Bu yaxınlarda marşrut avtobusunda gedərkən hansısa radionun efirində dünyadakı qəribə yasaqlardan danışırdılar, aparıcı belə qadağalardan bir neçəsini sadaladıqdan sonra sözarası dedi: “Hələ gəlib bizə demokratiya dərsi də vermək istəyirlər”.
Gülməli məntiqdir. Əvvəla, bunların özlərinə efirə müxalifətçi çıxarmaq yasaqdır və indiki dünyada bundan əcaib, gülməli yasaq tapmaq çətindir. Ayıblarına kor olmaq yerinə hələ dilləri də var danışırlar. Üstəlik, adama təəccüblü gəlir ki, əcəba belələri haraları ilə düşünürlər. Ümumiyyətlə, düşünürlərmi?
Ikincisi, dünyada həqiqətən qeyri-adi yasaqlar var; internet üzərindən kiçik bir axtarış apardım, qarşıma xeyli belə maraqlı qadağa çıxdı, Isveçrədə bazar günü paltar asmaq, Sinqapurda saqqız çeynəmək, Alabamada bazar günü domino oynamaq yasaqdır. Mən bu qadağaların nə ilə izah olunduğunu bilmirəm, amma hər bir halda bunların hər hansı toplumsal önəmi də yoxdur. Ona qalsa bizdə həftənin hər günü domino çırpmaq sərbəstdir, amma küçəyə çıxıb “azadlıq” qışqırmaq da sərbəstdir. Istədiyin vaxt paltar asa bilərsən, amma istənilən haqq sözə görə sənin özünü də asa bilərlər və s.
Dediyim odur ki, heç kim bu ölkədə azad sözün yasaqlanmasının, müxalifətçilərin televiziyaya çıxarılmasının, sərbəst toplaşmağın, seçib-seçilmək haqqının yasaqlanmasına Kaliforniyada kəpənək tutmağın, yaxud Cənubi Karolinada prospektlə gedərkən asqırmağın qadağan edilməsi ilə bəraət qazandırmağa çalışmamalıdır, belədə çox komik, gülməli göründüklərinin fərqində olmalıdırlar.
***
Bu yaxınlarda Steynbekin məşhur “Qəzəb salxımları” romanı əsasında çəkilən eyni adlı film haqqında oxuyarkən maraqlı, həm də ironik bir məqamla rastlaşdım.
Con Fordun 1940-cı ildə cəmi yeddi həftəyə çəkdiyi film elə həmin il Stalinin xüsusi göstərişi ilə Sovetlər Birliyində qadağan edilir.
Halbuki ABŞ-da ötən əsrin 30-cu illərindəki böyük iqtisadi böhranı, insanların acınacaqlı, səfil həyatını əks etdirən film məntiq etibarilə Stalinin rəğbətini qazanmalı idi.
Amma “dahi rəhbər” filmdə ən yoxsul amerikalının belə avtomobil sahibi kimi göstərilməsindən qeyzlənir və “Qəzəb salxımları”na yasaq gətirir.
Bəs bu yasağı ironik qılan nə idi?
Iş burasındadır ki, kommunistlərin ölkəsində qadağan olunan film ABŞ-ın özündə də top-tüfənglə qarşılanmış, həm Steynbek, həm də Con Ford “kommunist” olmaqda suçlandırılmış, məsələ Konqresədək uzanmışdı.
***
Başqa bir maraqlı və ironik fakt.
Sovetlər Birliyininin sayca üçüncü lideri Xruşşov vəzifəsindən uzaqlaşdırdıqdan sonra xatirələrini yazmağa başlamış, məsələdən KQB-nin xəbər tutduğunu anlayınca isə xatirələrini ölkədən çıxara, Qərbə ötürə bilmişdi.
Bəs bu maraqlı faktın ironik yanı nədir?
Iş burasındadır ki, eyni Xruşşov 1958-ci ildə “Doktor Jivaqo” romanına görə Nobel mükafatına layiq görülən Boris Pasternakın bu ödülü alması üçün ölkə xaricinə getməsini əngəlləmişdi; bu həmin “Doktor Jivaqo” idi ki, əsərin mətni elə Xruşşovun xatirələri kimi gizlicə SSRI-dən çıxarılmış, Italiyaya qaçırılmış, məhz Qərbdə nəşr edildikdən sonra isə böyük əks-səda yaratmışdı.
***
Dediyim odur ki, yasaqlar heç zaman xoş deyil, ayıbdır, utancvericidir, ikrah doğurur.
Yasaqların heç bir halda müdafiə ediləcək, bəraət qazandırılacaq yanı yoxdur.
Və elə bir gün gəlir, yasaqlar onu qoyanların, qadağalardan qazanc, mənfəət, mədət umanların özlərini gülməli vəziyyətdə qoyur.
***
Yasaqlardan söz düşmüşkən.
5 il öncə rejissor Ayaz Salayevin dövlət vəsaiti hesabına çəkdiyi “Ehram TV” filminin ekranlara çıxmadan yasaqlanmasından yazmışdım.
Hörmətli rejissor inadla inkar etmiş, bəndənizi məhkəmə ilə hədələmiş, filmin qısa zamanda ekranlara çıxacağını və bu zaman yalan yazdığıma görə çox utanacağımı demişdi.
Aradan qosqoca beş il keçib.
Ayaz müəllimdən soruşmaq istəyirəm:
Yazdığım yalana görə utanmaq üçün bundan sonra nə qədər gözləməliyəm?!