“Nobel” almaq arzusu

Son illər Azərbaycana bir “Nobel” havası gəlib. Mətbuatın hay-küyündənmi gəlir bu hava, yoxsa yazarların öz iddialarındanmı, fərq etməz. Amma görünür ki, buralarda getdikcə “Nobel” ədəbiyyat nominasiyasına iddialı şəxslərin sayı artacaq. Əslində, kinayə ilə yanaşılacaq bir durum da yox. Ədəbiyyat sahəsində oxunaqlı və bədii dəyəri olan əsərlər yaratmış hər kəs bu nominasiyaya namizədliyini irəli sürə bilər. Deyəsən, ilk ürəkli çıxan yazıçı Kamal Abdulla olub. Iki il əvvəl mətbuat onun üç əsərdən ibarət trilogiyasının mükafata namizəd olaraq qeydə alındığını yazmışdı. Yaxınlarda isə keçən il qalmaqallı “Daş yuxular”ı ilə ölkə gündəmini bir-birinə qatan Əkrəm Əylislinin “Nobel”ə namizəd göstərildiyi xəbəri yayıldı. Özünün dediyinə görə, onun namizədliyini ölkə xaricində yaşayan 13 nəfər tanınmış alim və ictimai xadim irəli sürüb.

Həqiqətən, Azərbaycanda “Nobel”ə layiq yazıçılar varmı? Öz fikrimə görə, ən azı poeziya sahəsində belə qələm sahiblərinin olduğunu deyə bilərəm. Bir də, hamı bilir ki, bu mükafatın təqdimatında təsis olunduğu meyarlar çərçivəsindən “kənar amillər” də nəzərə alınır. Söhbət gerçək ədəbiyyatdan gedirsə, o mükafatı türk dünyasından qırğız yazıçısı Çingiz Aytmatov daha çox haqq edirdi, nəinki Orxan Pamuk. 60-cı illərdə “Nobel” ədəbiyyat mükafatından imtina etmiş məşhur fransız filosof yazarı Sartr da bu nominasiya ilə bağlı fərqli fikirlər söyləmişdi. Siyasi görüşləri baxımından sosialist olsa da, tarixə dövrünün ən nüfuzlu intellektuallarından biri kimi düşən Sartr mükafatdan imtina etməsinin səbəbini belə anlatmışdı:

“Mənim yazarın vəzifəsinə dair anlayışım var. Siyasət, topluluq, ya da ədəbiyyat məsələlərində bir istiqaməti mənimsəyən yazar, məncə, ancaq öz imkanlarını, yəni qələmini və kağızını istifadə etməlidir. Qəbul edəcəyi hər mükafat, oxucularını bir təsir qarşısında buraxır ki, mən bunu istəmirəm. Imzamı ”Jean Paul Sartre” olaraq atmaqla, “Jean Paul Sartre 1964 ”Nobel”i” deyə atmaq eyni şey deyil, deyirəm…

Ümumiyyətlə, “Nobel” günümüzdə Qərb bloku yazarlarına, ya da Şərqdə baş qaldıranlara verilən bir mükafat olaraq görünməkdədir. Məsələn, Güney Amerika şairlərinin ən böyüklərindən biri olan Neruda mükafata layiq görülməmişdir… Mükafatın Şoloxovdan öncə Pasternaka verilməsi…də təəssüf ediləcək bir durumdur… Əlcəzair savaşı günlərində, “121-lər bəyannaməsi”ni imzaladığımız sırada verilsəydi, “Nobel”i sevinclə qəbul edərdim. O zaman bu mükafat sadəcə mənə deyil, uğrunda savaşdığımız azadlığa da şərəf qazandıracaqdı. Amma bu olmadı və mən savaş bitdikdən sonra mükafata layiq görüldüm…”

Göründüyü kimi, ədəbiyyat mükafatının təqdimatında bir siyasi çalar da var. Elə Sartr da bunu qəbul etməklə prinsiplərinə dönük çıxmış olacağını düşünərək, ondan imtina etmişdi. Amma Sartrdan fərqli olaraq Ə.Əylisli mükafatı almağı ürəkdən arzulayır: “Mükafata təqdim olunmaq hələ mükafatı almaq deyil, mən bu mükafatı, əlbəttə, almaq istərdim, ancaq çox arzu edərdim ki, bu mükafatı almağıma xalqımla bir yerdə sevinim”.

Ə.Əylislinin fikirlərindəki bir nüansla razıyam. Doğrudan da, bir yazıçı üçün ən gözəl mükafat qazandığı uğurun sevincini mənsub olduğu toplumun milyonları ilə bölüşməkdir. Əks halda, o mükafatın da, uğurun da dadı qaçar. Bəlkə, elə Orxan Pamuk nümunəsi burada yerinə düşmüş sayılar. 

Yeri gəlmişkən, “Nobel” təkcə ədəbiyyat sahəsində verilmir. Məlum olduğuna görə, 2003-cü ilin “Nobel” Sülh mükafatını Cənubi Azərbaycandan olan həmvətənlimiz Şirin Ibadi almışdı. Mükafatçılar siyahısında bir riyaziyyatçı alimimizin də adı var. Həmin qəhrəman Bəxtiyar Siracov 17 ildir Avstriyada Beynəlxalq Atom Agentliyində çalışır. Beynəlxalq Nobel Komissiyası bu mükafatı 2005-ci ildə həmyerlimizin çalışdığı agentliyin uğurlu işlərinə və dünyada sülhün təminatına görə onların komandasına verib. Bir sözlə, arzulamaq və çalışıb-vuruşaraq arzuların arxasınca getmək gözəldir. “Nobel”lər yolunuzu gözləyir!