Abbas Abbasov Ramiz Mehdiyevə nə sənəd təqdim edib?

Baş nazirin keçmiş birinci müavinindən ilginc açıqlamalar

 «Onlar canavar cildinə girmiş çaqqallardır, heç vaxt canavar ola bilməzlər»

“Bilməlisiniz ki, Abbas Abbasov ”AzerRos”un Ağsaqqallar Şurasının sədri postuna prezident İlham Əliyevin tövsiyəsi ilə seçilib. Mən və digər nüfuzlu azərbaycanlılar heç vaxt satılmarıq, öz xalqımızı, dövlətimizi satmarıq. Burada azərbaycanlılara yüksək səviyyədə münasibət var. Kremlin heç bir müdaxiləsi yoxdur və bu stereotiplərdən qaçmaq lazımdır”. Bu sözləri virtualaz.org saytına müsahibəsində baş nazirin keçmiş birinci mavini, “AzərRos”un Ağsaqallar Şurasının sədri Abbas Abbasov deyib.

“Vahid Ələkbərovla iki dəfə İlham Əliyevlə görüşməyə gəldik”

Abbas Abbasov özünə qarşı hücumlardan danışarkən bildirib ki, o, İlham Əliyevə sadiq olsa da, ölkə başçısına barəsində mənfi fikirlər çatdırırlar: “Bu gün qardaşım Ilham Əliyevə mənim haqqımda hər cür pis sözlər çatdırırlar. Vaxt gələcək, prezident də biləcək ki, bunların heç biri həqiqət deyil. Onlar mənim Ilham Əliyevlə yaxınlaşmağımdan təşvişə düşdülər. Vahid Ələkbərovla mən iki dəfə Bakıya, prezident Ilham Əliyevlə görüşməyə gəldik. Və onlar öz strateji mövqelərini itirməkdən qorxdular. Onların çirkin niyyətləri var. Mən prezidentə açıq dedim ki, bir vaxtlar Heydər Əliyev tərəfindən yaradılmış Ümumrusiya Azərbaycanlıları Konqresi artıq öz dövrünü başa vurub və yeni zamanın tələb və reallıqlarına cavab vermir. Orada heç bir iş aparılmır. Bu təşkilat yalnız hansısa məişət məsələlərinin həlli ilə məşğul olur. Təklif etdim ki, bu təşkilata mən rəhbərlik edib onu dirçəltmək üçün əlindən gələni edim. 

Amma mənə etibar eləmədilər. Nə edə bilərdim? Bundan sonra özümü necə aparmalı idim? Siz məndən nəyə görə düşmən obrazı yaradırsınız? Müstəqil Azərbaycan dövlətinin yaranıb formalaşmasının ən ağır illərində mən öz xalqıma və Heydər Əliyevə xidmət etmişəm. Özü də bunu özümə borc bilmişəm. Ən məsul və ağır vəzifələri yerinə yetirmişəm. Indi bunların hamısının üstündən necə xətt çəkmək olar? Bunları necə unutmaq olar?

Azərbaycanda 3-4 adam mənim düşmən obrazımı yaratmağa çalışır. Mənsə öz xalqıma, dövlətimə və Ilham Əliyevə heç vaxt düşmən olmayacağam. Bunu heç kim görməyəcək. Amma bu adamlar hələ də ayağımın altını qazmaqda davam edirlər”.

“Ailəmə, uşaqlarıma, yaxınlarıma təzyiqlər başlayacaq”

Abbas Abbasov əlavə edib ki, o, artıq açıq danışa bilmir.  Çünki ailəsinə qarşı təzyiqlər olacağından ehtiyat edir:

“Indi mən hər hansı artıq söz deməyə çəkinirəm. Çünki ailəmə, uşaqlarıma, yaxınlarıma təzyiqlər başlayacaq. Mənim sözlərimi niyə kontekstdən çıxarıb cəmiyyətə təhrif olunmuş formada təqdim edirlər? Mənə inanın, cəmiyyət Abbas Abbasov barədəki yalanları qəbul etmir. Qəbul etmir! Axı mən hansısa kəşfiyyatçı deyiləm. Mən bura öz millətimi ləyaqətlə təmsil etmək üçün gəlmişəm. Burada alimlərlə, ziyalılarla görüşürəm. Onlar mənə suallar verirlər, soruşurlar ki, Bakıda sənə qarşı niyə belə kampaniya aparırlar… Bu, nə yalandır danışırlar ki, guya mən Bakıda dövlət çevrilişi eləmək, Rüstəm Ibrahimbəyovu hakimiyyətə gətirmək, özüm isə kölgədə gizlənib dövləti altdan-altdan idarə etmək istəyirəm? Bunlar o qədər sərsəm, o qədər absurd fikirlərdir ki, hətta adamın ağlına da batmır…

Rüstəm Ibrahimbəyov məgər Azərbaycan xalqının düşmənidir? Siz Moskvaya gələndə mən bu tarixçəni sizə ayrıca danışaram. Bakıya necə gəldim, orada müəyyən adamlarla necə görüşdüm, onlardan bu məsələni yoluna qoymaq xahişini prezidentə çatdırmaqlarını necə rica etdim – bütün bunları danışacağam. Rüstəm Ibrahimbəyov Ilham Əliyevə yox, ona qarşı mübarizə aparmağa başlayan quruma qarşı qəzəblidir. Axı Ibrahimbəyovu elə onlar özləri tərifləyirdilər, deyirdilər ki, o, istedadlı yazıçıdır, görkəmli adamdır. Onu niyə aşağıladılar? Insanları aşağılayıb təhqir eləmək nəyə lazımdır? Bu insanın dünya dolusu şöhrətindən istifadə eləmək daha yaxşı olardı, yoxsa hər şeyi kanalizasiyaya buraxmaq yaxşıdır? Mən ikiüzlü adam deyiləm. Ibrahimbəyovun bəzi fikirləri və mövqeyi ilə razı deyiləm. Amma istənilən nəticənin səbəbi var. Bu hadisələr niyə və necə baş verdi? Sizə söz verirəm, bu tarixçənin bütün təfərrüatlarını, oradakı şəxsləri adbaad danışacağam. Bütün bunlar bir parça torpaq üstdə oldu!”

“İstəyirlərsə, Türkiyədəki biznesimi də bağlasınlar”

Baş nazirin keçmiş birinci müavini tutduğu vəzifədən istefa verəndən sonra məhz Rusiyaya getməsinin səbəblərini də açıqlayıb: “Mən Rusiyada bizneslə, qurub-yaratmaqla məşğul olmağa başladım. Axı ailəmi də dolandırmalı idim. Mənim böyük ailəm, 7 nəvəm var. Ailə üzvlərim 17 nəfərdir. Əgər Rusiyada pul qazanmaq imkanım vardısa, bundan niyə istifadə etməməli idim?! Mən Türkiyəyə də köçə bilərdim. Yeri gəlmişkən, mən Türkiyədə də biznes qurmuşam. Biznesimlə bağlı Türkiyədə tez-tez oluram. Əgər istəyirlərsə, xırda ambisiyalara əsir olub qoy mənim Türkiyədəki biznesimi də bağlasınlar. Bundan qorxmuram, çünki sağlam və enerjiliyəm, ailəmi istənilən şəraitdə dolandıra bilərəm. Mənə əngəl yaratmaq nə üçün?” 

Abbas Abbasov daha sonra Bakıya buraxılmaması barədə yayılan məlumatlara toxunub: “Bu, mənim Bakıya qayıtmağımı arzu etməyən müəyyən adamlar tərəfindən ortaya atılmış axmaq fikirlərdir. Çünki bu adamlar qorxurlar ki, mən qayıdıb yenidən Ilham Əliyevlə bir sırada ola bilərəm… 

Mənə və ailəmə qarşı mübarizə aparan adamların qiymətini isə tarix özü verəcək. Bilirsiniz ki, kimlərdən bəhs edirəm. Onlar canavar cildinə girmiş çaqqallardır. Ancaq onlar heç vaxt canavar ola bilməzlər. Siz gərək mənim Ilham Əliyevlə bir sırada olmağımı istəməyən bu çaqqallardan yazasınız. Axı onların da ailələri var, uşaqları böyüyür. Bütün bunlardan sonra onlar necə yaşayırlar? Mən öz xalqımı, prezidentimi və vətənimi sevirəm”.

“Mən sənədlər paketi ilə Ramiz Mehdiyevin qəbuluna getdim”

Baş nazirin keçmiş birinci müavini “Milyarderlər Ittifaqı” kimi tanınan Rusiya Azərbaycan Təşkilatları Ittifaqının yaranması və qurumla bağlı qalmaqaldan da danışıb:

“Bizi ayırdılar və bu qalmaqalı qaldırdılar. Sənə söz verirəm ki, Moskvaya gələndə bu situasiyanın yaranmasına görə günahkar olan adamların adlarını bir-bir deyəcəyəm. Bu strukturu faktiki olaraq Ilham Əliyevə yaxın, qohum olan, ona böyük hörmətlə yanaşan nüfuzlu adamlar yaratdılar. Məqsəd diaspor fəaliyyətinin gücləndirilməsi və bizim Moskvadakı diaspor təşkilatlarımızın çoxunda hökm sürən amorf vəziyyətin aradan qaldırılması idi. Axı Rusiya azərbaycanlıları effektiv müdafiəyə və lobbiçiliyə ehtiyac duyurdular. Azərbaycanlıların cəlb olunduğu səs-küyü qətlləri və iğtişaşları yada salın.

Mən sənədlər paketi ilə Ramiz Ənvəroviç Mehdiyevin qəbuluna getdim… 

…Söhbət diaspor təşkilatlarının yenidən qurulmasından və Rusiya ilə Azərbaycan rəhbərliyi arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün güclü platformanın yaradılmasından gedirdi. Lakin başa düşəndə ki ideya Bakıda bəyənilmədi, sənədləri rəfə qoydum və söhbət bitdi.

Bəs bundan sonra nə baş verdi? Hər cür yollarla məni və ailəmi ölümlə hədələməyə başladılar. Mesajlar göndərməyə başladılar ki, məni, oğullarımı, qohumlarımı, bütün ailəmi öldürəcəklər. Mənimlə quldur dilində danışmağa başladılar. Bundan sonra mən Azərbaycana getdim və bu haqda Ilham Əliyevin ətrafında olan adamlara danışdım. Mən onlara birbaşa dedim: “Bu nə özbaşınalıqdır?” Prezidentlə görüşmək və təhdidlər barədə ona danışmaq istəyirdim. Lakin prezident məşğul idi…

Və sonra prezident məni qəbul etdi. Vahid Yusifoviç Ələkbərov çox sağ olsun. O, prezidentin də dostudur, mənim də dostumdur, məni prezidentin qəbuluna apardı və Ilham Əliyev özü mənim “AzerRos” Ağsaqqallar Şurası sədrliyinə namizədliyimi irəli sürdü. Mənim bundan sonrakı fəaliyyətimdə prezidentin kursuna və siyasətinə zidd olan nə vardı? Pis nə demişdim? Mən bütün Rusiya azərbaycanlılarının inteqrasiyasına və konsolidasiyasına çağırdım. Bizim iclaslarımızın bütün materiallarını və stenoqramlarını verə bilərəm…

Bundan sonra yeni gözdənsalma kampaniyası başladı. Və mən yenidən etiraz etdim, açıq soruşdum ki, sizin Rusiyadan başqa probleminiz yoxdurmu. Mənim həmin iki bəyanımı tapın və analiz edin. Birincisi RATI yaranandan sonra verilib və orada bütün rusiyalı azərbaycanlıları birləşməyə çağırmışam. Sualıma cavab verin görüm bu deyilənlərdə Azərbaycanın maraqlarına və Ilham Əliyevin kursuna zidd olan nə vardı? Ancaq buna baxmayaraq mənə qarşı çirkin kampaniya bərpa edildi, az sonra bu kampaniya Rusiyanın gözdən salınmasına yönəldi”.

Akif Muradverdiyevlə Abbas Abbasovun arasında hansı söhbət olub?

Abbas Abbasov Prezident Administrasiyası Işlər Idarəsinin sabiq müdiri, hazırda həbsdə olan Akif Muradverdiyevlə aralarında olan söhbəti də açıqlayıb: 

“Mən Vladimir vilayətinin qubernatoru Orlova Svetlana Yuryevna ilə görüşə gedirdim. Tək deyildim, Ramazan Abdulatipovla birlikdə idim. Biz onu təbrik etmək istəyirdik, həm də bizim orada birgə layihəmiz var idi. Və dostum Telman Ismayılova məxsus olan ”Praqa” restoranı ilə eyni binada yerləşən ofisimdən çıxanda birbaşa giriş qapısının ağzında Akif Muradverdiyevi gördüm. Onunla görüşdük, salamlaşdıq. Onu çox yaxşı tanıyıram. Akif Muradverdiyev Heydər Əliyevə, Ilham Əliyevə və Ailəyə sadiq olan təmiz adamlardan biridir. O mənə dedi: “Abbas Aydınoviç, səninlə söhbətim var”. Ona dedim ki, ezamiyyətə tələsirəm, ancaq səni dinləməyə hazıram.

Akif Muradverdiyev ağır güzəranından şikayətlənməyə başladı. Dedi ki, uşaqları işləmir, özü həbs olunub və prezidentin humanistliyi sayəsində vaxtından əvvəl azadlığa çıxıb. Məndən xahiş etdi ki, oğlunu Moskvada işə düzəldim. Sözlərindən belə başa düşdüm ki, məndən əvvəl Telman İsmayılovun evində olub və ona da eyni xahişlə müraciət edib. Ona dedim ki, oğlunu işə düzəltməyə çalışaram. Sonra o, mənə dedi ki, bir neçə ili həbsxanada necə keçirib və prezidentin sayəsində azadlığa çıxıb. Bununla bağlı ona dedim: “Sən görmürsən ki, mənə qarşı nə edirlər? Məndən İlham Əliyevə necə düşmən düzəldirlər? Sən bu adamlardan nə gözləyirsən?”

Sonra eşitdim ki, onu yenidən həbs ediblər. Axı niyə? O, ədalətli və təmiz adamdır. Ağır xəstədir. Allah eləsin onu tezliklə azadlığa buraxsınlar. Ancaq onlar heç bir xüsusi münasibətlərimiz olmayıb. Adamdır, xahiş edib. Nə etməli idim, dönüb getməli idim?

Yaxud Nicat Quliyevin (ötən il həbs olunmuş sabiq xarici iqtisadi əlaqələr naziri) həbsini götürək. Guya onun bağ evindən mənim üstündə “Abbasik” yazılmış şəklim çıxıb. Qulaq asın, mən bu Nicat Quliyevi 15 ildir görmürəm. Bunu onun ətrafında olan adamlardan, qohumlarından, nəhayət, özündən soruşa bilərsiniz”.