“Rus qoşunları Ukraynadan girib Moldovadan çıxmağa hazırlaşır”
NATO Rusiya qoşunlarının Ukrayna ilə sərhəd boyu yüksək konsentrasiyasını müşahidə edir.
Bu barədə NATO-nun ekspertlər səviyyəsində keçirilən Brüssel forumunda alyansın Avropadakı Birləşmiş qüvvələrinin komandanı, amerikalı general Filip Bridlav bildirib. “Rusiyanın cəmləşdirdiyi qüvvələr Ukraynadan girib Dnestryanı bölgəyə qədər irəliləməyə kifayətdir” deyə general qeyd edib.
Bridlav əlavə edib ki, Rusiyanın Ukraynanın şərq sərhədlərində cəmləşdirdiyi qüvvələr say çoxluğuna və olduqca yüksək döyüş hazırlığına görə fərqlənir. Onun sözlərinə görə, əgər Rusiya rəhbərliyi qərar versə həmin qüvvələr “heç bir maneəyə rast gəlmədən” Dnestryanı bölgəyə qədər “marş-brosok” həyata keçirə bilər. “Bu, NATO-da ciddi narahatlıq yaradır” deyə general bildirib.
Krımın ardınca əhalisinin əksəriyyəti ruslardan ibarət olan Dnestrytanı bölgənin də Rusiyaya birləşdirilməsi çağırışları səslənir. Liberal Demokrat Partiyası Dnestryanı bölgəni suveren dövlət kimi tanımağa, daha sonra Rusiyaya birləşdirməyə çağırıb. Moldova hakimiyyəti bu çağırışlardan narahatdır və ölkə ərazilərinin bir hissəsinin ilhaqına yönəlmiş planlarla bağlı rəsmi Moskvanı xəbərdar edir.


