İlyas İsmayılov gözlənilən təxribatdan danışdı

«Fikirlərimi açıq şəkildə bəyan etmişəm və heç kimdən çəkinən adam deyiləm»

Son günlərin ən qalmaqallı hadisələrindən biri Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri Ilyas Ismayılovla parlamentin spikeri Oqtay Əsədov arasında yaşanan söz çəkişməsi oldu. Belə ki, hökumətin hesabatı müzakirə olunarkən deputatın dediklərini spiker çox kəskin reaksiya ilə qarşılamış və nəticədə onlar arasında qarşıdurma yaranmışdı. 

Sonrakı günlərdə isə Ilyas Ismayılov mətbuata geniş müsahibə verərək Oqtay Əsədovu həddini aşmaqda, vəzifə səlahiyyətlərini bilməməkdə, elementar mədəniyyət normalarını gözləməməkdə və s. ittiham etmişdi.

Ötən gün isə virtualaz.org saytı qeyri-rəsmi mənbələrə istinadən yazmışdı ki, parlamentin növbəti iclasında yeni qalmaqal baş verəcək. Sayt yazır ki, aprel ayının 4-də baş tuttacaq növbəti iclasda öyrədilmiş bəzi deputatlar Ədalət Partiyasının sədri Ilyas Ismayılovu hədəf alacaqlar. Məlumata görə, böyük ehtimalla onlar Ilyas Ismayılovun ölkənin baş prokuroru və ədliyyə naziri olduğu dövrün “təftişini” aparacaqlar.

İlyas İsmayılov “Azadlıq”a açıqlamasında haqqında səslənən fikirləri ciddi qəbul etmədiyini, eyni zamanda heç kimdən çəkinmədiyini bildirdi: “Kimin nə yazdığından, hansı qalmaqalın hazırlandığından xəbərim yoxdur. Belə bir vəziyyətin yaranacağını gözləmirəm və düşünmürəm ki, belə bir ağılsızlığa əl atarlar. Ancaq hər hansı qalmaqaldan, problemdən çəkinən adam deyiləm, öz fikirlərimi açıq şəkildə bəyan etmişəm. Bəzi qəzetlər yazırlar ki, mənim biznesimi bağlayıblar. Olmayan şey, necə bağlana bilər? Nələrin baş verəcəyini yaşayarıq, görərik”.

Akif