Azərbaycanda işgəncə faktları adiləşdirilir

Hüquq müdafiəçiləri NİDA-çı gənclərə qarşı qeyri-insani rəftara etiraz etdi

Ötən il repressiyaların qurbanı olmuş “NIDA” Vətəndaş Hərəkatının 8 üzvünün məhkəməsi davam edir. Ayın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Şahin Novruzlu və Bəxtiyar Quliyev ifadə verib. Şahin Novruzlu öz ifadəsində bildirib ki, axtarış aparan şəxslər onu təhqir ediblər: “Mənə fiziki təzyiq elədilər, vurdular və sonra isə psixoloji təsir elədilər. Martın 8-i məni kameradan çıxarıb otağa apardılar. Otaqda iki nəfər protokol tərtib etmədən mənə müxtəlif suallar verdilər, mən isə günahsız olduğumu, narkotik vasitənin və ”molotovun” mənə heç bir aidiyyəti olmadığını, bizim mənzildə belə şey olmadığını, mənim heç “Molotov” və narkotik vasitəyə toxunmadığımı, orada əl izimin olmadığını bildirdim. Həmin şəxs isə gülə-gülə “sən narahat olma, biz əl izi taparıq” dedi”- deyə Şahin Novruzlu bildirib.

Daha sonra Bəxtiyar Quliyev də ifadəsində işgəncəyə məruz qaldığını bildirib: “Orada bizi çox pis döydülər, söyüşlər söydülər. Sonra dedilər, gedin Şahmarı durğuzun. Bu Şahmar da yekəpər biri idi, o da gəlib bizi 10 dəqiqə döydü. Sonra şkafı açdı, oradan Heydər Əliyevin kitabını çıxarıb, sinəmə, başıma kitabla zərbələr vururdu. Məni ”Koroğlu” metrostansiyasının içində vahiməli şəkildə saxladılar. Saxlanma anı o qədər kobud və qorxuducu şəkildə idi ki, metrodakı insanlar vahimə ilə qaçırdılar. Qarnıma yumruq vurdular. Döyə-döyə maşına apardılar. Sonra məni gətirdilər MTN-ə. MTN-nin darvazasından içəri girəndə maşındakı işçilərdən biri əlini çiynimə qoyub dedi ki, bilirsən bura haradır? Dedim, yox. Dedi ki, cəhənnəmə xoş gəldin! O zamandan etibarən mən artıq cismimi onlara təslim etdim”.

Göründüyü kimi ölkənin və millətin təhlükəsizliyinə cavabhdehlik daşıyan insanlar, özləri cinayət əməli törətməklə məşğul olurlar. Azərbaycanda məhkəmələr müstəqil olmadığı üçün, işgəncə faktları ilə bağlı hüquq müdafiəçiləri hesabatlar hazırlamalı və beynəlxalq aləmin diqqətinə çatdırmalıdılar. Şübhəsiz ki, Avropa Məhkəməsi də bu qondarma məhkəmə şousu ilə bağlı öz mövqeyini bildirəcək.

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Azərbaycanda müstəqil məhkəmə olmadığı üçün bu cür faktlar obyektiv araşdırılmır: “Məhkəmədə işgəncə ilə bağlı hər hansı fikirlər səslənirsə, məhkəmənin borcu bu məsələni araşdırmaqdır. Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklər bunu tələb edir. 1990-cı ildə Varşava şəhərində keçirilmiş müşavirədə bu prinsiplər qəbul olunub ki, məhkəmələr obyektiv qiymət verməlidir. Ancaq son 20 ildə dəfələrlə təqsirləndirilən şəxslər tərəfindən bu kimi ifadələr səslənsə də, məhkəmələr üzərinə düşən vəzifəni yerinə yetirməyib. Ən yaxşı halda müəyyən şəxsləri məhkəməyə çağırıblar və onların formal ifadələri alınıb. Onlar da öz ifadələrində səslənən fikirlərə etiraz ediblər və məhkəmə bununla da öz missiyasını bitmiş hesab edib. Ancaq beynəlxalq təşkilatların tövsiyəsi ondan ibarətdir ki, baş verənlər tam və obyektiv araşdırılmalıdır. Əfsuslar olsun ki, xüsusilə siyasi xarakterli cinayətlərin araşdırılmasında hakimlər özlərini eşitməzliyə vururlar və MTN-nin adını eşidən kimi rəngləri saralır. Nə qədər ki, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti qurulmayıb, belə faktların araşdırılması mümkünsüz olacaq. Ancaq gələcəkdə bu qanunsuzluqlarla bağlı Avropa Məhkəməsinə müraciət olunsa, Avropa Məhkəməsi tərəfindən müsbət qərar çıxarılması ilə nəticələnəcək”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov NIDA-çı gənclərə işgəncə verilməsi faktlarının beynəlxalq aləmə çatdırmasını vacib sayır və baş verənləri kobud qanun pozuntusu hesab edir: “Son dövrlər ölkədə işgəncə və qeyri-insani rəftar hallarının adiləşdirilməsi prosesi gedir. Hesab edirəm ki, bu təsadüfi deyil, planlı şəkildə həyata keçirilir. Təəssüflər olsun ki, bu prosesə məhkəmələr də cəlb olunur. Bir neçə il əvvəl hər hansı işgəncə faktı böyük rezonans doğururdu. Getdikcə bu istiqamətdə vəziyyət ağırlaşır. Eyni zamanda əvvəlki illərdə vətəndaş cəmiyyəti daha fəal idi. Bu gün fəallıq iki dəfə azalıb, resurslar azalıb. Ona görə də bu kimi faktları vaxtında çatdırmaq, kampanya aparmaq çətin olur. Tutalım NIDA-çılara qarşı işgəncələrlə bağlı yerli aidiyyəti orqanlara müraciət olunur, ancaq hansısa uğur əldə etmək mümkün olmur. Hüquq müdafiəçiləri bu halları beynəlxalq səviyyəyə çıxarmalıdılar. Qeyd edim ki, NIDA-çı gəncləri ”Amnesty International” təşkilatı “vicdan məhbusu” elan edib. ABŞ Dövlət Departamentinin hesabatında və onlarla beynəlxalq QHT-lərin hesabatında da NIDA-çılarla bağlı məqamlar yer alıb. Hesab edirəm ki, bu istiqamətdə işlər sürətləndirilməlidir”.

Akif