Oxuyub kövrəlməyin

Birinci əhvalat

Martın 28-də Bakının ətraf qəsəbələrinin birində eynəkli bir gənclə söhbət etdim. Yolun o üzündə işləyən tikinti fəhlələrindən iş istəyirdi. Mən yolun əks tərəfində dayanmışdım. “Fəhləlik bacarıram!” – deyə onlara israr edirdi ki, təki istənilən ağır işi versinlər ona. Deyirdi ki, çox aşağı ödənişə işləyər.

Fəhlələr soruşdu ki, niyə indiyədək iş tapmayıb. O da dedi ki, gözü çox zəifdir, heç kim işə götürmür, eynəyindən anlayırlar ki, çox zəifdir.

Üz tutduğu ustaların yanında ona iş tapılmadı. Əvvəlcə sakitcə qulaq asırdım. Amma nəhayət müdaxilə etdim söhbətə və gəncə sual verdim:

-Tələbəsiniz?

-Xeyr…

Bəlli oldu ki, bu qəsəbədə kirayə qalır. Hətta evlidir bu gənc və bir neçə aydır kiçik kirayə pulunu verə bilmir, nisyə dəftərindən yediyi üçün dükana da borcu var.

Bütün bunlar tez-tez rast gəldiyimiz, artıq sarsılmadığımız bir həyat lövhəsidir. Tezcə bundan hakimiyyətə və siyasətlə bağlı diskruslar açmaq istəyim yoxdur.ÿZatən bizim ölkədə siyasətin də nə yerdə olduğunu bilirsiniz, hakimiyyəti də yaxşı tanıyırsınız. Amma söhbətin sonunda elə bir məsələdən söz saldıÿki, artıq buna susulacaq həyat çətinliyi kimi baxmaq mümkün deyil.

-Gələn ay oğlum olmalıdır, amma bir qəpik pulum yoxdur. Sumqayıtda xəstəxanaya getmişdik, dedilər doğuş 1500 manatadır. Bilmirəm uşaq necə doğulacaq?

Siyasət və hakimiyyətin fakturası budur: “Bilmirəm uşaq necə doğulacaq?”

Indi heç kim elə sanmasın ki, bu uydurulmuş tarixçədir. Mən həmin gəncin uşağının doğulması üçün səhiyyə qurumlarına rəsmən müraciət edəcəyəm. Təbii ki, çalışacağam ki, bir ictimai nəzarət də olsun bu gəlişə. Doğulacaq uşağın şanlı ölkəmizə gəlişini deyirəm. Qoy gəlsin görsün ki, bizim məmur uşaqları nə hoqqalardan çıxır bu ölkədə və tamaşa edib xeyli əylənsin…

Səhiyyə qurumları yaxasını çəksələr bu işdən, onda özəl klinikaların qapısından keçmək üçün gərək pulÿtoplayaq. Onsuz da, varımız olmaya-olmaya həyat bizi xeyriyyəçiyə çevrilməyə məcbur edir.

Ikinci əhvalat

Kanadanın Alberta Vilayəti hökumətinin rəhbəri bizə gülməli, qəribə və hətta kövrəlməli görünən bir səbəbdən istefa verib.ÿBu əhvalatı orada yaşayan dostumuz Fərhad Eyyubov bizə yazıb:

– Kanadanın Alberta vilayətində son iki həftədə nələrin baş verdiyin yazmamışdan öncə, qısaca Alberta haqqında müqayisəli məlumat verim. Ərazisinə görə Azərbaycandan 7,5 dəfə böyük olan, əhalisi isə 3 dəfə az olan vilayətin illik büdcəsi 43 milyard dollardır. Iqtisadi baxımdan çox qüdrətli olan Alberta Vilayətinin hökuməti Alison Redford başda olmaqla ötənÿhəftə istefaya getdi.

Bilirsiniz hansı səbəbə? Son iki il boyu etdiyi səfərlərdə israfçılığa yol verib 45 min dollar artıq pul xərclədiyinə görə. Əsasən biznes-klass-da uçduğuna görə (şəxsi təyyarədən söz gedə bilməz ha!) və dövlət hesabına Nelson Mandelanın dəfn mərasiminə qatıldığı üçün. Bir dəfə də dövlət təyyarəsi ilə Vankuverə dayısının dəfninə qatıldığı üçün (3156$ məsrəf). Bu məsələnin üstü açıldıqdan dərhal sonra çox nüfuzlu, hətta yaxın gələcəkdə Kanadanın baş naziri olmağa ən şanslı namizəd sayılan xanım Redford keçən həftə istefaya getdi və 45 min dolları geri qaytaracağını söylədi. Bununla da siyasi karyerasını bitirdi.

Bu məbləğ Alberta büdcəsinin on mində bir faizini təşkil edir. Təsəvvür edə bilirsinizmi ki, iqtisadi, siyasi və nüfuz baxımından bu qədər qüdrətli əyalətin hökuməti azərbaycanlı nazir balasının bəlkə də bir günlük yemək rasionunun dəyəri qədər məbləği 2 ildə qeyri-effektiv xərclədiyi üçün istefaya getməli oldu!