Geopolitikadan gopa basmaq

Krım məsələsindən sonra geopolitika müzakirələri çox qızışıb. Müxtəlif təhlillər oxuyuruq, ciddi suallar eşidirik. Bundan sonra nə baş verə bilər, bizi nə gözləyir? Azərbaycan nə etməlidir, xarici siyasətini necə qurmalıdır? Krım məsələsində Rusiyaya qarşı çıxmalıdırmı? Susmalıdırmı? Insan istər-istəməz hər şeyi unudub, bu suallara köklənir. Deyəsən, bu elə bizim Azərbaycan hakimiyyətinin ağzı sulana-sulana gözlədiyi andır.

Baxın, onlar öz işlərindədir, korrupsiya maşını işləyir, adamların evini sökmək istəkləri şahə qalxıb, Azərbaycan xalqına yenə də hüquqsuz varlıq kimi baxırlar, səsini çıxaranı tapdalayır, səsini batırırlar. Bir-iki qondarma kommunist də tapacaqlar, onlara Rusiya sevdalı mahnılar oxutduracaqlar və Qərbə indiyəcən dedikləri “görürsünüzmü, islamçılar hakimiyyətə gələ bilər” hiyləsinin yenisini söyləyəcəklər: “Görürsünüzmü, ruslar bizə necə təhlükəlidir?!”.

Hələ xeyli aşkar və ya gizlin əlaltılarını da işə salacaqlar və “Biz belə ağır zamanda hakimiyyətlə əməkdaşlığa hazırıq, çünki Rusiya təhlükəsi var ölkəmizə”.

Rusiya təhlükəlidir, amma məhz bu oğru hakimiyyətin təhlükəli və ziyanlı siyasətinin sayəsində. Biz demirik ki, niyə indiyəcən NATO-ya girməmisiniz, hərçənd bu da ağıllıca müzakirə edilə bilər. Biz deyirik ki, bu xalqın qəlbinə niyə girməmisiniz? Hələ qəlbinə girmək bir yana qalsın, niyə onunla işğalçıdan pis davranmısınız bu uzun illərdə? Bu, sonuncu fikri şərh etməyə ehtiyac varmı? Rusiya təhlükəsindən danışanlar, Sovet (dolayısı ilə rus) nostaljisini bu xalqa öz qəddarlığı və haqsızlığı ilə mövcud rejim yaşatmadımı?

Üstəgəl, Rusiya ilə qardaşlıq balladaları oxudunuz, Ermənistana silah bağışlananda Bakıda rus kitab evi açıb, “Rusiya bizim strateji müttəfiqimizdir” söylədiniz. Iş təkcə söyləmək olasaydı, nə vardı, adına diplomatiya-zad deyərdik. Qərb dəyərlərini, əslində Azərbaycanın özünə gərək olan müasir siyasi söykəntiləri ələ saldınız, bizim müstəqilliyimiz və müasirliyimiz üçün çox ciddi qarant olan Türkiyənin bayrağını şəhid məzarından endirdiniz,  müstəqilliyi, azadlığı hər şeydən üstün tutan insanları həbsə atdınız və yenə də atmaqdasınız. Elə təzəcə, bu torpaq uğrunda döyüşmüş Tofiq Yaqublunu, Azərbaycanın sabahını aydın görə biləcək az sayda siyasətçidən biri olan Ilqar Məmmədovu şərləyib həbsə saldınız.

Siz seçkiləri saxtalaşdırıb, yalnız Rusiyadan müsbət rəy alanda, Anar Məmmədli Rusiyanın “dəyərlərini” yox edə biləcək, Rusiya təhlükəsini və ehtiraslarını azaldacaq azad seçki uğrunda çalışırdı bu ölkədə. O cür qiymətli insanı həbsxanaya saldınız. Azərbaycanın ən işıqlı gənclərini Qərbin əli ilə ölkədə iğtişaş törətməkdə şərləyib, türmələrdə çürüdürsünüz. 

Başqa sözlə, meydanı Rusiya təhlükəsinə siz vermisiniz. Zəif, dağınıq, ümidsiz, pərən-pərən olmuş, yanlışlara tuş gəlmiş, yorulmuş, yanılmış, Rusiya bazarlarına səpələnmiş toplum üçün, deyəsən, fərqi də yoxdur nə baş verdiyinin. Biz bunu illərdir deyirik. Zatən, əzilən xalqlar hiyləgər qonşuların iştahasını artırır, onların burada poliqonu böyüyür. Bir yandan da, siz məktəbsiz, işsiz və ədalətə möhtac insanların əcnəbi nağıllara inanması üçün hər şey etmisiniz, üstəlik, gerçək vətənpərvərlik hissinin ölməsi üçün. Sizi yalnız o maraqlandırır ki, taladığınız, əzdiyiniz, hər şeyə möhtac qoyduğunuz insanlar sizin yalançı urpatriotluğunuzla yaşasın, siz də varlanmaqda davam edəsiniz!

Rusiyanı həvəsləndirən elə budur – xalqdan dayağı olmayan oğru rejimlər, zəif və əzilən toplumlar…

Sözün qısası, xarici siyasətdən və geopolitika incəliklərindən gopa basmaqla deyil, daxili siyasətdən söz açın bu Rusiya təhlükəsi diskurslarında. Sıranızdan çıxan Abbas Abbasovlar idarə etmirmi bu ölkəni, parlamentə Abbas Abbasovların oğullarını siyahılandırmadınızmı? Deməli, Rusiya təhlükəsi elə sizsiniz. Müqəddəs müstəqilliyi bu xalqa peşman edən siyasətinizdir Rusiya təhlükəsi, Rusiyanı həvəsləndirən ağalığınızdır, xalqdan dayağını itirən bir hakimiyyət qurmağınızdır, insanları öz ölkəsindən bezdirməyinizdir, toplumu zəiflətməyinizdir, demokratiyanın qarşısını almağınızdır, korrupsiyanızdır, ədalətsiz məhkəmələrinizdir, siyasi həbslərinizdir, yalanlarınızdır…