Kerri və Olland Azərbaycana hansı mesajla gəlir?

Fuad Qəhrəmanlı: «Gözlənilən səfərlərə daha çox Ukrayna və Rusiya arasında baş verən proseslər konteksindən baxmaq lazımdır»

Bir müddət öncə Gürcüstan mətbuatı xəbər vermişdi ki, yazın sonuna qədər Con Kerri Cənubi Qafqaza səfər edəcək. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da ABŞ dövlət katibinin Azərbaycana səfər edəcəyini və Vaşinqtonda keçirilən səfirlərin konfransında onunla görüşdüyünü demişdi. “O, Azərbaycana səfər etmək istəyini bildirdi, lakin səfərin dəqiq tarixi hələ müəyyənləşməyib”- deyə Morninqstar bildirib.

Eyni zamanda Fransa prezidenti Fransua Ollandın da mayın 11-12 də Azərbaycana səfər edəcəyi bildirilir.

Verilən məlumata görə, onu bir sıra iri Fransa şirkətlərinin nümayəndələrinin də daxil olduğu geniş nümayəndə heyəti müşayiət edəcək. Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı müzakirə olunacaq. 

Ukraynada baş verən proseslər, Rusiyanın apardığı siyasət, dünyanın Rusiyaya qarşı etirazı fonunda hər iki şəxsin Azərbaycana səfəri diqqət çəkir və bu səfərin sıradan bir səfər olmadığı qənaətini yaradır. Nəzərə alsaq ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” ölkələrindən biridir və Avropa Birliyi ilə Assosasiya sazişi imzalamağa ən real namizəddir, o zaman bu səfərlər zamanı Azərbaycana ciddi mesajların veriləcəyi gözləniləndir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, məlum səfərlər zamanı ABŞ və Avropanın Azərbaycana dəstəyi ifadə olunacaq və Rusiya təhlükəsindən qorunmağın yolları göstəriləcək: “Gözlənilən səfərlərə daha çox Ukrayna və Rusiya arasında baş verən proseslər konteksindən baxmaq lazımdır. Rusiyanın Krımı ilhaq etməsi, qonşularla aqressiv siyasət xətti seçdiyini, xarici siyastdə zorakılığa üstünlük verdiyini və suveren dövlətlərin ərazi toxunulmazlığı prinsipinə əməl etmədiyini göstərir. Bu da təbii ki, ciddi narahatlıq doğurur. Vaxtilə Gürcüstana qarşı həyata keçirilən siyasət, indi də Ukraynaya yönəlir və prosesin davam edəcəyi təqdirdə digər postsovet ölkələrinə də eyni münasibət sərgilənə bilər. Bu halda ilk növbədə həssas mövqedə olan Azərbaycandır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi və Rusiyanın hədəfi olması ehtimalını artırdı. Bu səfərlər daha çox Rusiyanın aqressiv siyasətinə qarşı regionda profilaktik tədbirlər keçirilməsi kimi dəyərləndirilə bilər. Eyni zamanda gələcəkdə Rusiya təhlükəsinə qarşı birgə əməkdaşlıqla bağlı fikir mübadiləsinin aparılacağı və Azərbaycana müəyyən təkliflərin veriləcəyi gözləniləndi. Digər tərəfdən, Qərb postsovet məkanında əldə etdiyi dayaqları qoruyub saxlamaq istəyir. Azərbaycanın Qərblə enerji məsələsində öz mövqeyini dəyişməməsi də Qərbin marağındadır. Görünür, geopolitik baxımdan da Azərbaycanın növbəti hədəf olacağı proqnozlaşdırılır və Qərb ölkələrinin Azərbaycanla sıx əməkdaşlığı gündəmə gələcək”.

Akif