“Gültəkin xanımla bağlı proseslər absurdlar üzərində qurulub”

Keçmiş deputatın vəkili ittihamları gülünc sayır

Xəbər verdiyimiz kimi Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəyliyə qarşı Yasamal Rayon Məhkəməsində xüsusi ittiham qaydasında məhkəmə icraatı davam edir. Lakin şikayətçi Aynur Mehdiyevanın özünü dövlət insan alveri və məcburi əmək kimi ağır cinayətlərdə ittiham edir. 8 ildən 12 ilə və 4 ildən 8 ilə qədər həbslə cəzalandırılan şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə ağır cinayət törətməkdə ittiham olunduğu halda, Aynur Mehdiyevanın Milli Şura üzvünə qarşı absurd və gülünc şərəf və ləyaqət davası niyə bitmir? Belə ağır ittihamlar qarşılığında Aynur Mehdiyeva niyə hələ də azadlıqdadır? Bu duruma Gültəkin xanımın vəkili Bəhruz Bayramovla aydınlıq gətirməyə çalışdıq.

– Tamamilə haqlısınız. Bu, absurd bir vəziyyətdir. Bir tərəfdən dövlət Aynur Mehdiyevanı iki ağır cinayətdə ittiham edir və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Iradə Həsənzadənin sədrliyi ilə proses başlayıb, hazırlıq iclası keçirilib. Digər tərəfdən həmin Aynur Mehdiyeva Yasamal Rayon Məhkəməsində iltizam imzalayıb zərərçəkən kimi ifadə verir ki, mən heç vaxt heç bir cinayət törətməkdə təqsirləndirilməmişəm, şübhəli şəxs kimi saxlanmamışam, ittiham olunmamışam və s. Sanki Bakı Ağır Cinayətlər və Yasamal Rayon Məhkəmələri iki fərqli sivilizasiyaya aiddir və Yasamal Rayon Məhkəməsinin Aynur Mehdiyevaya qarşı ağır cinayət ittihamı irəli sürən Azərbaycan dövlətinə heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, Gültəkin xanımla bağlı olan bütün proseslər belə absurdlar üzərində qurulub. Aynur Mehdiyeva deyir ki, saxlanmamışam. 

Bu necə ola bilər? Axı onun saxlanmasıyla bağlı rəsmi məlumat da yayılmışdı. belə çıxmırmı ki, rəsmi qurumlar yalan məlumat yayıb?

– Bəli. 2013-cü ilin 13 iyununda DIN-in Insan Alverinə qarşı Mübarizə və Miqrasiya Idarələrinin birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Aynur Mehdiyevanın əməli ifşa olunub, onun istismar etdiyi filippinli qadın dərhal sığınacağa göndərilib, insan alveri cinayətini törətməkdə şübhəli bilinən şəxs isə saxlanmayıb? O zaman əməliyyat nə məqsədlə həyata keçrilib? Insan alverinin qurbanının birmənalı şəkildə əleyhinə ifadə verdiyi, üzünə durduğu Aynur Mehdiyeva saxlanmamışdısa, bu, DIN-in üç idarəsi – Insan Alverinə qarşı Mübarizə, Miqrasiya və Istintaq idarələri tərəfindən yol verilən ciddi qanun pozuntusu, vəzifə cinayətidir və buna yol verənlər cəzalandırılmalıdır. Ev qulluqçuluğu şəraitində insan alveri cinayətinin qurbanının ilk andan əleyhinə ifadə verməsinə baxmayaraq cinayət işinin Aynur Mehdiyevaya qarşı yox, fakta görə açılması özü nonsensdir. A.Mehdiyeva saxlanmamışdısa, onlarla KIV bu məlumatı niyə yayıb? DIN-in mətbuat xidməti niyə KIV-lərə belə məlumat verib? Bəlkə, KIV haqqında qanunda onun Gültəkin xanıma şamil olunmaması barədə istisna nəzərdə tutulub? Yasamal Rayon Məhkəməsi ilə bərabər məhz DIN-in yol verdiyi bu qanun pozuntularına görə A.Mehdiyeva Gültəkin Hacıbəyliyə qarşı şikayət verə bilib. Indi də həmin məqsədlə Mehdiyevanın barəsində həbs qətimkan tədbiri yox, başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Azərbaycanda Aynur Mehdiyevadan başqa 144.1.2.8-ci maddə ilə barəsində həbs qətimkan tədbiri seçilməyən ikinci müttəhim yoxdur. Yəqin ki, Mehdiyevanın himayəsində 4 yaşlı uşaq olmasını əsas gətirəcəklər. Mənim vəkillik praktikamda daha yüngül cinayətlərlə bağlı, hətta narkotiklə bağlı himayəsində 1-2 yaşlı və daha kiçik uşaq olan qadınların həbsi çox olub. 

Bəs zərərçəkən filippinli qadın?

– Zərərçəkən kimi tanınmış filippinli qadın 9 aydır ki, sığınacaqdan kənara buraxılmır, işləməsinə icazə verilmir, mənəvi və maddi əziyyət çəkir. Özünün bildirdiyinə görə, istintaq bunu qarşı tərəfin həddindən artıq aqressivliyi və ona xəsarət yetirə bilməsi ilə izah edib. Hazırlıq iclasında zərərçəkənin nümayəndəsi Abbas Ismayılov zərərçəkənin qorxduğunu nəzərə alaraq məhkəmə baxışının qapalı olması haqqında vəsatət verib. Bu faktlar insan alveri qurbanı üçün qarşı tərəfdən real təhlükə olduğuna dəlalət edir. Cinayət Prosessual Məsəlləsinin 155.1.2-ci maddəsinə görə, göstərilən hallar həbs qətimkan tədbirinin seçilməsi üçün əsasdır. Cinayət Məcəlləsinin 61.1.9. maddəsinə görə, cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya işgəncə verməklə törədilməsi ağırlaşdırıcı hal sayılır. Bu hal Aynur Mehdiyevaya qarşı irəli sürülmüş 144.1.2.8-ci maddənin dispozisiyasında açıq əks olunub. Ona qarşı zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə insan alveri cinayəti törətmək ittihamı irəli sürülüb. Ancaq istər istintaq, istərsə də məhkəmə bu təhlükəni, bu əsasları görməzdən gəlir. A.Mehdiyeva isə utanmaq, törətdiyi əməllərə görə xəcalət çəkmək əvəzinə Yasamal Rayon Məhkəməsinə gedib Gültəkin xanımın üzünə durur, ona hədə-qorxu gəlir, təhqir edir, “gör sənin başına nə oyun açacağam, səni dizin-dizin süründürəcəyəm” deyə açıq təhdid edir. Çünki ona məhkəmədə bu şərait yaradılır. Aynur Mehdiyevanın ölkə və beynəlxalq səviyyələrdə bu qədər geniş rezonans doğurmuş, ABŞ Dövlət Deparamentinin hesabatına düşmüş əməllərə görə hələ də həbs olunmamasının yeganə səbəbi budur və belə görünür ki, “xidmətlərini” nəzərə alaraq ona törətdiyi bu ağır əməllər qarşılığında həbslə bağlı olmayan cəza vermək istəyirlər. Törətdiyi əməllərin və ittihamın ağırlığını, zərərçəkənin üzünə durub işgəncə faktlarını təsdiq etməsini, ictimai və beynəlxalq diqqəti nəzərə almaqla, ona qarşı əvvəl istintaqın, indi isə məhkəmənin bu loyallığının başqa izahı yoxdur. Bu loyallıq özünü başqa məsələlərdə də göstərir. Məsələn, filippinli qadın əməyini təkcə Aynur Mehdiyeva yox, onun anası Nəhayət Məmmədovanın da istismar etdiyini israrla bildirsə də, sonuncuya qarşı cinayət işi açılmayıb, iştirakçılıq məsələsinin üzərindən keçilib və o, məsuliyyətdən yayındırılıb. 

Hakimiyyətin Gültəkin xanıma qarşı apardığı qarayaxma kampaniyasının baş “qəhrəmanı” Mahmud Mehdiyevin prokurorluq orqanında vəzifə alması faktı təsdiqini tapdımı? 

– Bəli, biz alimentlə bağlı sorğumuza Baş prokurorluqdan cavab almışıq. Mahmud Mehdiyev Yasamal Rayon Məhkəməsində yalan ifadə verməklə Xətai Rayon Prokurorluğuna müstəntiq vəzifəsinə təyinat aldığını dansa da, Baş prokurorluq faktı təsdiqlədi və biz heç olmasa, dördüncü vəsatətimiz əsasında məhkəmədən Mahmud Mehdiyevə qarşı cinayət işinin açılması ilə bağlı prokurorluğa müraciət etməsini gözləyirik. Oğlunun anasına qarşı mətbuat konfransı keçirib ona ən şərəfsiz böhtanları atıb haray-həşir salan, “oğul həsrəti çəkən ata” 200 manat aliment ödəməsi haqda 31 iyul 2013-cü il tarixli məhkəmə qətnaməsi olmasına baxmayaraq 10 aydır ki, bir manat aliment ödəmir. Biz aliment borcunun əməkhaqqından tutulması barədə müvafiq icra şöbəsinə müraciət etmişik. Ümid edirik ki, Mahmud Mehdiyevin təzə vəzifəsi nəhayət, 10 ildən sonra ondan ilk dəfə məcburi qaydada aliment alınmasına kömək edəcək. 

Uşaqla həftədə 6 gün görüş məsələsi nə yerdədir?

– Hazırda Ali Məhkəmə kassasiya şikayətimizə baxır. Sözsüz ki, Apelyasiya Məhkəməsinin qərarı Ali Məhkəməni çətin duruma salıb. Apelyasiya Məhkəməsi icraatında olmayan, barəsində şikayət verilməyən Səbael Rayon Məhkəməsinin 8 il əvvəl qanuni qüvvəyə minmiş qətnaməsini dəyişdirib. Şikayət isə Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən verilmişdi. Təsəvvür edin, bu nə deməkdir və bu iş icraya necə yönələ bilər? Nəsimi icra şöbəsi icra edə bilməz, çünki Apelyasiya Məhkəməsi öz qərarında “Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən şikayət təmin edilsin və dəyişdirilsin” yazıb. Şikayət qətnamənin xətm edilməsi haqqında idi. Bunun ardınca isə Səbael Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilməsi qərara alınır. Demək, eyni predmet və eyni əsaslar haqqında iki məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalıdır? Bunu təsəvvür etmək belə mümkün deyil. Digər tərəfdən, Səbael Rayon Məhkəməsinin qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə şikayət verilmədiyi halda o necə dəyişdirilə bilər? Odur ki, bu qətnamə Səbail icra şöbəsində də icraya yönələ bilməz. Ümumiyyətlə, maddi və xüsusilə də, prosessual hüquq adına rəzalətdir. Ümid edirəm ki, Ali Məhkəmə öz nüfuzunu və Avropa Məhkəməsi perspektivini düşünərək bu biabırçı qətnaməni ləğv edəcək. Digər tərəfdən, uşaq görüşdən birmənalı şəkildə imtina etdiyi üçün, bu görüşlər onsuz da sentyabr ayından bəri baş tutmur və icra, praktik baxımdan, mümkün deyil.

Ramin DEKO