ABŞ hərəkətə keçməlidir

Amerikalı ekspert Birləşmiş Ştatları postsovet ölkələrinə arxa durmağa çağırıb

Hikmət Hacızadə: “Qərb qətiyyətli addımlar atmasa, Rusiya başqa qonşu dövlətlərə qarşı da oxşar hərəkətlər edəcək”

ABŞ-da yerləşən “Stratfor” Araşdırmalar Mərkəzinin rəhbəri Corc Fridman Amerikanın Ukrayna böhranında özünü necə aparmasından regionun gələcək taleyi asılı olacağını deyib.

Onun fikrincə, ABŞ Rusiya ilə “fərdlər əleyhinə mənasız sanksiyalar” dili ilə də danışa bilər, Rusiya ilə konfrantasiyaya getmək yolunu da seçə bilər.

Əgər ikinci yolu seçməsə, yəni Rusiyanı yerinə oturtmağa nail olmasa, onda Rusiya ətrafındakı ölkələr – Estoniyadan Azərbaycana qədər – bundan belə bir qənaətə gələcəklər ki, əgər ABŞ kənardan baxırsa və Avropa daxilində fikir ayrılığı varsa, elə gedib Rusiya ilə dil tapmalıdırlar. Bu da Rusiyanın regiondakı gücünü artıracaq, Rusiyanın Avropanın içərilərinə doğru nüfuz etməsinə yol açacaq.

Corc Fridman yazır ki, halbuki ABŞ bu hegemonluğun qarşısını almaq üçün 3 müharibə etməli olub: (1-ci Dünya Müharibəsi, 2-ci Dünya Müharibəsi və Soyuq Müharibə). İndi yenidən buna imkan vermək, 1 əsrlik strategiyanın süqutu demək olardı.    

Fridmana görə, indiki vəziyyətdə Rusiyanın Ukrayna ilə bağlı iki seçimi var. Ya geri çəkilməli – bu da inandırıcı görünmür, ya da Baltik dövlətləri, Moldova və Qafqazda Qərb üzərində sürətli diplomatik və siyasi qələbələr qazanmaqla tutduğu yola davam etmək.

Araşdırma Mərkəzinin rəhbəri yazır ki, Estoniya-Azərbaycan xəttindəki ölkələr Rusiyanın gücü ilə üzbəüz dayanaraq öz müstəqilliklərini qorumağa çalışırlar. Bu məsələdə NATO bir alyans olaraq onlara lazımi köməkliyi edə bilməz. Çünki alyansın bəzi ölkələri düşünür ki, belə məsələlərə müdaxilə etməyə, buna maliyyə ayırmağa xüsusi ehtiyac yoxdur.

Corc Fridmana görə, bu məsələdə ABŞ təşəbbüsü öz əlinə almalı, sözügedən ölkələri NATO-dan yan keçərək qorumaq üçün strategiya işləyib hazırlamalıdır.  

Ukraynanı uduzan Rusiya bunun əvəzini Baltik dövlətləri, Moldova və Qafqazda çıxmağa çalışa bilər. Buna görə də ABŞ həmin strategiya və müttəfiqlik münasibətlərini Polşa, Rumıniya və Azərbaycan kimi mühüm dayaqlar üzərində qurmalıdır.

Fridmanın bu fikirləri ekspertlər tərəfindən də müsbət qarşılanıb. 

Corc Fridmanın dedikləri ilə tamamilə razı olduğunu deyən politoloq Hikmət Hacızadə hesab edir ki, Qərb qətiyyətli addımlar atmasa, Rusiya digər qonşu dövlətlərə qarşı da oxşar hərəkətlər edəcək. Bu hər kəsə aydındır və mübahisə mövzusu deyil. Çünki digər respublikaların təkbaşına Rusiyaya müqavimət göstərməyə gücü çatmayacaq. Növbəti hədəf artıq Azərbaycan, Gürcüstan və Moldova ola bilər. 

Fizzə