Öncə Vətən, yoxsa rəhbər sevgisi?

Qaçqınların və Məcburi Köçkünlərin Işi üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənov Laçın icra hakimiyyəti başçısının təşəbbüsü ilə rayon ümumtəhsil məktəblərinin şagirdləri ilə görüşüb. O, görüşdə şagirdlərin hərbi ixtisaslara yiyələnmək meylinin olmamasından təssüfləndiyini qeyd edib və bunun əsas səbəbinin məktəblərdə vətənpərvərlik hissinin düzgün aşılanmaması ilə bağlı olduğunu bildirib. Razılaşmaq olar.

Doğrudan da orta məktəblər də daxil olmaqla təhsil sisteminin bütün instansiyalarında şagird və tələbələrlə vətənpərvərlik mövzusunda aparılan işin aşağı olması zatən göz qabağında. Az-çox vətənpərvərlik hissi qalıbsa, o da vətən əzizliyini içində yaşadan ailələrin öz övladlarına aşıladığı vətən qeyrəti ilə bağlıdır. Bəs elə isə məktəblərdə vətənpərvərlik hissinin təbliğ edilməməsinin baiskarı kimdir?

Kimdir bu ölkənin gənclərinə vətənpərvərlik əvəzinə rəhbər sevgisini aşılayanlar? Kimdir dövlət rəmzlərini uca tutmaq əvəzinə gənclərimizi şəxsiyyətə pərəstişin aciz quluna çevirənlər? Əlbəttə, əksəriyyəti vətən və dövlət hissindən məhrum olan bugünkü dövlət ərkanı. Vətən sevgisi, vətənə bağlılıq ailələrdən başlayır. Evində, iş yerində rus dilində danışan, övladlarını rus və digər əcnəbi dillərdə oxudan Avropa qiyafəli, rus qafalı dövlət məmurlarının vətənpərvərlikdən dəm vurması bir az da bayağı görünür.

Maraqlıdır. Çal, çap, tala, talanmışı bir də tala, torpaqları ver bada, millətə səfil sərgərdanlıq yaşat, ehtiyac içində boğ, məzlumun haqqını qudurğan məmurlara yedirt, zalıma meydan ver, 3 milyonunu mühacirətə sürüklə,  yerdə qalanlarına göz dağı olaraq şər ocağını körüklə, kişisini təpərdən sal, qadınını qaraçı köçündə yaşat, ahılını hörmətdən sal, cavanını iynə-dərmana oturt, bağçasından tutmuş akademiyasına, mənzil istismar sahəsindən tutmuş dövlətin ali məqamlarına qədər ölkəni rüşvət və korrupsiya bataqlığına çək, vətəndaşlarını insani hisslərdən tutmuş ən ali dəyər olan vətən və millət sevgisindən məhrum et və sonra da bu ölkənin vətəndaşlarında vətənpərvərlik hissi qalmayıb deyə, ün təp.

Rus əyyamının xiffətini yaşayan komitə sədri deyir ki, keçmiş zamanlardan fərqli olaraq indi, yol qırağında gözləyən əsgərə heç kəs maşın saxlayıb götürmək istəmir. Doğrudanmı bu acımalar əsgərə olan sevgidən irəli gəlir? Gəlirsə, əsgəri intihara sürükləyən zabitlər, əsgər “payok”una göz dikən komandirlər, hərbi peşəkarlığı buraxıb, hərbi soyqunçuluqla məşğul olan generallar haqqında zamanında tədbirlər görülmür? S.Əbiyevi o zaman nazir postundan uzaqlaşdırdılar ki, artıq haqqında qəhrəman obrazı yaradılan ordudan əsər-əlamət qalmamış və bütün müdafiə sistemi rüşvət və korrupsiya bataqlığına bulaşmışdı.

Hərbi xidmət hər bir vətəndaşın vətən qarşısında müqəddəs borcudur. Bir ölkədə ki zənginlik içində yaşayan nazirlərin, oliqarxların, dövlət məmurlarının övladları bu və digər vasitələrə əl atmaqla ümumi səfərbərlikdən yayınırsa və əsgəri xidmətə yalnız imkansız ailələrin övladları çağırılırsa, əlbəttə, hər kəsə şamil edilən müqəddəs vətən sevgisi şübhə altına salınır.

Sən birinə bəy, digərinə nökər gözü ilə baxsacaqsansa, birini haram pullar hesabına Oksfordda, Kembricdə oxudub, digərini öz vətənində təhsil almaq imkanlarından məhrum edəcəksənsə, birini filan nazirin oğludur, yapçıdır deyə yüksək məqamlara oturdub, digərlərinə müxalif damğası yapışdırıb dövlət idarələrini üzünə qapadacaqsansa, bisavadı, nadürüstü əyri yollarla parlament kürsüsünə qaldırıb, bilgili, dürüst və qeyrətli insanların siyasi fəaliyyətini əngəlləyəcəksənsə, onda cəmiyyətdə hökm sürən ədalətsizliyin və vətənpərvərliyin aşağı düşməsi ilə bağlı verdiyin sualın cavabını da tapacaqsan.

Vətən kiminə kefin, damağın çağladığı, eyş-işrət yerinə döndərdiyi, kiminəsə cəhənnəm əzabının yaşandığı coğrafi anlama gəlməməlidir. Komitə sədri deyir ki, bu vətən hamımızındır. Nədən də olmasın. Olursa niyə sənə səfası, başqalarına cəfası qalmalıdır. Gəlin cəfanı da, cəfadan doğan səfanı da birlikdə çəkək.

Gəlin ayır-buyur siyasətinə, vətəndaşları region, tayfa kateqoriyalarına bölmə prinsipinə, iqtidar doğmalığı, müxalifət ögeyliyinə, “məni sevməsən, düşmənimsən” kimi idbar düşüncəyə, birliyimizi sarsıdan qarşıdurmaya, nizamımızı pozan ədalətsizliyə, etnik didişmələrə, məzhəb davalarına, yaramazları himayədarlığa, məddah və yaltaqlara meydan verməyə, təzadlı qütbləşməyə, partiya hegemonluğuna, sülalə hökmranlığına son qoyaq. Gəlin bu vətənin hamımızın olmasına əngəl törədən nəsnələrin aradan qaldırmasına birgə qatlaşaq.