Xəbəriniz var xəbərdən, yenə müstəqilliyimizə təhlükə yaranıb. Ölkə daxilindəki bütün problemləri bir kənara qoyub, iqtidarlı-müxalifətli-xalqlı əl-ələ verib gözlənilən Rusiya işğalına qarşı birləşməliyik. Vətəndaş həmrəyliyinə nail olmalıyıq, yoxsa Qarabağı da Krımın aqibəti gözləyə bilər. Yox, yox, yanılırsınız. Bunları mən demirəm. Bunları yaptokratlar bir yana qalsın, hətta müxalifət libasına bürünmüş partiya funksionerləri, müxalifət mirzələri, ekspertləri, politoloqları deyirlər.
Hər şeyi bir kənara qoyaq. Sadə bir məntiqdən yola çıxaq. Həbsxanalar şərlənərək, qondarma, siyasi sifarişli məhbuslarla doldurulub. Doğrudanmı, onların ömürlərindən oğurlanan aylar, illər artıq heç kimin vicdanını sızlatmır? Doğrudanmı, onların gözüyaşlı körpələrinin, analarının ahı artıq heç kimin vecinə deyil? Bu qədər insanın günahına girən bir rejimlə hansı əməkdaşlıqdan, birlikdən, həmrəylikdən söhbət gedir? Bu gün Azərbaycanda həbsxanalara elə insanlar doldurulur ki, onların varlığı məhz müstəqilliyin təminatıdır. Onlar canı-qanı bahasına olsa da, bu ölkənin müstəqilliyini qorumağa hazırdırlar. Indi belə ləyaqətli, mübariz vətən övladlarını şərləyərək həbs edənlərə qarşı mücadiləni dayandırmaq, hətta onlarla eyni mövqedən çıxış etmək tələb olunur, çünki müstəqilliyə təhlükə var imiş. Dolamısınız bizi? Ya elə bilirsiniz, camaat çörəyi qulağına yeyir? Müstəqillik uğrunda savaşanları həbs edən, cəzalandıranlarla “müstəqillik naminə” birləşmək də təzə nağıldır? Kimin hansı merkantil maraqları, mənfəət davası varsa, bunu açıq-açıq söyləsinlər. Yoxsa çıxıb öz kirli niyyətlərinə müstəqilliyi alət etməsinlər. Unutmasınlar: heç də hamı qoyun deyil.
***
Bəli, müstəqillik bizim tarixi uğurumuz idi. Amma biz onu doğru deyən dillər kəsilsin… Həqiqəti yazan əllər qandallansın…
Azadlıq, hüquq, ədalət hayqıran ağızlar qıfıllansın deyə qazanmamışdıq. Bu ölkənin müstəqilliyini, özgürlüyünü düşünən bir rejim öz vətəndaşı ilə bu cür davranacaqdısa, fərqli düşünən hər kəs repressiyaların qurbanına çevriləcəkdisə, yasaqlar, qadağalar davam edəcəkdisə, 25 il öncə başlayan mücadilə nə üçün idi? Tökülən qanlar, şəhid olan canlar nə üçün idi? Bu ölkədə hakimiyyətlərin taleyi yenə hansısa dünya ağalarının istəyi və iradəsi ilə müəyyənləşəcəkdisə… Xalqın öz müqəddaratını təyin etmək haqqı yenə əlindən alınacaqdısa… “Şəxsiyyətə pərəstiş”dən tutmuş bir adamın qeyd-şərtsiz üstünlüyünədək avtoritarizmin, antidemokratizmin bütün təməl prinsipləri bütün gücü ilə işləyəcəkdisə… Bu toplum yenə öz sərvətlərinin sahibi olmayacaqdısa, deyə bilərsinizmi, hansı müstəqilliyə təhlükə yaranıb? Əgər bu ölkədə böyük çoxluq “müstəqillik bizim yemimiz deyil” şəklində düşünməyə məcbur olmaq həddinə gətirilibsə…
25 il əvvəlki Meydan hərəkatının qəhrəmanlarına “müstəqillik-müstəqillik dediyiniz bu idi?” deyə ironiya edirlərsə… Istiqlal bəyannaməsinə səs verənlərin yolu həbsxanalardan keçərkən, onlara beş-üç manatlıq təqaüd çox görülərkən, əksəriyyəti yoxsulluq girdabında boğularkən antiistiqlalçıların döşü çeşid-çeşid orden-medallarla bəzədilirsə, bu nə “müstəqilliyə təhlükə” qara-qışqırığıdır, vay-şüvənidir belə?! Bəli, Putin Rusiyası qorxu saçır, imperialist maraqların carçısı kimi çıxış edir.
Bəs bu ölkədə bircə azad seçki keçirməyə nə mane olur? Gücünü xalqdan alan bir hakimiyyət formalaşdırmağa nə mane olur? Siyasi intiqam duyğusunu aradan qaldırmağa, ölkədə ədalətin, özgürlüyün önünü açmağa, Putinin bütün varlığı ilə nifrət etdiyi bəşəri dəyərlərin təntənəsinə yol açmağa, postsovet məkanında fərqli rüzgarların, demokratiya küləklərinin əsməsinə töhfə verməyə, beləcə, Kremlin günbəgün uzanan əlini zəiflətməyə nə mane olur? Indi cavabı verilməsi gərəkən suallar bunlardır. Azərbaycanı repressiyalarla, korrupsiya ilə idarə edən bir zehniyyət var olduqca bu ölkənin müstəqilliyi onsuz da təhlükə altındadır. Hətta iş təhlükədən-zaddan da keçib. Vəziyyət Ukraynada son baş verənlərdən əvvəl belə çox ağır, qorxunc, dəhşətli idi Azərbaycan üçün. Bir ölkənin sözün həqiqi mənasında müstəqil, özgür olması üçün bütün universal dəyərlərin üstündən xətt çəkiləndə başlamışdı müstəqilliyə təhlükə!
***
Əslində bilməyən yoxdur ki, böyük ölçüdə dava yorğan, pardon, mandat davasıdır. Bircə bu 2015 seçki-şousu, mandat paylama sezonu da bitsəydi, özü müstəqil olmayanların guya müstəqillik üçün necə təlaşlandığına, əndişələndiyinə dair tamaşası başa çatar, bizim də canımız dincələrdi. Yoxsa artıq bəzi söhbətlər çox ürək bulandırmağa başlayır, çooox…