Elmimizin 1 apreli

Azərbaycanda elm gündən-günə inkişaf edir, çiçəklənir. Bu saat ölkəmizdə ən azı, elmlər namizədi olmayana pis gözlə baxırlar, ölü yerdən bir-iki kəşfi, ixtirası olmayan oğlanların elçilərini qız evinin qapısından mitilinə çırpıb geri qaytarırlar.

Hazırda bizdə Eynşteyni səhv çıxaranların, Qalileyi dünyaya gəldiyinə peşman edənlərin, Nyutonun qarpızını qoltuğuna verənlərin biri bir qəpikdir, hər evdə ən azı, on-on beş Nobel mükafatına namizəd var, kimi dindirsən, yeni nəzəriyyələr icad etməklə, mələyin uçuş sürətini ölçməklə, bir əldə iki qarpız tutmağın yollarını öyrənməklə məşğuldur.

Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasının dahi rəhbəri Vasif Talıbovun oğlu da artıq elmdə ilk kövrək addımlarını atmağa başlamışdır. Ali Attestasiya Komissiyasından verilən məlumata görə, Vasif müəllimin oğlu Seymur Talıbov hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi təqdim edib, elmi iş “Regional enerji təhlükəsizliyinin beynəlxalq hüquqi problemləri” adlanırmış.

Çox təqdirəlayiqdir ki, Seymur Talıbov məhz hüquq elminə öz töhfələrini vermək qərarına gəlmişdir. Hiss olunur ki, Vasif müəllimin hüquqa böyük hörməti, dərin diqqəti, sərin riqqəti artıq irsi hal almış, ondan öz oğluna keçmişdir. Indi ölkəmizdə hüquq deyiləndə yada ilk növbədə Naxçıvan xanı, Naxçıvan xanı deyiləndə isə hüquq yada düşür. Onları bir-birindən ayrı təsəvvür etmək nəinki çətindir, hətta mümkün deyildir.

Ali Attestasiya Komissiyasının məlumatındakı bir cümlə isə xeyli simvolik səslənir. Həmin cümlədən öyrənirik ki, Seymur müəllim elmi işinin müdafiəsinə aprelin 1-də çıxacaq. Niyə məhz həmin gün? Axı hamı bilir ki, həmin gün dünyada yalan günü kimi qeyd olunur. Vasif müəllimin oğlunun elmi işinin müdafiəsini həmin günə təyin edənlər bununla nə demək istəyiblər, nəyə işarə vurublar, qoy bunu da gələcəkdə tarixçilər araşdırıb üzə çıxarsınlar.

Elmimizlə bağlı başqa bir sevindirici xəbər odur ki, Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlüyünə seçkilər keçiriləcəkdir, həmin seçkilərlə bağlı artıq elan da verilib. Elanda dilimizin qayda-qanunları baxımından 65 texniki və qrammatik səhv var imiş, indi bəzi anti-milli ünsürlər bunu əldə bayraq edib Elmlər Akademiyasında oturanları savadsızlıqda-zadda günahlandırırlar. Belələrinə bizim aramızda yer olmamalıdır. Xamısını xəbs etmək lazımdır.

Əlbəttə, indi siz həmin hərf, cümlə səhvləri barədə soruşsanız, Elmlər Akademiyasındakılar çıxıb deyəcəklər ki, “korrupsiya kimi, qrammatik səhv də dünyanın hər yerində var”. Ürəkləri bununla soyumayacaq, deyəcəklər ki, “iş olan yerdə səhv də olar”. Lap axırda da deyəcəklər ki, “səhv etmək qəbahət deyil, əsas odur ki, səhvlərdə nəticə çıxarasan”.

Əslində isə vəziyyəti dəvə ilə məşhur sual-cavab daha dəqiq ifadə edir: dəvədən soruşublar ki, boynun niyə əyridir, deyib, haram düzdür ki, boynum da düz olsun.

Siz də durub Milli Elmlər Akademiyasının elanında hərf, cümlə səhvləri axtarırsınız. Hansı işləri düzdür ki, cümlələr də düz olsun. Gedin internet üzərindən kiçik bir axtarış aparın, görün AMEA-nın elmi institutlarındakı plagiat halları ilə bağlı qarşınıza nə qədər fakt çıxacaq. Bir Elmlər Akademiyasının ki, mətbuat xidmətinin rəhbəri dünənədək ulduz falına baxan Ilham Mirzəyev idi, daha siz nədən danışırsınız.

Amma sözümüz sözdür, Azərbaycanda elm gündən-günə inkişaf edir, çiçəklənir. Başqa cür fikirləşənin beyninin qatığını dağıdarlar, ən böyük tikəsini qulağı boyda edərlər.

Sizi bilmirəm, şəxsən mənə bu lazım deyil.