Tağı Əhmədov və stüardessa Ceyda

Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında yayılan şayilərə cavab verərkən belə bir ifadə işlətdi, dedi ki, hamı kimi biz də Dubaydayıq, istirahət edirik. Bir daha təsdiq olundu ki, rejim məmurları soyuq aylara tuş gələn bayramları Dubayda, qızmar günəş altında qarşılayır. Özü də bir yerdə, eyni şəhərdə, eyni hoteldə, eyni sahildə…

“Hamı” ifadəsinin başqa bir mənası da məmurların ailəsindən başqa yaxın çevrəsinin də orada olması deməkdir. Yəni məmur baldızı və bacanağı, “oxranası” və sürücüsü də daxil olmaqla, bütöv bir komanda ilə təmsil olunur. Hətta söyləyirlər ki, yaşı 60-ı keçmiş vəzifəlilər buraya öz sevgililəri ilə gəlirlər. Başı alış-verişə qarışmış həyat yoldaşlarından çaldıqları qiymətli saatları gənc sevgililərinə həsr edirlər. Bunun ekstremal, eyni zamanda təhlükəli xobbi olması məmurları nəinki qorxutmur, əksinə, onların adrenalinə olan tələbatlarını (!) ödəyir. 

Tağı Əhmədov “hamı burdadır” deyəndə məhz bu kontingenti nəzərdə tutur. Yoxsa elə deyərdi ki, elə bütün iqtidar nümayəndələri burdadır. 

Təhsil naziri Mikayıl Cabbarov və onun “komandası”nın iki il əvvəl qalmaqallı şəkildə Barselonaya istirahətə getməsini yəqin ki, xatırlayırsınız. O vaxt Mikayıl Cabbarov “Içərişəhər” Tarixi Memarlıq Qoruğu Idarəsinin rəisi idi. Təxminən 600 manat maaşa qulluq edən(!) məmur Barselonaya 18 nəfərlik komanda ilə gedirdi. Müqayisə üçün deyək ki, onun rəhbərlik etdiyi idarənin bu qədər işçisi yoxdur. Üstəlik,  beş nəfərlik ailə başçısı aldığı 600 manata azı beş il toxunmamalıdır ki, ailəsini bir dəfə Barselonaya apara bilsin. Tağı Əhmədov da eyni “fədakarlığı” yapmalı idi. Məntiqə görə. 

Yəqin ki, stüardessa Ceyda olmasaydı, daha doğrusu, işini vicdanla yapmasaydı, biz Mikayıl Cabbarovun səfərindən xəbər tutmayacaqdıq. Bu hadisə eyni zamanda bir çox mətləblərə də aydınlıq gətirdi. Məntiqə görə, qoruq müdiri nəsə etməli idi ki, bu qədər qohum-əqrəbasını Barselonaya apara bilsin. Obrazlı desək, bu səfər yalnız Içərişəhərin tarixi görünüşünün dəyişməsi nəticəsində baş tuta bilərdi. 

Istər stüardessa Ceydanın “itaətsizliyi”, istərsə də Tağı Əhmədovun “səmimiliyi” bizim onsuz da bildiyimiz həqiqətləri bütün çılpaqlığı ilə ortaya qoydu. Maaşı 1500 manatdan aşağı olan nazirlər, onların müavinləri, idarə müdirləri, polis rəisləri, bir sözlə, Əliyev rejiminin iri məmurları üçün bu bir günlük xərc də demək deyil. Ədalət naminə(!) deməliyik ki, heç Tağı Əhmədovun da illik maaşı beşulduzlu, dəbdəbəli “Atlantis” hotelinin bir həftəlik xərcini belə qarşılmaq üçün yetərli deyil. Hətta Tağı müəllimin “Azadlıq” qəzetinin cərimələnməsindən qazandığı 30 min manatı da bura əlavə etsək belə, yenə bəs eləməzdi. 

2010-cu ildə “Azadlıq” radiosunun “Işdən sonra” verlişinin qonağı olarkən ayda 890 manatdan bir qədər artıq (fəxri dəmiryolçu əlavəsi – X.Ə.) maaş aldığını deyən Tağı Əhmədovda bu pullar hardandır?

T.Əhmədov daxil, aylıq maaşı 1500 manatdan yuxarı olmayan nazir və digər iri məmurların günü 10 min dollara yaxın olan dəbdəbəli hotellərdə ailəvi dincəlməsi xalqdan oğurlanan pulların hesabınadır. 

Konkret olaraq Tağı Əhmədovu götürək. Ağası olduğu (təkrar edirəm, ifadə özünə aiddir – X.Ə.) metropoliten dövlət obyekti olmasına baxmayaraq, oradakı köşklər qeyri-rəsmi olaraq, sahibkarlara satılırdı. Özü də bu alğı-satqının müqabilində vətəndaşa heç bir sənəd verilmirdi. Bununla yanaşı onlardan aylıq icarə haqqı da toplanırdı. Bütün bu proses, daha doğrusu cinayət hüquq-mühafizə orqanlarının gözü qabağında baş versə də heç kim səsini çıxarmırdı. Çünki pullar aşağıdan LAP YUXARIYA qədər ötürülə-ötürülə gedirdi. Inanılmazdır, amma həqiqətdir, metrodakı köşklərin axırıncısı satılandan sonra Tağı Əhmədovu işdən çıxardılar və paralel olaraq, metrodan ticarəti yığışdırdılar.  

Zavallı insanların ödədikləri milyonlarla manat bax, bu cür yollarla mənimsənildi. Tək metro olsaydı, nə vardı ki.., saymaqla bitməz.

ARDNŞ buldozerlərinin sökdüyü evlər, eyni mənzilin bir neçə vətəndaşa satılması, yandırılan və partladılan mülklər, vətəndaşların (qeyri-müxalifət kəsim – X.Ə.) şərlənib həbsə atılması…

Bir yanda fəlakət, bir yanda qazanc mənbəyi…

Ardından da Tağı Əhmədovun – “hamımız Dubaydayıq” muştuluğu…

Dubayın lüks hotelləri ilə həbsxana kameraları arasındakı məsafə isə, get-gedə qısalmaqdadır… 

Odur ki, doyunca əylənin, cənab məmurlar…