Kartaca miladdan öncə 814-cü ildə Fələstin torpaqlarında Sur şəhərindən gələn finikiyalı tacirlərin Tunis yarımadasında qurduğu bir şəhər idi. Getdikcə güclənən Kartaca və Roma arasında uzun illər boyunca sürən savaşlar baş verib. Romalılar Kartacalıların fəlakətlərindən elə zərər çəkirdilər ki, Senatdakı bir neçə senator çıxış yolunun yalnız Kartacanın tamamilə yox edilməsində görürdü. Bunların ən məşhuru senator Markus Porcius Cato hər çıxışını “Kartaca yıxılmalıdır!” deyə bitirməkdə idi. Nəhayət, onun bu səyləri nəticə verdi. Roma Kartacanı yox etmək qərarı çıxardı. Kartacanın Quzey Afrikadakı muxtar krallıqları üsyana təhrik edildi. Kartacanın artıq köhnə gücündən əsər-əlamət qalmadı. Nəhayət, 149-cu ildə romalıların ittifaq qurduqları Numidya Kralı Kartacaya üsyan etdi. Kartacanın silahla qarşılıq verməsi savaş üçün bəhanə oldu, beləliklə, güclü Kartaca Imperatorluğunun mövcudluğuna həmişəlik son qoyuldu.
O vaxtdan min illər keçib, amma “Kartaca yıxılmalıdır!” ifadəsi indiyə kimi xalq arasında bir deyim olaraq dolaşmaqdadır. Bəlkə ona görə ki, müasir dünyanın siması min illər ərzində min dəfələrlə dəyişmiş olsa da, yıxılacaq çox köhnə şeylər qalır hələ. Elə biz özümüz də yeni tarixin yazılmasına şahid olan bir nəslin nümayəndələri deyilikmi? O nəsil ki sovetlərin həzin çöküşünü gözümüzlə görərək, bütün imperiyaların yıxılacağı gerçəyinə bir daha əmin olmuşduq. Indi o imperiya yoxdur, amma özünü onun varisi hesab edən Rusiya var. Daha doğrusu, buna iddia edən Putin var. O heç imperialist arzularını gizlətməkdən də çəkinmir. Dünyanın gözləri qarşısında, beynəlxalq konvensiyalara-filana məhəl qoymadan Krımı bir sərçə kimi tutub öz qəfəsinə saldı. Bundan sonra hadisələrin gedişi onun xeyrinə işləməyə də bilər. Amma gerçək dəyişmir – imperiya xəyalları şirin, həyəcanlı və vazkeçilməzdir!
O doğrudur ki, zaman öz diktəsi ilə çox şeyin qüdrətini əlindən alır. Belə məqamda, tvitter adlı bir informasiya ötürücüsünün gücü qarşısında varından yox olan “dəmir əllər”in öz imperiyasını qurmaq iddiası da çox gülünc görünür. Bu, əslində, bir idarəçinin ölkəsini qaldırıb gücləndirmək iddiasından daha çox şəxsi imperiyasını qurmaq hikkəsinə bənzəyir. “Böyüklük”, mənəmlik, təkəbbür də bir yerə qədər! Bir informasiya şəbəkəsinə belə hökm etməyin imkansız olduğu zamanda, hansı şəxsi imperiyadan söz gedə bilər, siz Allah!
Krımın işğalından sonra bizim kulislərdə də Qarabağ söhbətləri xeyli qızışıb. Bəziləri əndişəlidir ki, Rusiya Azərbaycan üçün eyni şeyi edəcəyi halda kimsə mane ola bilməyəcək. Bəziləri baş verənləri imperiya varisinin sonu kimi dəyərləndirir. Hələ Putinin “böyük yürüş”ündən ruhlanıb, bizim Krım təəssübkeşliyimizi ələ salanlar, fürsət düşmüşkən türkçülük əleyhinə təbliğat başladanlar da var. Məlum, insanlar və niyyətlər fərqlidir. Ona görə də, ortada həm doğru, həm də yanlış fikirlərin dolaşması mümkündür. Amma diqqət etsəniz, sovetlərin çökdürülməsində, demək olar, Kartacanın çökdürülməsinə bənzər ssenaridən istifadə edilib. Indi Putin Rusiyası bilmədən həmin ssenari əsasında oyuna girib. Indiki halda imperiya təfəkkürü ilə oyunu hara qədər qazanmaq olar? Necə olursa-olsun, bu gedişin sonunda hər şeyin itiriləcəyi gün kimi aydındır. Şübhəsiz, məhdud gücə və zorakılığa əsaslanan bütün Kartacalar yıxılacaq. O zaman dünyada çox şey dəyişəcək, elə Azərbaycanın özündə də.