«Balaca Şəhriyarı xilas etmək üçün əlimizdən gələni edək!»
AXCP sədri Əli Kərimli özünün “facebook” səhifəsində bir ananın fəryadını paylaşıb. Əli Kərimli soydaşlarımızı bu cür çoxsaylı ailələrin problemlərinə biganə qalmamağa çağırır: “Dostlar, bu ananın fəryadına biganə qalmayın! Oxuyun və necə kömək edəcəyinizə qərar verin.
***
Mən Kərimova Şəhla Aydın qızı 17.07.1983 tarixində anadan olmuşam. Atam Qarabağ müharibəsi veteranıdır. Mən 11.08.2005 tarixində ailə həyatı qurdumÿvə 08.11.2006-ci il tarixində Kərimov Şəhriyar Natiq oğlu dünyaya göz açdı. Qarabağ müharibəsi veteranı olan atamın sevincinin həddi-hüdudu yox idi. Çünki ilk dəfə baba olurdu. Amma təəssüf ki, atamın bu sevinci çox çəkmədi və 08.08.2011 tarixində oğlum Şəhriyar xəstələndi. Onu sahə həkiminin yanına apardıq. Sahə həkimi düzgün diaqnoz qoymadan uşağa 4 gün ərzində 8 ampula antibiotik vuraraq, onu pis hala saldı. Biz həkimə müraciət etdik ki, uşaq pisləşir, ancaq o, yenə məsləhət gördü ki, müalicəni davam etdirək. Biz də müalicəni davam etdirdik. Uşağın vəziyyətinin ağırlaşdığını görəndə bizə dedilər ki, Qan Institutuna Himatologiyaya aparın. Orada bir neçə analiz götürülməsinə baxmayaraq, uşağın problemini tapa bilmədilər. Bizə bildirdilər ki, sinə sümüyündən ilik götürüb biokimya etmək gərəkdir ki, uşaqda hansı xəstəlik olduğu dəqiq bilinsin. Son məqamda bu analizi – biokimyanı etdik və uşaqda NEMMAN-PIK hüceyrələri aşkar olundu. Bizə bildirdilər ki, bu, dünyada nadir rast gəlinən xəstəlikdir. Atam dedi ki, bəlkə Səhiyyə Nazirliyi bizə kömək edər, çünki atam müharibə veteranı idi. Ona görə də bütün sənədlərini və ağır vəziyyətdə olan uşağı da götürüb getdik. Onda orada bizi Leyla Seyidbəyova qarşıladı və bildirdi ki, sizə kömək edə bilmərik. Halbuki, uşaq qucağımızda ölümlə mübarizə aparırdı. Atam dedi: “Leyla xanım, mən canımı bu vətən yolunda qoymuşam ki, sizin kimi insanlar rahat həyat sürüb işləsin. Siz bizə niyə kömək etmirsiniz?” Leyla xanım isə cavab verdi: “Götürün uşağı, sentyabr-oktyabr aylarında bəlkə kömək etdik. Uşağı Moskvaya aparın”.

Biz qayıdıb evə gəldik və qardaşımın evini dəyər-dəyməzinə sataraq uşağı Tehrana – Əli Əsgər xəstəxanasına apardıq. Uşağın vəziyyəti o qədər ağır idi ki, biz xəstəxanaya çatanda dedilər ki, sizə ümid vermirik, əsas uşaq ayılsın, sonra sizə nə lazımdırsa, onu deyərik. Biz uşağın ayılmağını gözlədik. Üç gün sonra uşaq özünə gəldi və bizə xəstəxanadan dedilər ki, analiz verilməlidir. Uşağın bütün analizlərini verdik və belindən biokimya etdikdən sonra iliyində NEMMAN-PIK hüceyrəsi aşkar olundu. Bizdən uşağa antibiotik və yaxud peyvənd vurulub-vurulmadığını soruşdular. Söylədik ki, uşağa antibiotik də, peyvənd də vurulub. Uşağın qanında antibiotikin faizinin yüksək olduğu və zəhərləndiyi aşkar olundu.
Üç ildir ki, atam və ailəm bütün qurumlara yazırıq, hələ də baxan yoxdur. Xahiş edirik, kömək edin. Axı atam bu ölkə üçün döyüşüb, canını qurban verib. Indi nəvəsinə, övladıma baxmırsınız. Axı bu qədər haqsızlıq olmaz. Övladımın yaşamasına şans verin.
http://quickpay.goldenpay.az/Template/Default.aspx?mer=shahriyar
***
Dostlar, mən yaxşı bilirəm ki, ağır xəstə olan, xaricdə bahalı müalicəyə ehtiyacı olan vətəndaşlarımıza məhz dövlət sahib çıxmalıdır. Belə müalicəyə ehtiyacı olanlar çoxdur və vətəndaşlar arasında ianə toplamaqla bu ağır problemi həll etmək mümkün deyil. Ona görə də 16 yaşlı Nərmini itirdikdən sonra yazmışdım: “Hamılıqla hökumətdən tələb edək ki, xaricdə müalicəsi zəruri olan ağır xəstələrin maliyyələşdirilməsi üçün xüsusi fond yaratsın. Inanın ki, hamımız Nərminin xilası üçün çalışdığımız enerji və inamla çalışsaq, nəticə əldə edə bilərik. Hökumət müvafiq fondun yaranmasına məcbur, minlərlə ağır xəstəliyi olan soydaşımız da xilas olar”.
Müvafiq fondun yaranması üçün hökumətə təzyiqlərimizi davam etdirək. Amma bu arada, balaca Şəhriyarı xilas etmək üçün də əlimizdən gələni edək!”


