“Fuad Poladovun sənətdəki möcüzəsi”

“Adama elə gəlirdi ki, Ağa Məhəmməd şah tarixdən qalxıb səhnəyə gəlib…”

Milli Şuranın sədri, professor Cəmil Həsənli Azərbaycanın xalq artisti, görkəmli aktyor Fuad Poladovun son səhnə uğuru barədə fikirlərini paylaşıb. Onun facebook səhifəsində yazdığı qeydləri təqdim edirik:

“Mart ayının 28-də axşam Akademik Milli Dram Teatrında Azərpaşa Nemətin quruluşunda Əli Əmirlinin “Şah Qacar” tamaşasına baxdım. Bir az tarixçiliyim olduğundan Ağa Məhəmməd şahın səhnə obrazı mənim üçün maraqlı idi. Baş rolun ifaçısı çağdaş sənətimizin canlı korifeyi Fuad Poladov özünü sənətə təslim etməklə Qacar səltənətinin zəfər və faciəsinin səhnə təcəssümünü yarada bildi. Ekranda və səhnədə təkrarsız tarixi, fəlsəfi-lirik və faciəvi obrazlar yaratmış bu böyük sənət adamı Sidqi Ruhulla kimi bir sənətkardan sonra (o, müxtəlif illərdə üç Qacar rolu ifa etmişdir) yenidən Ağa Məhəmməd şahı Azərbaycan tamaşaçısının yaddaşına hopdurdu. Saray fitnələri və ailə fəsadları, hərbi zəfərlər və şəxsi faciələr, hamının həsəd apardığı parıltılı tacının altındakı bədbəxt həyatın səhnə təqdimatı Fuad bəyin ifasında canlı bir tarix idi. Adama elə gəlirdi ki, ya Ağa Məhəmməd şah tarixdən qalxıb səhnəyə gəlib, ya da Fuad Poladov Qacarın simasında tarixə enib. Hər halda hər ikisi möcüzə idi, Fuad bəyin sənətdəki möcüzəsi. Bu rolu ifa etməyə onun yetərli səhnə təcrübəsi, böyük istedad və aktyor bacarığı, Azərbaycan sənət taxtının ən uca zirvəsində bərqərar olan yeri və şahanə şəxsiyyəti vardır. Məhz, bu keyfiyyətlər Qacar səltənətində Ağa Məhəmməd şahın bədbəxt taleyinin xoşbəxt səhnə təcəssümünü şərtləndirirdi”.