Kəmaləddin Heydərov Abbas Abbasovun biznesini ələ keçirdi

«Borjomi»nin idxalı baş nazirin keçmiş müavinindən alınaraq «Gilan Holdinq»ə verildi

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Gürcüstanın məşhur mədən suyu “Borjomi”nin Azərbaycanda satışı dayanıb. Artıq bu məlumatlar təsdiqini tapıb. Məşhur mədən suyunun Gürcüstandan Azərbaycana idxalı ilə məşğul olan “Aquo Line LTD” şirkətinin nümayəndəsi Nihad Məhərrəmov modern.az saytına bildirib ki, şirkət öz fəaliyyətini dayandırıb.
“Hazırda Gürcüstandan Azərbaycana ”Borjomi” gətirilmir. Bizdə olan məlumata görə, bundan sonra onun idxalı ilə “Gilan Holdinq” məşğul olacaq. Artıq “Borjomi”nin Azərbaycana gətirilməsinə “Gilan Holdinq” baxır. Amma bundan sonra mineral suyun idxal olunub-olunmayacağını deyə bilmərəm”.  
“Gilan Holdinq”dən isə sözügedən məsələyə dair məlumat almaq mümkün olmayıb. “Borjomi” mineral sular bazarında ən işlək məhsullardan biridir. 2013-cü ildə Azərbaycanda 7 milyon şüşədən çox “Borjomi” mineral suyu satılıb.
“Yeni Müsavat” qəzeti isə yazıb ki,”Borjomi”nin idxalı ilə məşğul olan “Aquo Line LTD” şirkətini baş nazirin sabiq müavini, hazırda Rusiyada siyasi və biznes fəaliyyəti göstərən Abbas Abbasova məxsusdur. Şirkəti onun oğlu deputat Aydın Abbasov idarə edir. “Gilan Holdinq”in isə fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir.
“Milyarderlər Ittifaqı”nın yaranmasından sonra Azərbaycan hakimiyyətinin Abbas Abbasova qarşı münasibəti dəyişib. Abbas Abbasovun Azərbaycandakı biznesi çökdürülməyə başlayıb. Yaxınları təzyiqlərə məruz qalıb. Abbas Abbasov özü də virtualaz.org saytına silsilə müsahibəsində bu faktları təsdiqləyib.