BMT Baş Assambleyası 16 mart Krım referendumunu tanımayan qətnamə qəbul edib. Baş Assambleyanın 100 üzvü qətnamənin lehinə, 11 ölkə əleyhinə səs verib, 58 ölkə bitərəf qalıb. “Ukraynanın ərazi bütövlüyü” adlı A/68L.39-cu qətnamədə qeyd olunur ki, Krım referendumu “heç bir hüquqi qüvvəyə malik deyil, Krım Muxtar Respublikasının və ya Sevastopol şəhərinin statusunun dəyişdirilməsi üçün əsas ola bilməz”, – sənəddə deyilir.
Qeyd edək ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsinə səs verib. Rusiya Federasiyası, Belarus, Zimbabve, Venesuela, Suriya, Ermənistan, Şimali Koreya, Kuba, Nikaraqua, Sudan qətnamənin əleyhinə səs veriblər.
ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker Turan agentliyinə bildirib ki, hazırda çox mühüm məqamdır. “Moldova, Gürcüstan, Ukrayna və Azərbaycan kimi NATO üzvü olmayan ölkələr NATO-nun özünü necə aparacığını müşahidə edir: Rusiyanın dərsini verəcək, yoxsa Moskvanın keçmiş SSRİ-nin hissələrini necə topladığını seyr edəcək. Buna yol verməmək üçün başda ABŞ olmaqla NATO hərəkət etməlidir”, o vurğulayıb.
Senator Makkeyn deyib ki, NATO tərəfdaşları Rusiyanın artan aqressiyası fonunda müdafiə xərclərini artırmalıdır. O həmçinin NATO-nu Vladimir Putinin ambisiyasını və onun əraziləri zəbt etmək cəhdlərini dəyərləndirməyə çağırıb.


