Müdafiə nazirimiz vəhabi olsaydı

Adi “JEK”dən tutmuş, hakimiyyətin ən yuxarı eşalonuna qədər gedib çıxan “nurçu” “haqq-hesabı” ölkədə ki real vəziyyəti bir daha bütün çılpaqlığı ilə ortaya qoydu. Məlum oldu ki, hakim kasta deyilən kəsim əslində ayrı-ayrı beynəlxalq cərəyanların, qruplaşmaların himayəsi altındadır. Mütərəqqi dünya birliyi ilə sözün əsl mənasında gizlənpaç oynayan beynəlxalq kölgə iqtisadiyyatı, ofşor təşkilatlar, lobbi qurumları, çirkli pullar yuyan qara banklar, müxtəlif yarımleqal dini təriqətlər Ilham Əliyev hakimiyyəti ilə işbirliyindədir.

Yadınızdadırsa, prezident seçkiləri ərəfəsində istər iqtidar, istərsə də özünü müstəqil hesab edən mətbu orqanlarının yeganə mövzusu “rus proyekti” və onun Azərbaycan üçün nə qədər təhlükəli olması idi. Həmkarlarımız və “dostlarımız” inanılmazı başarmaqda idilər – Milli Şuranı “rus proyekti”, Ilham Əliyev və komandasını isə.., “xəfif” iradların müşayiəti(!) ilə “milli proyekt” kimi təbliğ edirdilər. Yəni milyardlarla ölçülən mənimsəmə, insanları səfalətə sürükləyən monopoliya, sərhədsiz məmur özbaşınalığı, əsgər ölümləri və təpədən-dırnağa rüşvəti utanmadan “milli proyekt”ə çevirdilər. 

“Çevirdilər” ifadəsini, əlbəttə, məcazi mənada işlətdik. Həmişə olduğu kimi, bu dəfə də seçkilərin taleyini Məzahir Pənahov və onun komandası həll etdi. Çevirənlərin isə, sadəcə bir görəvi var idi – görüntü xatirinə… görüntü yaratmaq… 

Bir müxalifət nümayəndəsinin xarici diplomatla görüşünü az qala Vətənə xəyanət kimi qələmə verənlərin “nurçu” “haqq-hesab”larından sonra ya səsi çıxmır, ya da ən yaxşı halda bunu xəbər kimi verirlər. Təsəvvür edin, real müxalifətin “nurçu”larla hansısa təmasları olsaydı, nələr olardı? Adamı sadəcə dəhşət bürüyür…

Hazırda bu bir sürü qələm əhli prezident Ilham Əliyevin “nurçu”larla əlaqəsi olan məmurlara barmaq silkələməsini gözləyir. Sizi inandırıram ki, bu baş versə, daşı-daş üstə qoymayacaqlar.

“Qalenvagen”lə xalq artistinin ailəsini bədbəxt edən gülbalanın atası işdən çıxarılana qədər susanlar, bir günün içində şirə döndülər. Lakin Ilham Əliyevin bir neçə ay bundan əvvəl Qarabağ əlili Zaur Həsənovun intiharına səbəb olan məmuru cəzalandırmaması bunların əl-qolunu bağladı. Və utancverici bir mənzərə ilə qarşı-qarşıya qaldıq, əksər mətbu orqanları məmurun reabilitasiyası ilə məşğul olmağa başladılar. 

Yadınızdadırsa, Tovuz sakinləri yolu azmış qoca bir erməni sərsərini yaxalamışdılar. Yerli telekanallar, iqtidar və hakimiyyətlə “flört” edən mətbu orqanları bu 73 yaşlı dəlini düşmən diversiya qrupunun bələdçisi kimi qələmə verdilər. Tragikomik bir vəziyyət yaranmışdı – diversiya qrupu ortada yox idi, amma “bələdçi” öz ayağı ilə təşrif buyurmuşdu. ANS kanalı isə, quşu lap gözündən vurdu, – təxminən 20 il əvvəl yolunu azmış başqa bir erməni debilinin də eyni rəngdə “jaket” geyməsini yadımıza saldı. Məlum oldu ki, lax yumurta rəngi erməni kəşfiyyatının vazkeçilməz atributu imiş…

Nə oldu? Azərbaycan tərəfi bir neçə gün əvvəl bu xəstə ermənini geri qaytarmaqla böyük biabırçılıqdan qurtardı. “Google”da Xocayan, diversiya, ANS, sarı “jaket” yazın və görün ki, biz bu erməniyə sərsəri deyəndə hansı təpkiləri alırdıq. Nə isə, keçək mətləbə(!)…

Fəthullah Gülən xocaəfəndinin yaxın adımı ilə telefon danışığında Azərbaycanın çiçəyi burnunda müdafiə naziri Zakir Həsənovun da adı keçdi. Adamı Gülən hocaya kəndiləri ilə xoş münasibətdə olan bu əski jandarma komutanının ziyarətinə gedilməsinin vacibliyindən danışırdı…

Razılaşın ki, biz xalq olaraq şanssız bir dövr yaşayırıq. Ərazilərimizin 25 faizinin işğalı, məmurların ölkəni çapıb talaması, rüşvət və korrupsiyanın “çiçəklənməsi” azmış kimi, bir də müdafiə nazirimizin adı… hərblə əlaqəsi olmayan bir təriqətlə hallandı. Oysa, elə Zakir Həsənovun adı vəhabiliklə hallansa, daha yaxşıdır. Əlbəttə, bu mənim şəxsi fikrimdir, amma razılaşın ki, pis səslənmir…

Belə olan şəraitdə sizi inandırıram ki, heç “lazım”a filana, iqtidarın xalqa ünvanlanmış hərbi təbliğatına, “Xocayan nağılı”na da ehtiyac duyulmazdı. Bilərdik ki, nə lazımsa… edilir. Təmas xəttində zaman-zaman yaşananları nəzərə alsaq, Suriyaya gedənlərimiz də bu qədər olmazdı. Vəhabi münasibətlərinin qardaşlıq və bərabərlik üzərində qurulduğunu nəzərə alsaq, ordudakı qeyri-nizamnamə davranışları nəticəsində bu qədər gənclərimizi də itirməzdik. Bu mənim subyektiv, “illah da nazirimiz hansısa təriqətə yaxın olacaqsa, qoy elə bu vəhabilik olsun” qənaətimdən doğan istəyimdir…  

…Əgər sabah təhsil naziri Mikayıl Cabbarovun “seçimi” haqda eşidəcəyiksə, mən bunun “nurçuluq” olmasına sevinərdim. 

Çətin  ki, o “bəxt” bizdə ola…