydərovun nəzarətinə keçdi
“Milyarderlər Ittifaqı”nın yaranmasından sonra baş nazirin keçmiş birinci müavini Abbas Abbasovu düşmən elan edən Azərbaycan hakimiyyəti onun ölkədəki biznesini sıradan çıxarmaqla kifayətlənmək niyyətində deyil. “Azadlıq”a daxil olan məlumatda deyilir ki, artıq Abbas Abbasovun Türkiyədəki biznesinə də əl qoyulub.
Yada salaq ki, baş nazirin keçmiş birinci müavini bu günlərdə yerli mətbuata verdiyi silsilə müsahibələrdə ona qarşı kampaniya aparıldığını bəyan etmişdi. Abbas Abbasov müsahibədə Türkiyədəki biznesinin də təhlükə altında olduğuna eyham etmişdi. Indi bəlli olur ki, Abbas Abbasovun narahatlığı əsassız deyilmiş.
Məlumatda bildirilir ki, Abbas Abbasovun Türkiyədəki biznesi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ixtiyarına verilib. Xatırladaq ki, Azərbaycanda Gürcüstanın məşhur mədən suyu “Barjomi”nin satışı da Abbas Abbasova məxsus şirkətdən alınaraq Kəmaləddin Heydərova məxsus “Gilan Holding”ə verilib.