AXCP sədri Əli Kərimli Facebook səhifəsində “Azadlıq” qəzetinin martın 20-də Londonda “Index on Censorship” beynəlxalq söz azadlığını müdafiə təşkilatının 2014-cü il üçün “İfadə azadlığı” mükafatına layiq görülməsi ilə bağlı fikirlərini bölüşüb. AXCP sədrinin yazdıqlarını təqdim edirik:
Bayram günlərində xoş xəbər gəldi. “Azadlıq” qəzeti Londonda “Index on Censorship” beynəlxalq söz azadlığını müdafiə təşkilatının 2014-cü il üçün “İfadə azadlığı” mükafatını alıb. Mükafatı qəzet adından baş redaktorun birinci müavini Rahim Hacıyev qəbul edib. “Azadlıq” qəzeti kollektivinin fədakarlığı beynəlxalq səviyyədə qiymətləndirildi.
“Azadlıq” çoxlu maneələri aşaraq bu mərhələyə gəlib çıxıb. Doğruları yazdığı, İlham Əliyev hakimiyyətini tənqid etdiyi üçün qəzetin ofisi əlindən alınıb, baş redaktoru və əməkdaşları həbs olunub, digər əməkdaşları oğurlanıb, döyülüb, 2 əməkdaşı bıçaqlanıb, təkcə ötən il 65 min manat cərimələnib. “Azadlıq” mövqeyinə görə ayrı-seçkiliyə məruz qalıb, KİV-ə Dövlət Dəstəyi Fondu təkcə bu qəzeti dövlət dəstəyindən məhrum edib. Hökumət “Qasid” dövlət yayım şirkəti vasitəsilə “Azadlıq”ın satışdan əldə etdiyi 60 min manatdan artıq halal pulunun da üzərinə faktiki həbs qoyub…
Qəzetin rastlaşdığı maneələri saymaqla qurtarmaz. Amma bütün bu çətinliklər “Azadlıq” qəzetini “islah” edə, doğru bildiyi yoldan daşındıra, hakimiyyətin yaratdığı iyrənc reallıqla barışdıra bilməyib.
“Azadlıq” qəzetinin bu mötəbər beynəlxalq mükafata layiq görülməsi, əslində, bütövlükdə millətimizin uğurudur. Dünya görür ki, 21 il davam edən avtoritar rejim hələ də hamını susdura bilməyib, hələ də hamını satın ala bilməyib. Deməli, bu xalqın azadlıq eşqi çox güclüdür.
Qəzetin baş redaktoru Qənimət Zahidi, baş redaktorun birinci müavini Rahim Hacıyevi və bütövlükdə bu qorxmaz, məğrur kolleltivi böyük uğurları münasibətilə təbrik edirəm. Amma yenə təbrikin də, təşəkkürün də əsas ünvanı xalqımızdır, “Azadlıq” oxucularıdır. Kollektiv nə qədər mərd və fədakar olur olsun, oxucuların, xalqımızın illərlə davam edən dəstəyi, azad və cəsur sözə sədaqəti olmasaydı, ölkəmizdə azad sözün bu son qalasını da 24 il ərzində qorumaq mümkün olmazdı.
Özümüzə inanaq. Biz millət olaraq çox şeylərə qadirik.


