Qərb Krımın işğalı ilə barışdı

Bunun qarşılığında uzunmüddətli sanksiyalarla sosial gərginliyi artırmaq və Rusiyanı parçalamaq planı görünür

“ABŞ hökuməti və Avropa ölkələri Rusiyanın Krımda etdiklərinə görə cavab verməli olduğu fikrində yekdildir” – bu barədə ABŞ prezidenti Barak Obama martın 24-də Amsterdamda Hollandiyanın baş naziri Mark Ryutla görüşdən sonra bəyan edib. Obama ABŞ və Avropanın Ukrayna hökuməti və xalqına dəstək məsələsində də vahid mövqedən çıxış etdiyini bildirib.
Bu xəbəri oxumaq kifayət edir ki, dünya birliyinin Ukrayna hadisələrinə münasibətini əks etdirən tablo bizə aydın olsun. Bu cür qeyri-operativ bir reaksiyadan Kremlin ilhamlanaraq daha bir-iki ölkəyə hücum etməməsi möcüzədir. Bəziləri hesab edir ki, ukraynalılar Krım üçün savaşmadılar. Buna görə də dünya birliyi bu cür reaksiya verdi. Amma gəlin görək, bu müharibə kimin idi və kim nəyi uduzur?

Vahid mövqe problemi

Bu sətirlərin müəllifi bir neçə gün öncə eyni mövzu ilə bağlı yazmışdı ki, Qərbin (ABŞ və Avropa Birliyi) öz daxilində vahid mövqedən çıxış etmək problemi Rusiya üçün böyük şansdır. Nə demək istədiyimizi aydın izah edə bilmək üçün bir qədər yaxın tarixə müraciət edək. Rusiya Ermənistanı və onun ardından Ukraynanı Assosiasiya sazişinin qapısından döndərə bildi. Bu, Azərbaycana nə edə bilər? Düşünək. Əgər Ermənistan və Ukraynada sadəcə, rus hərbi bazaları varsa, Azərbaycanın torpaqları birbaşa işğal altındadır. Heç bir ciddi analitik deyə bilməz ki, burada dolayılıq elementi məhz Ermənistan deyil və işğala birbaşa Rusiya rəhbərlik etmir. Deməli, Azərbaycan tərəfi də Rusiyanın qılıncı altında yatıb-durmağa məcburdur.
Qərb isə məhz iş-işdən keçəndən sonra Ukrayna uğrunda mübarizəyə girişdi. Qərb, Rusiya ilə yüz illərlə davam edən hərbi-siyasi münasibətlər tarixindən heç bir nəticə çıxarmayıb. Unudur ki, Oktyabr sosialist inqilabından sonra da Rusiya zəif idi və demək olar ki, ac idi. Amma dünyanın böyük bir hissəsini bu aclıqla işğal elədi. Rusiya o mahiyyətə malikdir ki, toxluğu qəbahət kimi insanlara sırıya bilir və aclıq üstünlük olur. Aclar da əsgər…
Qərb isə düşünür ki, Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməklə onu fikrindən döndərəcək. Bu sanksiyalar Kremli zəiflədəcək, amma sadə rusları da qəzəbləndirəcək – bu, onların etnogenetik kodunda var.
Rusiya ilə hücum dilində danışmaq lazım idi. Bütün Avropa dövlət başçıları Ukraynaya gəlməli idilər. Niyə gəlmədilər? Bəlkə Ukrayna Gürcüstandan az əhəmiyyətli və ya daha kiçikdir? Nə baş verir?
Qərb Rusiyanın Krımı işğal etməsi ilə barışıb. Bunun nəticəsində Ukraynanın digər hissəsi Avropaya daha birmənalı bağlanacaq. Kremllə siyasi düşmənçilik dərinləşəcək, Qərb üçün bölgədə təbii etibarlı müttəfiq formalaşacaq. Bu siyasət çox qorxulu deyilmi? Qorxuludur. Elə isə bu pərdənin arxasında nə ola bilər?

Sanksiyalar nə əldə edəcək?

Qərb, nəhayət ki, ortaq mövqedən çıxış etdiyini bəyan edib. Bu, vahid iqtisadi izolyasiyaya səbəb ola bilsə, Rusiya  təbii ki, zəifləyəcək. Krım kimi iqtisadi cəhətdən yoxsul bir bölgədə vəziyyət daha da ağırlaşacaq. Başqa tərəfdən, Ermənistana verilən dotasiya da Kreml üçün ciddi yükə çevrilib. Üstəlik, yeni işğalçı imici dünya siyasətindəki təsiredicilik imkanlarını da zəiflədəcək.
Bu, uzun sürən bir proses olsa, yuxarıda qeyd etdiyimiz kimi, ilk növbədə Rusiya toplumunda ciddi anti-Qərb əhval-ruhiyyəsi yaradacaq. Üstəlik, Moskva-Kiyev münasibətləri daha da gəriləcək. Nəhayət, psixoloji dirəniş sınacaq və bütün sosial-siyasi problemlərin, həmişə olduğu kimi, hakimiyyətin mərkəzindən qaynaqlandığı bəlli olacaq. Rusiya  idarəolunmaz siyasi proseslərin meydanına çevriləcək. Onun ucsuz-bucaqsız torpaqlarında ciddi hərc-mərclik yaranacaq…
Bütün bunların bir mümkünsüzlük olduğunu düşünməyin. Ötən əsrin əvvəllərindəki ikihakimiyyətlilik dövründə eyni proseslər yaşanırdı. Indi sadəcə olaraq, vahid Rusiyadan yana olan Avropa görünmür. Çünki Rusiyanın iddiaları artıq  Qərb üçün ciddi təhlükəyə çevrilir. Rusiya ilə təkcə Avropa, ABŞ, Qafqaz deyil, bütövlükdə tarixin vidalaşmaq vaxtı yetişib. Ona görə də ölmüş filin hara yaxılmasını düz hesablamaq bu dəqiqə ən faydalı iş ola bilər.

Qarabağ müjdəsi – qara zərfdə

Ilham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşüb. Krımı işğal edən, BMT-nin sənədlərini və tanıdığı sərhədləri heçə sayan Kremlin təmsilçisi də bu tərkibdə var. Bu formatda sülh və ya ədalətli həll danışıqlarının səmimiliyinə, faydalılığına kiminsə inandığını düşünmək çətindir.
Amma burada iki sual var:
Birincisi odur ki, Azərbaycan hökuməti bu görüşə hardan ehtiyac duyub? Bu, kimə və nəyin mesajıdır?
Ola bilsin, Ilham Əliyev Moskvaya demək istəyir ki, biz sizin ədalətinizə də hökmünüzə də inanırıq. Ona görə də “Rusiya ATƏT-in Minsk qrupunda ola bilməz” kimi fikirlərin bizim hökumətə heç bir dəxli yoxdur. Bir sözlə, bizə hirslənməyin.
Ikinci sual odur ki, bu görüş və ya bundan sonrakı görüşlər hansı nəticəyə hesablanır?
Göründüyü kimi, artıq dünyada danışılacaq çox az şey qalıb. Əgər Qərb bütövlükdə Rusiyaya qarşı cəbhə açıbsa, burada Minsk qrupu çoxdan ölüb deməkdir. Ilham Əliyevin cəhdi isə “hələ də Rusiyanın Qərblə danışmalı nəyisə var” görsənişini yaratmaqdır. Və bu predmet də Azərbaycan torpaqlarıdır.
Bu durumun ölkə üçün nə qədər qorxulu olduğunu bilmək üçün elə də dərin analizə ehtiyac yoxdur. Azərbaycan rəhbərliyi bilməlidir ki, hazırda ən faydalı mövqe sadəcə, hərəkətsizlik olmalıdır. Çox təəssüf ki, bu iqtidarın siyasəti nəticəsində ölkənin imici Qərblə sürətli yaxınlaşmağa imkan vermir. Iqtidarın siyasi hakimiyyəti itirmək qorxusu da ən azı bu qədər prosesə mənfi təsir edir. Hazırda Rusiyaya qarşı sanksiyalarda Azərbaycan onsuz da iştirak edə bilməz. Bunun üçün heç bir imkanı yoxdur.
Heç bir halda, Kremli qızışdırmaq olmaz. Sadəcə, ölkə daxilində vətəndaş iradəsinin güclənməsinə çalışmaq lazımdır. Əgər doğrudan da Əliyev üçün Rusiya təhlükədirsə, bu vəziyyətdən çıxış yolu həqiqi vətəndaş cəmiyyətinin qurulmasıdır. Başqa bütün ssenarilər imitasiyadır və ölkəni geopolitik yemə çevirir.