Prezident Administrasiyasının qərarı rəsmi media quruluşlarının rəhbərliyinin dəyişməsinə səbəb ola bilər
Ölkə başçısı İlham Əliyevin qalmaqallı sərəncamı ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Söhbət Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun tutduğu vəzifədən azad edilməsi barədə ölkə başçısının imzaladığı sərəncamın rəsmi qəzetlərdə və dövlət televiziyasında verilməməsindən gedir.
“Azərtac” Ilham Əliyevin sözügedən sərəncamını yaysa da, nə “Xalq”, nə “Azərbaycan”, nə “Respublika” qəzetləri, nə də AzTV sənədi tirajlamayıb. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Azadlıq”a açıqlamasında məsələ ilə bağlı bildirmişdi ki, qəzet rəsmi xəbərləri “Azərtac”dan alır. Həmin sərəncamı isə agentlik qəzetə göndərməyib. Lakin “AzərTac”-ın baş direktorunun birinci müavini Dağbəy Ismayılov Bəxtiyar Sadıqovun izahatını əsassız saymışdı. O, bildirmişdi ki, bütün rəsmi məlumatlar mərkəzi dövlət qurumundan alınaraq, yayılır: “Bundan sonra hər bir mətbuat orqanı həmin məlumatı dərc edib-etməməsinə qərar verir. Bu, artıq onun öz üzərinə düşən işdir. Yəni hər bir mətbu orqanın özünün müstəqil siyasəti var. Biz hansısa orqana deyə bilmərik ki, bunu verin, yaxud da niyə vermədin”.
Redaksiyamıza daxil olan yeni məlumatlarda deyilir ki, bu məsələ hakimiyyətin zirvəsində də ciddi müzakirə olunub. Və məsələ ilə bağlı Prezident Administrasiyası araşdırmalara başlayıb. Məlumatlara görə, rəsmi qəzetlərin və dövlət televiziyasının rəhbərliyindən izahat tələb olunub. Onlar isə məsuliyyəti “Azərtac”ın üzərinə atıblar. Bildirilir ki, administrasiya araşdırmaları davam etdirir. Araşdırmaların nəticəsi olaraq yekun qərar veriləcək. Bu qərar ya rəsmi qəzetlərin və AzTV-nin, ya da “Azərtac”ın rəhbərliyinin dəyişməsinə səbəb ola bilər.