Millət vəkili, Ədalət partiyasının sədri Ilyas Ismayılovla Milli Məclisin sədri Oqtay Əsədovun parlament iclasındakı qalmaqallı dialoqu bu məclisdə yaşanan qeyri-ciddiliyə az da olsa ciddilik gətirdi. Bu insidenti həddini aşan spikerlə ona öz həddini bildirən millət vəkili arasında yaşanan və ən çox yadda qalan hadisə kimi dəyərləndirmək olar.
Milli Məclis sədrinin bir qayda olaraq parlament iclaslarında əndazəni aşan, həmkarlarını susdurmağa hesablanan, hökumətin tənqidinə yönələn fikirlərin qarşısını almağa yönələn bir sıra çıxışlarını çox vaxt susqun deputatlar cavabsız qoysa da, bu dəfə I.Ismayılovun sərt təpkisi ilə qarşılandı. Hörmətli millət vəkili spiker tərəfindən şəxsinə qarşı yönəlik sayğısızlığı və təhqiramiz ifadələri cavabsız buraxmadı və topluma aydın olsun deyə onun spikerə yaraşmayan davranışlarını təhlil edən mətbu açıqlama ilə çıxış etdi.
Müsahibə xarakterli həmin açıqlama, əslində spikerə verilən sərt cavab olmaqla yanaşı həm də oxuculara Azərbaycan parlamentinin hansı yollarla formalaşdırılmasını, orada hökm sürən siyasi savadsızlığı, parlamentin Prezident Aparatından gələn təlimatlarla idarə olunmasını, hakimiyyətin qanunverici qanadı olan bu sahədə qanunların necə kobud şəkildə pozulmasını, Milli Məclisdə oturanların adi siyasi və hüquqi bilgilərdən uzaq olduğunu bir daha ortaya qoydu.
Ilyas müəllimin qaldırdığı məsələlər müxalif düşərgənin zaman-zaman səsləndirdiyi fikirlərlə üst-üstə düşür və təqdirəlayiq haldır ki, Ilyas müəllim bu məsələni cəsarətlə parlament kürsüsündən bəyan edir. I.Ismayılov onun tənqidi çıxışlarına dözümsüzlük göstərən, spiker kürsüsünün boy ucalığından yararlanıb öz həmkarına qarşı boy göstərən parlament sədrinə hüquqi dillə və siyasi mədəniyyətlə o fikirləri anladır ki, burası bazar deyil və kimlərsə də parlamentdə “bazarkom” rolunda çıxış etməməlidir. Hər bir millət vəkilinin haqqıdır ki, təqdirəlayiq işlərlə bərabər hökumətin tənqidəlayiq işlərini də gündəmə gətirsin.
Görünən odur ki, I.Ismayılovun konstitusiyanın 85-ci maddəsinin tələblərinin pozulması hesabına rektorların millət vəkili statusuna yiyələnməsinin qanuna zidd olması, bir çox deputatın qeyri-qanuni biznes fəaliyyəti ilə məşğul olması, bir çox deputatın namizədliyinin irəli sürülməsi zamanı öz gəlirlərini gizlətməsi barədə qaldırdığı məsələlər kimlərisə narahat edir və bu səbəbdən də istənilən tənqidi çıxışı spiker süngü ilə qarşılayır.
I.Ismayılov çox düzgün qeyd edir ki, rektorların və digər ödənişli sahələrdə çalışan şəxslərin eyni zamanda millət vəkili olması əslində rüşvət və korrupsiyaya münbit zəmin yaradır. Axı onların hansı üstün keyfiyyətləri, hansı əvəzolunmaz qabiliyyətləri var ki, bir neçə vəzifə daşımaqla yanaşı, həm də millət vəkili statusuna yiyələnirlər. O hansı rektordur ki, adı rüşvətdə hallanmasın, o hansı hakim, prokurordur ki, rüşvət və korrupsiya bataqlığına yuvarlanmasın. Nə üçün başqa ölkələrin parlamentlərində bu neqativlər, rüşvət və korrupsiya faktları müzakirə predmeti olduğu halda bizdə adi tənqidi çıxışları bu qədər dözümsüzlük nümayiş etdirilir?
Hakimiyyət bölgüsünün düzgün təşkil edilməməsinin nəticəsidir ki, Milli Məclis öz qanunverici funksiyasını layiqincə yerinə yetirə bilmir, parlament qarşısında hesabatlı olanlar millətə hesabat verməyi özünə yaraşdırmır, millət vəkilləri seçici sorğuları ilə bağlı olaraq nazirlərin qəbulunda saatlarla gözləməli olur. Spiker O.Əsədov tənqidi fikirlər səsləndirən millət vəkillərini susdurmaq, onları aşağılamaq cəhdində bulunmaqdansa, ipə-sapa yatmayan nazir və oliqarxların millət vəkillərinə qarşı nümayiş etdirdikləri sayğısızlıqları aradan qaldırmaq haqda düşünsə, daha yaxşı olar.