Obama Moskvanı yeni sanksiyalarla hədələdi

Növbəti hədəf Rusiyanın energetika, maliyyə və ticarət sahələridir

Barrozo: «Rusiya özünü belə aparmaqda davam etsə, bu ona baha başa gələcək»

ABŞ prezidenti Barak Obama bəyan edib ki, Moskva beynəlxalq hüquq normalarına əməl etməyə hazır olduğunu nümayiş etdirəcəyi təqdirdə Rusiya və Qərb ölkələri arasında münasibətlər yaxşılaşacaq: “Məhz Rusiya məsuliyyətli olmağa və beynəlxalq hüquq normalarına əməl etməyə dair iradəsini nümayiş etdirməyə qərar verməlidir. Əgər o bu yolla irəliləmək qərarına gələrsə, düşünürəm ki, biz yaxşı nəticə əldə etmiş olacağıq”.
Bu barədə Obama Haaqada nüvə təhlükəsizliyinə dair sammitin yekununda ÿkeçirilmiş mətbuat konfransında bildirib: “Rusiyanın lazımi addımların atılması üçün variantı var: Ukrayna hökuməti Moskva ilə danışıqların aparılmasına hazır olduğunu bəyan edib”. Bununla belə, Obama qeyd edib ki, ABŞ və Avropa Birliyi iqtisadi sanksiyalar da daxil olmaqla, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır: “Əgər Rusiya bu yolla getməyə davam edərsə, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinə də sanksiyalar tətbiq olunacaq”. Onun sözlərinə görə, sanksiyalar energetika, maliyyə və ticarət sahələrini əhatə edə bilər.

Norveç Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

Norveç hökuməti 2014-cü ilin mayın sonunadək Rusiya ilə hərbi əməkdaşlığın dayandırılmasına dair qərar verib. Bu barədə Norveç Müdafiə Nazirliyinin mətbuat mərkəzində bildirilib. “Norveç Ukraynanın Krım Muxtar Respublikasının Rusiya tərəfindən işğal olunmasını və Ukraynada silahlı qüvvələrdən istifadə edilməsini pisləyir. Bu beynəlxalq hüququn açıq pozulması və fəsadlarla yekunlaşacaq yolverilməz bir addımdır”, deyə ölkənin müdafiə naziri Ine Mari Eriksen Söreyde bildirib. Norveç həmçinin, Rusiyaya dair sonrakı addımlarını NATO üzrə müttəfiqləri ilə müzakirə etmək niyyətində olduğunu bildirib. Norveç “Şimal Qartalı” hərbi təlimlərdə iştirakdan imtina edib. Həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bu ilin aprelinə Norveçə planlaşdırılmış səfəri təxirə salınıb.

Avropa Birliyi sanksiyaların 3-cü mərhələsinə hazırdır

Avropa Birliyi ölkələri ümid etmək istərdi ki, Rusiyaya qarşı sanksiyaların üçüncü mərhələsinə ehtiyac olmayacaq. Lakin əgər lazımdırsa, onlar Avropadakı sabitliyi qorumağa hazırdır. Biz oxşar ssenarilərin Avopanın digər bölgələrində təkrar olunmasını istəməzdik. Bunu Avropa Komissiyasının sədri Joze Manuel Barrozo bəyan edib: “Bizim mövqeyimiz aydındır. Avropa Birliyi Ukraynanı dəstəkləyir və Rusiyaya xəbərdarlıq edir ki, əgər o, özünü belə aparmaqda davam etsə, bu ona baha başa gələcək”. Bununla belə Barrozo Rusiyaya qarşı sanksiyaların üçüncü mərləhəsinə hansı amilin əsas ola biləcəyini deməyib. O qeyd edib ki, G8-in Soçi sammitinin təxirə salınması Rusiyaya çox ciddi siqnaldır: “Ukrayna kimi Avropa ölkəsinin müstəqilliyinə hörmət edilməlidir”.
Özbəkistan Krımı Rusiya ərazisi kimi tanımır
Özbəkistan Krımı Rusiya Federasiyasının subyekti kimi tanımaqdan imtina edib. Bunu Özbəkistan Xarici Işlər Nazirliyindən bildiriblər. Rəsmi Daşkənd Moskva ilə Kiyevi ikitərəfli danışıqlara başlamağa çağırıb. “Nə qədər çox vaxt itirilsə, o qədər çox ziddiyyətlər və gərginlik artır”,- deyə Özbəkistan XIN-dən bildiriblər.

Krımdakı hərbi hissələrdə Rusiya bayraqları

Krımda yerləşən bütün hərbi hissələrdə Rusiya bayraqları qaldırılıb. Bunu jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov deyib. Onun sözlərinə görə, Ukrayna ordusunda xidmət etmək istəyini açıqlayan bütün hərbçilər silahları təhvil veriblər. Indi onlar Krımı tərk etməyə hazırlaşırlar. V.Gerasimov bildirib ki, Sevastopoldakı müvəqqəti qeydiyyat məntəqəsində artıq 1500 ukraynalı hərbçi qeydiyyatdan keçib. Onun sözlərinə görə, Ukrayna ordusunun hərbçiləri və onların ailə üzvləri Krımdan dəmir yolu xətti ilə yola salınacaq.ÿKrımda yerləşən 193 hərbi hissə ilə yanaşı Rusiya bayraqları Ukrayna Hərbi Dəniz Qüvvələrinin 51 gəmisində də qaldırılıb. Bu arada, Rusiya hərbçiləri Ukraynanın Krımdakı sonuncu “Çerkassı” gəmisini də ələ keçiriblər. “Çerkassı” gəmisinin heyət üzvlərinin məlumatına görə, hücum zamanı xəsarət alan olmayıb”, deyə Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev açıqlamasında bildirib. Iki “Mi-25″ helikopteri və üç sürətli hərbi kater ”Çerkassı” gəmisinə hücuma keçib. Bir müddət sonra Rusiya hərbçiləri gəminin göyərtəsinə qalxmağa müvəffəq olublar. Sonra gəmi Rusiya hərbçiləri tərəfindən aparılıb. Xatırladaq ki, Rusiya hərbçiləri bir gün əvvəl də Ukraynanın “Konstantin Olşanski” hərbi gəmisini ələ keçirmişdilər.

Ukrayna rus kanallarının yayımını dayandırdı

Kiyev dairə inzibati məhkəməsi Rusiya telekanallarının Ukrayna ərazisində yayımına qadağa qoyub. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) nümayəndəsi açıqlamasında bildirib. Məhkəmə Rusiya telekanallarının Ukrayna ərazisində yayımının dayandırılmasına dair qərarı Milli Televiziya və Radio Şurasının 24 mart tarixli iddiası əsasında verib. MTMŞ-in məlumatına görə, iddia Rusiya telekanallarının əsas retranslyatoru olan şirkətə qarşı irəli sürülüb. Şirkətin adı açıqlanmır. “UNIAN”-ın məlumatına görə, qadağa Rusiyanın 4 telekanalına şamil olunub – “RTR”, “Pervıy kanal”, “Rossiya-24″ və ”NTV”. Ukrayna Milli Televiziya və Radio Şurası martın 24-də bu kanalların verilişlərinin ölkə və beynəlxalq qanunvericiliyə zidd olduğunu bəyan edib. Qurumda bu cür tədbirlərin Ukraynada informasiya təhlükəsizliyinin, suverenlik və ərazi bütövlüyünün təmin olunmasının vacibliyi ilə əlaqələndiriblər. Qeyd edək ki, Rusiya telekanallarının Ukrayna ərazisində yayımına məhdudiyyətlər Krımda Ukrayna kanallarının yayımının dayandırılmasından sonra qoyulub.
Ukrayna Daxili Işlər Nazirliyi ictimaiyyət nümayəndələrini Aleksandr Muzıçkonun (Saşa Biloy) saxlanılması zamanı “Sokol” xüsusi təyinatlılarının silahdan istifadəsinə dair araşdırma materiallarına buraxmağa hazırdır. Bunu Ukrayna daxili işlər naziri Arsen Avakov bəyan edib. O bildirib ki, DIN-in xüsusi əməliyyatı geniş rezonans doğurduğu üçün hadisə ilə bağlı ətraflı detalların açıqlanması qərara alınıb: “Bununla belə mən təkid edirəm ki, siyasi mənsubiyyətindən asılı olmayaraq bu gün qanunsuz silahlı olan istənilən şəxs cinayətkardır. Hər bir cinayətkar tərksilah edilməli və məsuliyyətə cəlb olunmalıdır. Əks halda biz küçələrə sabitliyi qaytara bilmərik”. Xatırladaq ki, martın 25-də səhər saatlarında Rivno vilayətində Muzıçkonun meyiti tapılıb. O, ürəyindən bir neçə güllə yarası alıb. Hüquq-mühafizə orqanlarının ilkin versiyasına görə, Muzıçkonu naməlum şəxslər qətlə yetiriblər. “Sağ sektor”un yerli fəalları isə bəyan ediblər ki, Muzıçkonu “Sokol” xüsusi təyinatlıları öldürüblər. Onlar Muzıçkonun qətlində daxili işlər naziri Arsen Avakovu ittiham ediblər.

Pol Qobl: “Putin müasir dünya nizamını ciddi təhlükə qarşısında qoyub”

Rusiya və postsovet məkanı üzrə ekspert Paul Goble “Amerikanın səsi”nə müsahibəsində bildirib ki, Putinin Krıma hərbi müdaxiləsi Ikinci Dünya Müharibəsindən bəri beynəlxalq sistemin sabitliyinə ən böyük təhlükədir. Belə ki, suveren dövlətin ərazisini ilhaq etməklə və etnik mənsubiyyəti vətəndaşlıqdan yüksək mövqeyə qaldırmaqla Putin sülhün və sabitliyin əsasını təşkil edən prinsipləri rədd edib.ÿOnun fikrincə, beynəlxalq ictimaiyyət Rusiyanı bu əməllərinə görə cəzalandırmalı və aydın mesaj göndərməlidir ki, dövlət suverenliyinin zor gücünə tapdanması yolverilməzdir: “Putin Krımı Rusiya Federasiyasına zor gücünə ilhaq etməklə beynəlxalq sistemi Ikinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üz-üzə qoyub.ÿBaş verənlər 1945 və 1991-ci ildə əldə olunan beynəlxalq konsensusu sual altında qoyur.ÿ Burada söhbət böyük dövlətlərin zor gücünə sərhədləri dəyişməyə hazır olmasından və etnik mənsubiyyətin vətəndaşlıqdan üstün tutulmasından gedir. Vladimir Putin göstərib ki, etnik rus olmaq Ukrayna vətəndaşı olmaqdan daha mühüm amildir.ÿƏgər sən belə bir arqument irəli sürürsənsə, onda sən yeni dünya nizamına yox, nizamsızlığına yol açmış olursan ki, bu da minlərlə insan həyatına başa gələcək və ümumilikdə bəşəriyyəti daha böyük təhlükələr qarşısında qoyacaq”.

“Rusiya Ukraynanı birdəfəlik itirdi”

Qobl hesab edir ki, Putin indiyədək tarixdə heç bir rus hökmdarının nail olmadığı şeyə nail oldu.ÿ O, Rusiyaya böyük simpatiya ilə yanaşan bir milləti antirus etdi: “Ola bilər Rusiya hökuməti Krımı tutsun, amma bunu etməklə o, Ukraynanı birdəfəlik itirib. Polşalılar heç vaxt unutmayacaqlar ki, 1863-cü ildə və Katında onların başına nə gətirilmişdi.ÿ Eləcə də heç bir ukraynalı heç zaman Krımın Rusiya hökuməti və şəxsən Vladimir Putin tərəfindən zəbt edilməsini unutmayacaq. Bu elə bir məsələdir ki, nə vaxtsa Rusiyanı peşman edəcək. Mən əminəmÿki, Putin bu son hərəkətləri ilə elə bir qüvvələr qatarına yol açıb ki, bu, əvvəl-axır Rusiya Federasiyasını parçalayacaq.ÿOla bilsin, bu, gələn həftə olmasın, amma qarşıdakı aylarda və illərdə bu, baş verəcək. Putin çox təhlükəli bir iş görüb. Yəqin ki, biz bu hərəkəti geri qaytara bilmərik, amma beynəxlalq ictimaiyyət bunun necə yanlış bir addım olduğunu qeydə almalıdır. Putinin əməllərinə görə Rusiya dövlətinə qarşı ciddi sanksiyalar və ölçülər götürülməlidir.ÿTanınmış rus memuaristi Nadejda Mandelştam deyərdi ki, ”xoşbəxt o ölkədir ki, orada alçaq hərəkətlər ən azı nifrətlə qarşılanır”. Biz Putinə başa salmalıyıq ki, o alçaq bir iş tutub və bu hərəkət onu sülh və stabilliyə can atan millətlər icmasından təcrid edir”.