Həqiqətən əcaib coğrafiyada yaşayırıq. Dünyanın fərqli bölgələrində basqıçı rejimlərin tarixin arxivinə gömüldüyü, azadlıqların sərhədlərinin genişləndiyi, yasaqların ortadan qaldığı bir zamanda bizim yaşadığımız bölgədə bütün bunların tam əksi müşahidə olunur.
Iranla hər şey aydındır.
Rusiyada çarizm küləkləri hər gün bir az da şiddətlə əsməkdədir.
Dəniz qonşularımız – Qazaxıstan və Türkmənistan haqqında əlavə sözə ehtiyac yoxdur.
Ermənistanda boş verin demokratiyanı-filanı, ilin-günün bu vaxtı hələ də başqalarının torpağını istila etməyi, başqalarına ərazi iddiası irəli sürməyi böyük bir mərifət zənn edən çağdışı zehniyyət hakimdir.
Özümüzə gəlincə, – dünyadakı bütün pis idarəetmələrin ən pis tərəflərini özündə birləşdirən bir gücün hegemoniyası hökm sürür, zaman getdikcə bu hegemoniyanın ən ötəri tənqidə, ən xırda fərqli fikirə belə, heç bir dözümü qalmamağa başlayır.
Və son illərin Türkiyəsi! Son bir neçə ayda Atatürkün qurduğu cümhuriyyətin hansı rüsvayçı hala düşdüyü bütün çılpaqlığı ilə ortadadır.
Bəzən düşünürsən ki, biz lənətlənmiş bir coğrafiyada yaşayırıq. Tərəqqinin, təkamülün bu coğrafiyaya heç bir isti-soyuğu yoxdur. Bəşəriyyəti irəli aparan, həqiqi inkişafa qovuşduran dəyərlər Azərbaycanın da aid olduğu bölgə üçün yad və yabançıdır.
Əks halda hətta Afrikanın bəlli qisimlərində belə demokratiya, azadlıq, ədalət çağırışlarının ucadan səslənməyə başladığı bir vaxtda çağdaş, modern, sivil idarəetmə sarıdan az-çox uğurlar qazanmış Türkiyədə belə, bu gün basqıçı, yasaqçı, əzici bir rejimin get-gedə daha ağır basmasının izahı nədir?
Yaxud Rusiyada Putin rejiminin getdikcə I Pyotr dövrünü xatırlatmağa başlamasına hansı ad vermək olar?
Azərbaycan qarışıq, bəzi bölgə ölkələrinin artıq nəinki üçüncü, hətta dördüncü, beşinci sinif ölkələrə çevrilməsini hansı məntiqlə izah etmək olar?
Artıq yaşadığımız coğrafiyanın yeni Şimali Koreyalara hamilə olduğunu görməmək mümkündürmü?
***
Bir çoxlarından fərqli olaraq mən bu gün Ukraynada olub-bitənlərin postsovet ölkələri üçün yeni bir ümid, yeni bir başlanğıc olduğuna da inanmıram.
Diqqətlə baxdıqda əslində Ukrayna bizim, yaxud Gürcüstanın 90-cı illərin əvvəlindəki taleyi yaşamaqdadır.
Azadlıq və demokratiya həvəsi bizə 20 faiz torpaqların itirilməsi hesabına başa gəldi.
Gürcüstan Abxaziya və Cənubi Osetiyadan məhrum oldu.
Sonra nə baş verdi?
Məsələn, Azərbaycan üzərində Rusiya və Qərbin kirli oyunları yerdə qalan 80 faiz torpaqlarda qiyam yolu ilə antidemokratik bir rejimin əsasının qoyulması ilə başa çatdı. Bu oyunların sonunda neft və qaz istəyən neft və qazı aldı (Qərb), istibdad istəyən istibdad aldı (Kreml).
Nəticə? Bizim azadlıq, demokratiya həvəsimiz qursağımızda qaldı, üstəlik, məmləkətin beşdə birini itirdik.
Indi üç aşağı, beş yuxarı, eyni ssenari Ukrayna üçün keçərlidir. Kim nə deyir desin, Krım artıq Ukrayna üçün bitmişdir. Ukraynanın yerdə qalan hissəsində azadlıq və demokratiyanın təntənəsini görmək isə bu gedişlə xəyal olacaqdır.
Biz bu gün dünya ağalarının və ya dünyaya ağalıq etmək istəyənlərin öz mənfəətləri naminə Ukraynanın timsalında yeni bir “qurban”ını “həzm-rabedən keçirdiyini” görürük.
Lap 21 il öncə, isti iyun günlərində Azərbaycanı, onun azadlıq ideallarını, demokratik gələcəklə bağlı xəyallarını birilərinin kirli ittifaqlar sayəsində əl-ələ verib gömdükləri kimi!
***
Zaman keçəcək və geri çevrilib bu günlə bağlı bir çox sualların cavabı aranacaq:
– Niyə Liviyada Yəməndəkindən qat-qat güclü otoritə hökm sürdüyü halda birinci bir neçə ayın içində çökərkən ikinci hər şeyə rəğmən ayaqda qala bildi?
– Suriyada axan qanlar niyə qiymətli olduğu halda Banqladeşə bu günün özündə də minlərlə insanın ölümü kimsənin tükünü tərpətmir?
– Misirdə dəyişiklik üçün yaşıl işıq yandırıldığı halda, niyə Mübarək rejimindən qat-qat antidemokratik və oğru Səudiyyə Ərəbistanı rejimi birilərinin gizli-aşkar himayəsi altındadır?
– Və niyə bizim də yaşadığımız coğrafiyanın Əliyevlər hegemoniyası da daxil olmaqla, çağdışı, amansız rejimləri illərdir davam edən dirənişə, müqavimətə, mübarizəyə rəğmən birilərinin tumarı altında xumarlanmaqda, hər gün bir az da qəddar, daha zülmkar ola bilməkdədir?
Əminəm ki, bu sualların hər birinin cavabı tapıldıqda, tərəqqipərvər bəşəriyyətin bundan duyacağı sadəcə və sadəcə, utanc hiss olacaqdır.