Bir də görürsən hansısa xeyir-şər məclisində, ya da hansısa çayxana söhbəti zamanı kimsə filan veriliş, yaxud bəhmən aparıcı haqqında soruşur, danışır, mən də qalıram gözlərimi döyə-döyə. Mövzuya “fransız” qalıram. Heç kimi də başa sala bilmirəm ki, hardasa 7 ildir rejim TV-lərinə baxmıram, hamısını televizorun proqramından və həyatımdan silmişəm. Onlarda nə olur, nə bitir, xəbərim yoxdur, sadəcə, bəzən sosial şəbəkələrdə paylaşılan kadrlardan xəbər tuta bilirəm.
Demirəm, bu dəhşətli dərəcədə prinsipial bir boykotdur. Qətiyyən. Sadəcə, elementar özümə hörmətdir. Evimə yalanın, yaltaqlığın, bayağılığın soxulmasını istəmirəm. Uşaqlarımın beyninin, ruhunun zəhərlənməsini istəmirəm. Bundan artığına gücüm çatmır. Gücüm çatsa, heç övladımı Mikayıl Cabbarovun məktəblərinə də buraxmaram, qızım 7 aydır məktəbə gedir, nə qədər əsəb, stress yaşadığımı təsəvvür etməzsiniz.
Məsələ təkcə hər ayın əvvəli, ortası, axırı yığılan pullarda olsa, dərd yarıdır. Ən böyük dərd uşaqların beyninin şəxsiyyətə pərəstişlə, milli-mənəvi zibillərlə doldurulmasıdır. Amma nə etməli? Ya hər şeyə tüpürüb, bu ölkəni qarnından irəlini görə və düşünə bilməyənlərin öhdəsinə buraxıb getməlisən, ya da qalıb ən ağır şərtlər altında olsa belə, dəyişiklik üçün çapalamalı, dirəşməlisən. Uşağını məktəbə göndərməlisən, məktəbdən qayıdanda da həmin gün öyrəndiklərinin bir hissəsini onun beynindən silmək, onun beyninə həqiqətləri yazmaq üçün əlləşməlisən, onu üfunət saçan telekanallardan qorumalısan və s.
Budur, dünən yenə sosial şəbəkədəki dostlar vasitəsilə öyrənirəm ki, həmin telekanalların birində hansısa verilişə qonaq olan ağsaqqal yazıçı Seyran Səxavət belə deyib: “…yengə əslində hüquqi şəxsdir. O, qarantdır. O, notariusdur”. Bircə o qalıb desin, yengə ASAN-xidmət-dir.
Mənim yazıçımın, ziyalımın dərdinə bax, mövzusuna bax, düşüncəsinə bax. O, guya, toplumu doğru yönləndirməlidir, yeniliyə, çağdaşlığa istiqamətləndirməlidir, əskimiş dəyər və anlayışlardan arınaraq müasirliyə səsləməlidir, amma əvəzində yengəçiliyin müdafiəçisi kimi çıxış edir, mental, metal və motal dəyərlərin təbliğçisi və təşviqçisi roluna üstlənir. Ziyalısı bu durumda olan ölkənin xilası varmı, düşdüyü bataqlıqdan qurtuluşu mümkündürmü?
Dünən baxıram xalqsız xalq şairi Fikrət Qoca müsahibə verib, deyir ki, “məni televizora çağırırlar, mən bundan ötrü danışıram, düşünürəm, hazırlaşıram, ürəyimi, beynimi sərf edirəm, amma bir abbası vermirlər”. Haqlıdır. Şəxsən mən telekanal sahibi olsam, Fikrət Qocaları çağıraram verilişə, babat da qonorar verərəm, amma danışmamaq, düşünməmək üçün. Bugünkü Azərbaycan bunların indiyədək danışdıqlarının, düşündüklərinin nəticəsidir, bəhrəsidir. Onlar öz dar, merkantil təfəkkürləri ilə Azərbaycanı öz mental bataqlığında boğulan, çağın min il gerisində qalan, zalımların, zülmkarların at oynatdığı ölkəyə çevirdilər.
Indi bu pis gedişatı durduracaq, çirkin durumu dəyişdirəcək olan da aydın insanlarımızın yetişməsidir. Geniş düşünə bilən, daxilən azad, hər cür köləlikdən uzaq, toplumu doğru yönləndirəcək, onu çağa yaxınlaşdıracaq işıqlı insanlarımızın çoxalmasıdır. Əks halda, bu orta çağ qaranlığından, bu zülmətdən, bu cəngəllikdən qurtuluşumuz çətin, hətta mümkünsüz məsələdir.
Zaman sübut etdi ki, sadəcə, zülmə qarşı düyünlənən yumruqlarımız nəticə üçün kifayət etmir. Yalnız sistemə qarşı qəzəbimizlə, nifrətimizlə silahlanmaq da azdır. Real dəyişiklik üçün beynimizlə də silahlanmalıyıq. Beynimizin tozunu çırpmağı, onları köhnəliyin kir-pasından arındırmağı bacarmalıyıq. Bu zor rejiminin biləkləri qüvvətli ola bilər. O biləkləri bükə biləcək ən böyük güc isə beyinlərimizdir. Çağdaş düşünə bilən, azad düşünə bilən, geniş düşünə bilən, aydın düşünə bilən beyinlərimiz!