Bir kəndin manifesti

Haçaqsa, hansı kitabdasa oxuduğum belə bir deyim var: “Dahilər kənddə doğulur, şəhərdə ölürlər”. Indiki “yeni” Azərbaycanda kənd yerində doğulmuş ən saya adamlar da daha çox şəhərdə ölürlər. Yoxsulluqdan, dolanışıq dözülməzliyindən Bakıya üz tutur, gəlib daha çox göydələnlərdə iş tapır, elə o göydələnlərdən də yıxılıb o dünyalıq olurlar. Bakıda onlar yalnız göydələnlərdən deyil, çox yerlərdən “yıxılırlar”…

Kəndimizə gedirik

Ən azı Novruz günlərində kəndinə getmək gərəkdir. Kəndimizə gedirik. Sabirabaddan keçən magistral yolun neçənci kilometrindəsə sola dönürük. Buradan Qarayevkənd (bu ad çoxdan dəyişdirilməli idi) yolu başlayır: Qarayevkənd-Smadakənd yolu. Keçən il – seçki ilində – seçkiyə az qalmış 21 km-lik Qarayevkənd-Smadakənd yolunun 11 km-nə asfalt döşənib. Bu 11 km-lik yolun açılışına gələn prezident I.Əliyev qıpqırmızı açılış lentini kəsərkən demişdi: “Burada mənim tapşırığımla dünya sdandartlarına uyğun yol çəkilmişdir”. “Dünya sdandartlarına uyğun” çəkilmiş, adına 7,5 milyon manat pul silinmiş bu 11 kim-lik yol aradan az keçmiş batıb dağılmağa başladı. Dünya sdandartlarına uyğun çəkilən yolun ən azı 30 illik qarantiyası olur. Bizdə də elə olsaydı, Azərbaycan yollarındakı milyardlarla yeyinti-mənimsəmədən danışmağa dəyərdimi?!

Deyərlər: “yoxa lənət”. Qabağkı dağılmış yoldan indiki yaxşıdır. Bu 11 km-lik prezident yolunu başa vurub, kəndimizin yoluna yönəlirik. 7-8 km-lik bu yol sovet dönəmində necəydisə, indi də eləcədir: darmadağın. Illərlə bu yoldan ötrü ora-bura yazılıb, dönə-dönə pul yığılıb. Rayondakılar o pulları yeyib üstündən də su içiblər. Deyilənə görə, tezliklə bu yola da asfalt üzlük çəkiləcək. Illərin yalanlarına görə inanmazdıq, ancaq inanmalıyıq! Kəndin içindən lap əski çağlardan Biləsuvara yol keçir. Yalnız yay aylarında, bostan dönəmində ağarmış gördüyümüz bu yolu indi ağarmış gördük. Sən demə, hər gün (tezdən, axşam) bu yoldan üç-dörd cip keçib gedir. Hara? Kəndin çıxacağındakı çöllərə. O çöllərsə Saqatlı, Neftçala, Biləsuvar, Imişli arasında min hektarlarla torpaq deməkdir. Min illər boyu əkilməyən, qışlaq olaraq yararlanılan o yerlərə indi Ilham Əliyevin “Azərsun”u, “Şəki-Ipəyi” ilə Kəmaləddin Heydərovun MKT-si yiyələnib. 

Çoxdan o çöllərdə qızğın iş gedir: torpaq düzənlənib əkinə yararlı duruma gətirilir, suvarma kanalları çəkilir. “Azərsun” çoxdan oralarda öz işini görüb xiyar-pomidor əkir, indi görülən torpaq-suvarma işləri pambıq əkinləri üçündür. Beləliklə, oliqarxiya kəndlərdə də IŞ YERLƏRI açmağa başlayır. Bundan başqa, rejim ABŞ-ın, Avropa Birliyinin çoxdankı istəyini yerinə yetirərək… “iqtisadiyyatın şaxələnməsi” yolunu tutur. ABŞ-ın Bakıdakı baş diplomatı Morninqstar 9 oktyabr prezident seçkisinin ardınca görəcəkləri işlərdən danışırkən Azərbaycanda aqar sektora yönəlik işlərə baş vurmaqla “iqtisadiyyatın şaxələnməsinə” çalışacaqlarını bildirmişdi. Budur, Ilham Əliyevlə Kəmaləddin Heydərov tapşırığa uyğun olaraq yalnız yuxarıda sözügedən rayonlar arasındakı yerlərdə deyil, Azərbaycanın hər yerində aqrar sektora yönəlik işlərə baş vurmaqla “iqtisadiyyatı şaxələndirməyə” girişiblər. Bəlli olduğu kimi, Avropa Birliyi Azərbaycanda “iqtisadiyyatın şaxələnməsi” üçün aqrar sektora pul ayırıb. Beləliklə, Azərbaycanda “iqtisadiyyat” bölünür, rejim dilində desək, “şaxələnir”…

Kəndimiz

Rayonun ən ucqar kəndi. Ucqarlıq gediş-gəliş baxımından əlverişsiz olsa da, dolanışıq baxımından yararlı olub. Kəndin ortasından böyük bir kanal, belə desək, Arazın qolu keçir. Bu isə yay-qış bol su deməkdir (idi!). O biri yandan, geniş çöllər – bol torpaq! Bol su ilə bol torpaq üzündən kəndimiz uzun illər yaxşı dolanışığı ilə seçilib. “Bol torpaq” dediyim öz-özünə əkin-biçinə yararlı olmayıb; söhbət verimli dağətəyi torpaqlardan deyil, Muğanın şoran torpaqlarından gedir. Bu torpaqları duzdan arıdıb əkin-biçinə yararlı etmək üçün adamlar illərlə qan-tər içində çalışmalı olublar. Kəndimizin o bol torpaq kefi bəlli KQB generalının birinci dönəm hakimiyətə gəlişinədək olub. Onun hakimiyətə gəlişindən sonra TORPAQ repressiyaları başladı: az bir arada kəndimizdən 33 adam “torpaq oğrusu” adıyla tutulub Bayıl türməsinə göndərildi. 1969-cu ildən respublikada qurulan repressiya rejiminin bizim kəndimizə çəkdirdiyi dağlardan, vurduğu damğalardan biri də bu oldu: “torpaq oğrusu”! Bu necə oğurluq idi: adamlar gecə-gündüz kolxoz işində çalışmaqla yanaşı, evlərinin yan-yörəsini yuyub duzdan arıtmaqla qara şoranlıq içində yaşıl dünya yaratmışdılar. Bundan ötrü onlara ödül düşürdü, ancaq onlar amansız Heydər Əliyev repressiyaları ilə üzləşdilər – tutulan tutuldu, tutulmayan türmədən canını olar-olmazından keçməklə, mal-qarasını satıb rüşvət verməklə qurtardı.

Yeni evlənənlərin tikdiyi evlərə görə kəndimiz hər il ən azı beş-altı ev böyüyüb-genişlənərdi – ta bəlli QAYIDIŞ baş tutanadək. Azadlıq meydanındakı Qarabağ – Suverenlik mitinqlərinə kəndimizdən axın-axın adamlar gələrdi. Sonra onların bir çoxu Qarabağ savaşına yollandı: kimlərsə şəhid oldu, kimlərsə yaralı qayıtdı, yaralı qayıtmayanlar, çoxillik savaş yolçuluğundan qayıdıb dözülməz dolanışıq yolçularına çevrildilər. Üzləşdikləri çətinliklərdən qurtulmaq üçün üz tutduqları dövlət qulluqçuları onları “Səni Qarabağa mən göndərməmişəm” azğınlığı ilə qapıdan qovurdular. Ölkədə, daha doğrusu, dövlət qulluğunda yeni dönəm başlamışdı: əxlaqdan, mənəviyatdan, Xalqa, Ölkəyə sevgidən, sayğıdan QURTULUŞ dönəmi! Bu, Qarabağı ermənilərə verməklə, neft-qaz resurslarını böyük dövlətlər arasında pay-püşk etməklə qurulan QURTULUŞ hakimiyəti dönəmi idi. Bu dönəmdə Qarabağ savaşçılarına yer ola bilməzdi, olmadı! Kəndimizdə yaşı əlliyə yetmiş, əllini ötmüş çoxlu Qarabağ savaşçısı var, çoxu da yoxsulluq üzündən hələ indiyədək evlənə bilməyib. Savaş çağlarında emənilərin qorxusuna çevrilməklə “Qartal” adı qazanmış tankçı oğlan indi subaylıq “soltanlığı” içində hansısa oliqarxın naxırını otarır… 

Bizim sovet dönəmindəki axar-baxarlı kəndimiz indi özünün qara günlərini yaşamaqdadır. Ayağı yer tutan dolanışıq dalınca kənddən qaçır. Əliyevlər dönəminin bütün Azərbaycan kəndləri kimi bizim kəndimiz də illərlə böyümək yerinə balacalaşır. Illərlə kənddən gedən oğlanların sayı artdıqca illərlə də kənddə qarımış qızların sayı artır – bu yalnız bir kəndin deyil, Əliyevlər dönəmi bütün Azərbaycan kəndlərinin faciəsidir. Düzünə qalsa, bu, bütün Azərbaycanın faciəsidir – ən azı, demoqrafik faciəsi! Aqrar sektorun uzun illər bilərəkdən dağıdılması, bilərəkdən baxımsız saxlanması Azərbaycanı yalnız yoxsulluğa deyil, eləcə də yolsuzluğa sürükləyən başlıca faktorlardandır. 

Azərbaycanın bir çox kəndləri kimi bizim kəndimizə də H.Əliyevin hakimiyətə qayıdışınadək qaz verilirdi. H.Əliyevin hakimiyətə qayıdışından az sonra kəndə qaz verilməsi dayandırıldı. Yol boyu uzanıb gedən qaz borularını kimlərsə kəsib yox etdilər. Sonra da bütün Azərbaycan kəndləri kimi bizim kəndimiz də qızınmaq üçün gözünü ağac-meşə qırğınlarına dikdi. Bu nə proyekt, bu nə xəyanət idi belə – bilən yoxdur. Bilən yoxdur, ancaq bilənlər var: ən azı, Sovet dönəminin 47 dissidentindən biri olaraq tanınan Nadir Ağayevin ortada “Fəlakətlərimizin baiskarı” kitabı var. Ideya-siyasi, sosial-ekonomik, mənəvi-psixoloji, eləcə də ekoloji-demoqrafik FƏLAKƏTLƏRIMIZIN BAISKARI!.. 

Çökürdülən aqrar sektor

Indiyədək neft-qazdan gələn milyardlarla gəlirin bir azını aqrar sektora yönəltməklə, bircə elə bu yolla Azərbaycanı dünyanın ən varlı ölkələrindən birinə çevirmək olardı. Bundan ötrü çox böyük ağıl, dərindən-dərinə düşünülmüş siyasət-proqram gərək deyildi. Eləcə az-çox qanunçuluğu qorumaqla aqrar sektora aşağı faizlə(3-5 %) çoxillik kreditlər vermək gərək idi. Beləliklə, aqrar sektor yüksələcək, aqrar sektorun yüksəlişi Azərbaycanın yüksəlişinə gətirəcəkdi. Özü də indiki kimi oğru-oliqarxiya yüksəlişinə deyil, doğru-fundamental yüksəlişə gətirəcəkdi. I.Əliyev bugünlərdə ailəsini, yaxınlarını yığıb tezcə ölkədən gedib kef çəkmək üçün çağından qabaq keçirdiyi Novruz şənliyində dedi: “Biz Qarabağı, tarixi torpaqlarımızı geri qaytarmaq üçün güclü olmalıyıq”. Bütünlüklə doğrudur, ancaq 20 illik bir dönəmdə, çeşidli yollarla Xalqa diz çökdürmək nə deməkdir?! “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı” Azərbaycana bütün bölgələrdə dönə-dönə sökülüb-tikilən, tikilib-sökülən H.Əliyev parklarından savayı nə verdi?! Bəlli olduğu kimi, bu ad altında dövlət büdcəsindən 51 milyard manat PUL… silinib! 51 milyard manata… Antarktidada axar-baxarlı bir Azərbaycan yaratmaq olardı, bunlar 51 milyard manata hər rayonda bir… H.Əliyev parkı düzəltdilər. Indi “Regionların sosial-iqtisadi inkişafı” adına ikinci dövlət proqramını işə salırlar. 

Bilərəkdən yaradılan çoxsaylı problemlər üzündən kəndli torpaqdan üz döndərdi. Az-çox qazandığını, əldə etdiyini ordu, məktəb, xəstəxana yolunda qoyan kəndli yoxluğa sürükləndi. Çoxu torpağını dəyər-dəyməzinə satdı. Bir ara bir qrup adam bir generalın adından kəndləri gəzərək ucuz qiymətə torpaq alıb yığırdı. Kimi o generalın Bəylər Əyyubov, kimi də Kəmaləddin Heydərov olduğunu deyirdi. Indiki rejimdə başlıcası generalın kimliyi deyil, ortadakı faktdır. Rayonda üç pambıq zavodu var idi: I.Əliyevin, K.Heydərovun, bir də yerli adamlardan birinin. Yerli adam pambığı əkinçilərdən 47 qəpiyə götürüdü, qalan ikisi 41 qəpiyə. Sonuncular yerli adamın zavodunu bağladılar. O qalan ikisindən soruşmaq gərəkir: nəyə görə qonşu Iranda, Özbəkistanda pambıq Azərbaycandakından qat-qat baha qiymətə alınır? Nəyə görə illərdir Azərbaycanda pambığın xərci borcun ödəmir? Ortada obyektiv nədənlər varsa, pambıq dünya bazarında bir belə ucuzdursa, nə üçün I.Əliyevə bağlı “Şəki – Ipək”, K.Heydərova bağlı MKT indi min hektarlarla torpağı ələ keçirir, milyonlarla pul tökərək pambıq əkininə girişir? Bir Türkiyə televiziya verilişində deyildiyi kimi: cavab soruda! 

I.Əliyev neftin 1 tonunu bizə (Azərbaycan xalqına!) 917, başqalarına 765 manata satır. Azərbaycandakı seçki öncəsi əkinçilikdə önəmli rolu olan dizel yanacağını ARDNŞ Gürcüstanda ucuzlaşdırdı. R.Abdullayev bu ucuzlaşmanı gürcü xalqının “tələbi” ilə etdiklərini dedi. Beləcə, satdıqlarını durmadan bahalaşdırıb aldıqlarını ucuzlaşdırmaqla… Xalqa diz çökdürürlər! Sonra da illərlə yalan yolu tutmaqla qalmır, “Qarabağı, tarixi torpaqlarımızı qaytarmaq üçün güclü olmalıyıq” kimi yeni-yeni yalanlarda bulunurlar. I.Əliyev ötən ilin sonlarında gözəl bir “sərəncam” qolladı: “Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştləri daha 5 il uzadılsın”. Gözəldir, ancaq monopoliya sisteminin Bakıdan bölgələrə ötürüldüyü Azərbaycanda I.Əliyev özü, K.Heydərov başda olmaqla oliqarxiya başlıca “kənd təsərrüfatı istehsalçılarına” çevrilib. Sumqayıtda 17 zavodu qəpik-quruşa özəlləşdirib “Sumqayıt texnologiya parkı” adı altında əlaltı parlamentdən keçirdiyi qanunla vergidən yayındıran prezident nə üçün “kənd təsərrüfatı məhsulları istehsalçısı” olaraq özünü, dostlarını vergidən yayındırmasın?!

Adamlar indidən qara günlərini qablaşdırıblar: onlar bundan belə Arazın üzünün prezident-oliqarx tarlalarına döndəriləcəyini düşünürlər. “Elə olsa, batdıq”, deyirlər. Koroğlu bu yerdə deyərdi: Keçər dövran, belə qalmaz. Dahiyanə bir prezident sözü də var: “Koroğlu kasıbların tərəfində duran gözəl vətəndaş olub”. Ancaq Koroğlunun bir pis işi də olub: oliqarxların varını əlindən alıb yoxsullara paylayıb!

Xaliq Bahadır