Çapay müəllim

Əslində bu yazını bir müddət əvvəl – martın 5-də, onun 78-ci doğum günündə yazmalı idim. Qismət deyilmiş. Mən dünyada heç nəyin təsadüfi baş vermədiyinə inananlardanam. Görünür, onun haqqında bu yazını bir az gec – tamamilə fərqli ovqatda, əhval-ruhiyyədə yazmağımda da bir hikmət varmış.

***

Professor Çapay Sultanovu tanıyalı xeyli zamandır. Və bu zaman içində o, mənim üçün ilk növbədə maraqlı həmsöhbətdir. Böyük bir epoxanın canlı şahididir; son 50-60 illik tariximizlə bağlı bir çox hadisələr onun gözü qarşısında baş verib, bəzən belə hadisələrin aktiv və ya passiv iştirakçısı olub; odur ki, onun dilindən eşitdiklərim fərqli məna daşıyır. Məsələn, 20 yanvar hadisələri öncəsi və sonrası ilə bağlı onun araşdırmalarının dəyərini heç nə ilə ölçmək mümkün deyil.

Çapay müəllimin bir özünə məxsus rəvayətçilik üslubu da var: fikirlərini mütləq hansısa romandan, filmdən bir epizodla qüvvətləndirməyi xoşlayır, bu olmadıqda belə, bir lətifə ilə nə demək istədiyini aydın çatdırır. Onun geniş erudisiyası həmişə qarşısındakı insanı oxumağa, bilgiyə təşviq edir.     

Çapay müəllimlə kifayət qədər ciddi mövzularda fikirlərimizin ayırışdığı nöqtələr az deyil. Amma mən onu həmişə danışdığı istənilən mövzuda bilgilərindən və həyat təcrübəsindən kənarda həm də səmimi və məntiqli olmağa çalışan həqiqi bir alim kimi görmüşəm.

Çapay müəllimin qısa tərcümeyi-halını bir neçə cümləyə sığışdırmaq çox asandır: Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib. Neft-qaz yataqlarının kəşfinə görə üç diploma layiq görülüb. Elmlər Akademiyasında işlədiyi dövrdə Sultanov 150-dən çox məqalə dərc edib. O, 10 elmlər namizədi hazırlayıb. 16 il respublika Şahmat Federasiyasına başçılıq edib. Hansı ki, Azərbaycanda şahmat məktəbinin formalaşması, güclənməsi  məhz həmin dövrlə bağlıdır. Son 10 ildə isə onun çeşidli mövzularda onlarla kitabı çap olunub.

Amma onun zaman-zaman yaşadıqları, qarşılaşdığı haqsızlar bu ölkədə elmin, bilginin içacıdan durumunun ən real əksidir. Hazırda Çapay müəllim kitabları internet üzərindən ən çox sifariş edilən Azərbaycan alimlərinin başında gəlir, tədqiqatları dünyanın çeşidli ölkələrində çap olunur, amma gəl gör ki, ona bu ölkədə akademik olmağı da çox gördülər; Elmlər Akademiyası adlanan anti-elm yuvasından uzaqlaşıb öz hücrəsinə çəkildi, bir-birinin ardınca xeyli maraqlı kitabı çap olundu, onun özəlliklə Sovetlərin süqutu və Azərbaycanın həmin çağkı durumu ilə bağlı araşdırmalarını qeyd etmək istəyirəm.

Çapay müəllimin ən dəyərli keyfiyyətlərindən biri onun Azərbaycanın bu günü və gələcəyi ilə bağlı narahatlıqlarıdır. “Azadlıq” qəzeti qapanmaq ərəfəsində olduğu günlərdə onun çağırışını xatırlayıram: “Hər bir hakimiyyətin müxalifət qəzetlərinə ehtiyacı vardır, çünki onlar cəmiyyətin dinamizminin bir hissəsidir. Sivil dövlətdə əsas güc cəmiyyətdir, buna görə də müxalifət qəzetlərinə olan istənilən hücum cəmiyyətin əsaslarına yönəlmiş hücumdur. Dahi alim Paskal deyib: ”Yalnız müqavimət göstərənə söykənmək olur”.

Dediyim odur ki, bir çox taleyüklü məsələlərdə karyerist və komformist yanaşma sərgiləsə, yəqin indi 78 yaşına gəlib çatmış və bütün ömrü elmlə iç-içə keçmiş bu insanı ara-sıra xatırlayanlar, haqqını vermək istəyənlər, ən azı, fikrinə ehtiyac duyanlar tapılardı.

Kitablarının nəşrinə icazə verməsi üçün indinin özündə belə, Avropanın çeşidli yerlərindən müraciətlər alan bir alimin adının bu ölkədə çoxları üçün heç nə ifadə etməməsi toplumsal bəladır. Düzdür, bu laqeydlikdən Çapay müəllim heç nə itirmir, o, yazdıqlarından, kitablarından onsuz da arxayındır. Sadəcə, sual yaranır: axı niyə belə olmalıdır? Bilgiyə və bilgəliyə belə yad və yabançı münasibətlə nəyə ümid edirik, nəyə nail ola bilərik?

***

Çapay müəllimi gec də olsa, 78-ci doğum günü münasibəti ilə təbrik edirəm.

Ona uzun və sağlam ömür arzulayarkən də unutmuram: bir insana gerçək ömrü əməlləri və düşüncələri biçir.

Bu mənada, qocaman dostumuzun heç bir nigarançılığı yoxdur, olmamalıdır da.

Çünki onun indiyədək yazdıqları bundan sonrakı yaşamının təminatıdır.