Daha bir cəbhəçi həbsdən çıxdı

AXCP Sabunçu rayon şöbəsinin fəalı Ağaverdi Ruşanov martın 25-də həbsdən azad olunub. O, Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzasına məhkum edilmişdi. A.Ruşanov polisə müqavimətdə ittiham olunurdu.
Həbsdən çıxandan sonra A.Ruşanov bildirib ki, ona qarşı ittiham və verilən cəza tam qanunsuz olub. Ruşanov deyib ki, həbsin əsas məqsədi ona və mənsub olduğu partiyaya təzyiq göstərmək, mübarizədən çəkindirməkdir: “Ancaq bu metodlar çoxdan cəbhəçilər üçün əhəmiyyətini itirib. Biz düz və haqlı yoldayıq. Sonacan, xalqımızı demokratiyaya qovuşdurana qədər mübarizədəyik”.
Ağaverdi Rusanov fevral ayında AXCP-yə qarşı kampaniyada həbs olunanlardan idi. O zaman 7 cəbhəçi müxtəlif yerlərdə “polisə müqavimət” bəhsanəsi ilə saxlanaraq, 20 sutkalıq həbslə cəzalandırmışdılar. Hazırda onların 6-sı azadlıqdadır. Həbsi davam edən AXCP Gənclkər Komitəsinin fəalı Türkel Əlisoydur.