Rusiyalı qubernatir: “Bizi yalnız Ermənistan və Azərbaycan müdafiə etdi”; Azərbaycanlı deputat: “Biz Rusiyanın əleyhinə səs vermişik”
“Mən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Rusiya nümayəndə heyətinin rəhbəri, Vladimirovsk vilayətinin qubernatoru Svetlana Orlovanın bəyanatını qətiyyətlə təkzib edirəm. Azərbaycan nümayəndə heyəti Krımın ilhaqını pisləyən qətnamənin qəbul olunmasına səs verib”.
Bunu “virtualaz.org”a açıqlamasında Azərbaycanın Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinə rəhbərlik etmiş Naxçıvan MR Ali Məclisinin deputatı Anar İbrahimov deyib.
Onun sözlərinə görə, S.Orlova Azərbaycan nümayəndə heyətindən qətnamənin əleyhinə səs verməyi xahiş edib. Ancaq A.İbrahimov bununla razılaşmayıb və rusiyalı qubernatora bildirib ki, onlar Rusiya tərəfinin mövqeyini müdafiə edə bilməzlər. Çünki Ukrayna kimi, Azərbaycan özü də təcavüzün qurbanıdır.
A.İbrahimov bildirib ki, Azərbaycan nümayəndə heyəti qətnamənin yalnız bir – Rusiyanı Avropa Şurasından çıxarmağa çağıran bəndinin əleyhinə çıxıb.
***
Azərbaycan rəsmiləri Avropa Şurasına bağlı qurumlardan birində Ukraynadakı vəziyyətin müzakirəsi zamanı Rusiyanı müdafiə edib. Həm də Ermənistan rəsmiləri ilə birlikdə.
Söhbət Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqressinin Strasburqda keçiriliən 26-cı plenar iclasından gedir.
İclasda Ukraynadakı vəziyyətlə bağlı qətnamə qəbul edib. Sənəddə Rusiyanın Krımı ilhaq etməsi mühakimə olunur. Bildirilir ki, Konqress Krımdakı “psevdoreferendumun” nəticələrini tanımır.
Rusiya nümayəndələrinin sənədə təklif etdikləri düzəlişlərin heç biri qəbul olunmayıb. Rusiya nümayəndə heyəti təklif edib ki, “Ukraynanın ərazi bütövlüyünə hücum” ifadəsi “ərazinin itirilməsi” ilə əvəzlənsin, “beynəlxalq normaların” yox, “Ukrayna qanunvericiliyinin” pozulduğu qeyd edilsin, Ukraynanın indiki hökuməti mayın 25-də prezident seçkiləri ilə yanaşı, regionların və iri bələdiyyələrin rəhbərlərinin seçkisini də keçirməyə çağırılsın. Konqress üzvləri bu təklifklərin hamısını rədd edib.
Rusiya nümayəndə heyətinə Vladimir vilayətinin qubernatoru Svetlana Orlova rəhbərlik edib. Orlova Konqressi vəziyyəti yerində öyrənmək üçün Ukraynaya nümayəndə heyəti göndərməyə çağırıb. Lakin Konqress bu təklifi nümayəndə heyətinin Ukrayna ilə yanaşı, Krıma da getməsi şərti ilə qəbul edib.
Başqa ölkələrin nümayəndə heyətlərinin sənədə təklif etdikləri əlavələr isə əsasən qəbul olunub.
Əlavələrdən birində “sərhədlərin dəyişdirilməsi üçün Rusiyanın hərbi gücdən istifadəsi yolverilməzdir” deyə bildirilir. Bundan başqa 6 ölkənin dəstəyi ilə Gürcüstan heyəti sənədə “2008-ci ildə Gürcüstanda və indi Ukraynada olduğu kimi, müstəqil dövlətlərin torpaqlarını işqal” ifadəsini də əlavə etdirə bilib.
Ukrayna və Gürcüstan nümayəndələri Rusiyanın Avropa Şurasından xaric edilməsi üçün Konqress adından AŞ Parlament Assambleyasına müraciət olunmasını da təklif ediblər. Lakin təklif səs çoxluğu qazanmayıb.
Rusiya nümayəndə heyətinin bu iclasla bağlı bəyanatında qeyd olunur ki, onların mövqeyini yalnız Ermənistan və Azərbaycan müdafiə edib. Bəyanatda Ermənistan nümayəndə heyətinin rəhbəri Emin Eriçyanın “fəallığı” xüsusi vurğulanır, Azərbaycandan Rusiyaya dəstək verən rəsmilərin adları isə çəkilmir.
Rusiya nümayəndə heyətinin rəhbəri Svetlana Orlova da “Rusiya1” televiziyasının “Vesti” xəbərlər proqramına telefon bağlantısında Ermənistan və Azərbaycandan dəstək aldıqlarını təkrarlayıb.
Konqresdə Azərbaycan nümayəndə heyətinə Naxçıvan MR Ali Sovetinin deputatı Anar İbrahimov başçılıq edir. Nümayəndə heyətinin rəhbərinin müavini Sumqayıt bələdiyyəsindən Əbülfəz Babayevdir. Heyətin tərkibində müxtəlif şəhər və kənd bələdiyyələrinin təmsilçiləri yer alır.
Yerli və Regional Hakimiyyətlər Konqresi Avropa Şurası yanında məşvərətçi orqandır.
Mövzunu davam etdirəcəyik.
azadliq.info